BolgeXeber.Com » Siyasət » Zakir Qaralov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

Zakir Qaralov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

3-03-2015, 16:11
Oxunub: 3 463 Zakir Qaralov AŞPA-nın həmməruzəçiləri ilə görüşübMartın 3-də Baş prokuror Zakir Qaralov Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Respublika Prokurorluğu mətbuat xidmətindən Bolgexeber.com-a verilən xəbərdə bildirilir.
Xəbərdə həmçinin qeyd olunub ki, sözügedən görüşdə baş prokuror AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib. Bundan başqa, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirən Baş prokuror ötən ildə, o cümlədən ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Bakı şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyətindən bəhs edib. 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb. 


Prokurorluğun məlumatında qeyd olunur ki, Azərbaycan Respublikasına növbəti səfərindən məmnunluğunu ifadə edən Pedro Aqramunt əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir etmiş, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini deyib.      Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.