BolgeXeber.Com » Analitika » Göyçay Regional Poçtamtından keyfiyyətsiz xidmət

Göyçay Regional Poçtamtından keyfiyyətsiz xidmət

4-03-2015, 17:43
Oxunub: 3 584 Göyçay Regional Poçtamtından keyfiyyətsiz xidmətXələf Məmmədovun başı öz biznesinə qarışıb

Son illər rabitə texnologiyalarının inkişafı, xüsusilə internet rabitə vasitələrinin geniş yayılması ənənəvi poçt xidmətlərinin əhəmiyyətini bir qədər azaltmışdır. Bununla belə bu xidmət hələ də strateji sahə olaraq öz aktuallığını qoruyub saxlayır. Digər tərəfdən isə bu gün əhaliyə göstərilən poçt xidmətlərinin keyfiyyəti vətəndaşları heç də həmişə razı sala bilmir. Redaksiyamıza daxil olmuş növbəti məlumatda da Göyçay sakinləri bu sahədə üzləşdiyi problemlərlə bağlı etirazlarını ifadə edirlər. Həm də bu etirazlar Göyçay Regional Poçtamtının müdiri Xələf Məmmədovun təkcə qeyri-peşəkar fəaliyyətinə qarşı deyil, həm də onun bu fəaliyyəi zamanı peşə etikasının tələblərini kobud surətdə pozduğuna görə formalaşırlar. Məlum olduğu kimi hələ bir neçə il bundan əvvəl poçt müdirinin bəzi vətəndaşların məktublarını açıb oxuması rayonda böyük qalmaqala səbəb olmuşdu. O zaman Göyçay sakinləri illərdən bəri üst-üstə yığılmış problemlərin həllini rica etmək məqsədilə yuxarı instansiyalara şikayət məktubları göndərmişdilər. Ancaq tezliklə aşkar edildi ki, rayondan gedən məktub və telegramlar heç də ünvanlarına çatdırılmır və poçt şöbəsində açılıb oxunur. Lazım gələndə isə bu teleqramların mətnlərinə hətta “düzəlişlər” belə olunur. Barələrində şikayət yazılan dövlət məmurları isə gözlənilmədən vətəndaşı çağırıb, ya hədə gorxu gəlir, ya da gismən şikayətini həll edirlər. Bir qədər sonra isə Göyçaydakı mənbələr Xələf Məmmədov haqqında redaksiyamıza başqa maraqlı məlumatlar da təqdim etmişdilər. Məlumatlarda bildirilirdi ki, sən demə bu məmurun rabitə sahəsində heç bir təcrübəsi yoxdur. Poçta müdir təyin olunmamışdan əvvəl isə Xələf müəllim şirə emalı zavodunda laborant işləyib. Bu günlərdə aldığımız yeni məlumatlardan isə aydın oldu ki, Xələf Məmmədov indi də dövlət qulluğundan əldə etdiyi gəlirlərlə kifayətlənməyərək, yeni bir müəssisə açıb. Müəssisənin fəaliyyəti isə meyvə-tərəvəzin qablaşdırılması və daşınması üçün nəzərdə tutulan taxta yeşiklərin hazırlanmasından ibarətdir. Bəlkə də poçt müdirinin bu məşğuliyyətini diqqətdən kənar qoymaq olardı. Amma problem bundadır ki, Xələf Məmmədovun bu müəssisəsində xammal kimi istifadə olunan material, ətraf meşələrdə ağacların qeyri-qanuni kəsilməsi yolu ilə əldə olunur. Mənbələr iddia edirlər ki, bu müəssisənin xammala olan tələbatını ödəmək məqsədilə əslində digər müəssisələrlə tullantı məhsulların alınması haqda müqavilə bağlamaq daha məqsədəuyğun olar. Məsələ bundadır ki, rayonda fəaliyyə göstərən bir çox ağaç emalı müəssisələri və taxta sexlərinin fəaliyyəti nəticəsində, artıq onların istehsalı üçün yararsız olan ağac hissələri də əmələ gəlir. Bir çox hallarda həmin müəssisələr bu əlavə məhsulu tullantı qismində yandırırlar. Lakin bu tullantılar taxta yeşiklərin istehsalı üçün müəyyən emaldan sonra tamamilə yararlı ola bilərlər. Sadəcə olaraq bunun üçün müəyyən texnologiyaların emal və istehsal proseslərinə cəlb olunması tələb olunur. Bunun müqabilində isə həm daha ucuz xammal əldə edilər, həm də ətraf mühitə dəyən ziyan minimuma endirilər. Lakin aldığımız məlumatlarda Xələf Məmmədovun bütün bu məsələlərə tam fərqli nöqteyi nəzərdən yanaşdığı vurğulanır. Bildirilir ki, poçt müdiri yeni texnologiyaların tətbiqinə xərc çəkməkdənsə, qeyri-qanuni ağac kəsən şəxslərlə işbirliyinə üstünlük verir. Təbii ki, bu şəxslər heç bir qanuni ödəmə həyata keçirmədiklərindən onlarla nisbətən ucuz qiymətə razılaşmaq da olur. Digər tərəfdən də mənbələr bir çox hallarda Xələf Məmmədovun bilavasitə öz müəssisəsinin işçilərini qanunsuz ağac kəsimlərinə səfərbər ediyini də diqqət mərkəzinə çəkirlər. Belə olduğu halda isə müəssisənin xammalı demək olar ki, “havayı” başa gəlir. Əlbəttə ki, Xələf müəllim üçün. Çünki bu havayı xammal tədarükünün Göyçayın ekosisteminə vurduğu ziyanı əslində heç bir məbləğlə aradan qaldırmaq olmaz...

bizimdovr.az