BolgeXeber.Com » Bölgə » Sumqayıtın mərkəzində əxlaqsızlıq yuvası

Sumqayıtın mərkəzində əxlaqsızlıq yuvası

5-03-2015, 16:10
Oxunub: 3 440 Sumqayıtın mərkəzində əxlaqsızlıq yuvasıDoğrudanmı, hələ də Sumqayıtda bu tip obyekt fəaliyyət göstərir və bunu heç kim “görmür”?

Bu barədə çox yazmışıq, hətta müvafiq qurumlar tərəfindən məsələylə bağlı müəyyən addımlar da atılmışdı. Amma görünür ki, bu tədbirlərin bir nəticəsi olmayıb. Söhbət Sumqayıtda fəaliyyət göstərən əxlaqsızlıq yuvasına çevrilən məkanlardan gedir… Nə qədər maraqlı və inandırıcı olmasa da, bu, bir xoşagəlməz faktdır ki, Sumqayıt şəhərinin mərkəzində varlığına təəssüfləndiyimiz diskoteka-bar fəaliyyət göstərməkdədir. Belə ki, Sumqayıtda 5-ci mikrorayonda hündür mərtəbəli yaşayış binasının alt hissəsində ” Ulduz” marketin yanından keçərkən zirzəmi hissədə səs-küy diqqətimizi cəlb etdi. Marağımız bizim həmin məkana daxil olmağımıza səbəb oldu. Yarıqaranlıq məkandır… Sayrışan rəngli işıqlar… Laqqırtı vuran qadınlar… Siqaret tüstüsü, qəribə qoxular… Bir-birinə qarışan gülüş səsləri… Və bayağı musiqi… Buranın ümumi mənzərəsini qısaca belə təsvir etmək olar. İçəri keçib stollardan birinin arxasında əyləşirik. Gözümüzə 20-35 yaşlarında o tərəf bu tərəf var gəl edən qadınlar sataşır. Həmkarım təklif edir ki, qızlardan birini stola dəvət edək. Belə də edirik. Özümüzü müştəri kimi təqdim edib bir xanımı stolumuz ətrafına dəvət edirik. Yanımıza dəvət etdiyimiz qıza burada intim xidmətlərin olub-olmaması barədə suallar ünvanlayırıq. Cavabında isə qız bu xidmətin 20 manata başa gəldiyini deyir. Amma xidməti sözügdən məkanda deyil, başqa yerdə göstərdiyini deyir. Başqa yer nəzərdə tutduqda isə Bakı-Sumqayıt yolunda olan kafelərdən birini işarə vurduğunu anlayırıq. O, yer üçün isə 10 manat ödəməli olduğumuzu bildirir. Məlum olur ki, intim xidmət 30 manata başa gəlir. Burada gördüklərimiz və intim xidmət göstərən qızla söhbətimiz bizə kifayət edir və məkanı tərk edirik. Görünən odur ki, qeyd olunan barda qızlar intim xidmətlər təklif edərək müştəri toplayırlar.
Hər gün axşam saat 5-dən sonra bir çox məktəbli gənclərin və həyata yeni atılmış gənclərin məskəni olmaqla yanaşı, onların tərbiyəsinə, mənəvi-psixi durumuna hansı təsirlər göstərməsi də aydın məsələdir. Qeyd olunan barın, gecə klubunun Şəhidlər xiyabanının yaxınlığında yerləşməsi hər şeydən əvvəl təəssüf doğurur… Təəssüf ki, bu əxlaqsızlıq yuvasının aidiyyəti qurumların diqqətindən yayınması həm də bir çox kriminogen hadisələrin baş verməsinə təkan vermiş olur. Belə ki, son bir həftə ərzində qeyd olunan obyektdə gecə saatlarında xəsarətlə nəticələnən dava-dalaşlar olub. Bu da ərazidə yaşayan əhalinin haqlı narazılığına səbəb olur.
Sumqayıt şəhəri sakitcə gecə yuxusuna gedib. Əksər mənzillərin işıqları sönülü olsa da, pəncərələr arxasında həyatın olması bəllidir. Biz gördüklərimizi hüquq-mühafizə orqanları da görsə, yaxşı olar. Bir sözlə, deyəsən elə bir dövrdə yaşayırıq ki, haqqında bol-bol, özü də yerli-yersiz söz açdığımız milli mentalitet adlanan ənənəvi etik dəyərlər sistemi əslində bir küncə atılıb. Heç nəyə baxmayaraq gəlir qazanmaq ehtirası hər şeydən önəmlidir, vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Bir çoxları hətta böyük şərəf və fərəhlə əxlaqsızlıqlarını topluma nümayiş etdirir. Doğrudanmı, hələ də Sumqayıtda bu cür obyekt fəaliyyət göstərir və bunu heç kim “görmür”?
Xeberle.com