BolgeXeber.Com » Bölgə » Beyləqan Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlər hara xərclənir?

Beyləqan Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlər hara xərclənir?

5-03-2015, 17:20
Oxunub: 5 319 Beyləqan Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlər hara xərclənir?Əhməd Əhmədzadənin adamı büdcəyə külli miqdarda ziyan vurub

İdarə rəisi Ələmşah Məmmədquliyevin özbaşına əməlləri əkin sahələrinin susuzluqdan məhv olması ilə nəticələnib

Beyləqan rayonunun əksər kəndlərində əkin sahələrinin suvarılması ilə bağlı ciddi problemlər yaşanır. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyevin şəxsi maraqları əkin sahələrinin susuzluqdan məhv olmasına gətirib çıxarıb: "Hazırda bəzi kəndlərdə əkin sahələrinin suvarılması ilə bağlı böyük problemlər hökm sürür.

Kəndlilər məsələnin həll edilməsi üçün dəfələrlə idarə rəisinə müraciət etsələr də, o problemin həllində maraqlı görünmür. Əhali uzun müddətdir ki, su sarıdan əziyyət çəksə də, bu, Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisini narahat etmir. Əvvəllər kəndlilər suya olan ehtiyacını subartezian quyuların hesabına ödəyirdik. Lakin bir müddət sonra artezian quyularının çoxu xarab olduğundan bundan yararlana bilmirik. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan rayon camaatı su olmadığından gəlirlərindən məhrum olublar. Suvarma kanallarında lildəntəmizləmə işləri aparılmır. Hazırda bütün su xətləri və hidrotexniki qurğular nasaz vəziyyətdədir. Əkin sahələrinin su ilə təminatı bərbad durumdadır. İdarənin balansında olan 6 ekskavator, bir neçə buldozer, maşın və mexanizmlər, digər texniki vasitələr şəxsi təsərrüfatlarda istifadə olunur. İdarə rəisi kəndlilərin bu texnikalardan istifadəsinə imkan yaratmır. Mövcud su ehtiyatlarının idarə olunması və onlardan maksimum səmərə ilə istifadə edilməsi, torpaqların münbitliyinin artırılması tədbirləri lazımi səviyyədə həyata keçirilmir. Rayonda uzun illərdən bəri suvarma suyu problemi davam edir. Vətəndaşlar suvarma suyu olmadığından müxtəlif çətinliklə üzləşir. Buna görə də əkin sahələri vaxtında suvarılmır. Kəndli əziyyətinin qarşılığını görə bilmir. Subartezian quyularının qazılmasına ayrılan pullar təyinatdan kənar işlərə yönəldilir". Beyləqan rayon Suvarma Sistemləri İdarəsində korrupsiya hüquq pozmalarının mövcud olduğunu deyən mənbənin sözlərinə görə, Ələmşah Məmmədquliyev idarəyə ayrılan vəsaitləri öz bildiyi kimi istifadə edir: "Suvarma Sistemləri İdarəsinə hər il dövlət büdcəsindən ayrılan yüz minlərlə manat vəsait kiçik su kanallarının, drenlərin və nasos stansiyalarının cari təmiri adı altında silinərək mənimsənilir. Belə ki, son illər Beyləqan Suvarma Sistemləri İdarəsinə ayrılan 600 min manatdan çox vəsait məhz tikinti materiallarının, elektrik avadanlıqlarının, avtomobil ehtiyat hissələrinin və digər avadanlıqların alınmasına "sərf olunub". Sənədləşdirmələrdə alınan malların, ehtiyat hissələrinin və cari təmir işlərinin qiymətlərinin bir neçə dəfə şişirdilməsi nəticəsində külli miqdarda dövlət vəsaiti göyə sovrulub. Ələmşah müəllimin əsas maxinasiya ortaqları isə Beyləqan rayon Su və Meliorasiya İdarəsinin rəisi Nadir Əliyevlə Məzahir Qanboyovun rəhbərlik etdiyi Melioservis İdarələridir. Suvarma Sistemləri İdarəsinin rəhbəri hər il bu iki idarənin əli ilə yüz min manatlarla qazanc əldə edir. Belə ki, Beyləqan rayonunda drenlərin təmizlənməsi ilə məşğul olan Meliorasiya İdarəsi faktiki olaraq heç bir iş görmür. Sadəcə, gözə kül üfürməkdən ötrü idarənin bir neçə texnikası bəzi kəndlərin ərazisində yerləşən drenləri təmizləyir. Rayon Meliorasiya İdarəsinin gördüyü işləri təhvil alan Suvarma Sistemləri İdarəsinin rəhbərliyi qanunsuzluq edərək il boyu forma 1 yazaraq Nadir Əliyevin idarəsinə külli miqdarda vəsait köçürtdürür. Meliorasiya İdarəsinin müdiri Nadir Əliyev əslində, bu vəzifədə formal biridir. İdarənin bütün maliyyə əməliyyatlarını və işlərini yönləndirən məhz Ələmşah Məmmədquliyevdir. Məzahir Qanboyovun rəhbərlik etdiyi Melioservis İdarəsinə də hər il Suvarma Sisitemləri İdarəsindən külli miqdarda vəsait köçürülür. Melioservis İdarəsinə köçürülən vəsaitlər isə kiçik və böyük kanallarda cari təmir, torpaq bəndlərin vurulması və sair işlər adı altında silinərək adıçəkilən şəxslərin büdcəsinə daxil olur. Nadir Əliyevin idarə müdiri vəzifəsinə gətirilməsində Ələmşah Məmmədquliyev müstəsna rol oynayıb". Mənbənin sözlərinə görə, rayondakı drenlərin əksəriyyəti təmizlənmir: "Hətta Beyləqan rayonunun bir çox kənd torpaqlarının suvarılmasında istifadə edilən Xan qızı kanalının bir hissəsi qeyri-işlək vəziyyətdədir. Bu kanalın Bolsulu, Təzəkənd və Kəbirli kəndlərindən keçən hissəsi tamamilə istifadəsiz hala düşüb". Araşdırmalar nəticəsində öyrəndik ki, Beyləqan Suvarma Sistemləri İdarəsi 2012-2013-cü illər ərzində 548003 min manat köçürmə əməliyyatı aparıb: "2012-ci ildə maşın mexanizmləri üçün ehtiyat hissələrinin alınması məqsədilə Salyan rayonundakı "SU-3" MMC-yə 172189 manat, tikinti materiallarının satın alınması üçün isə 99832 manat vəsait köçürülüb. 2013-cü ildə isə "SU-3" MMC-yə maşın mexanizmlərinə ehtiyat hissələrin satın alınması üçün 166016 manat, tikinti materiallarının satın alınması üçünsə 109966 manat vəsait köçürülüb. Beyləqan Meliorasiya İdarəsi kimi Beyləqan Suvarma Sistemləri İdarəsi də 12 ayda iki dəfə maşın mexanizmləri üçün ehtiyat hissələri və tikinti materialları alıb. Ələmşah Məmmədquliyev Beyləqan rayonunda suvarma sistemləri üçün istifadə olunan suvarma nasos stansiyalarının yenidən təmiri üçün ayrılan vəsaitlərin xərclənməsində də külli-miqdarda yeyintiyə yol verib. Nasos stansiyalarının binalarını təmir etdirən Ələmşah müəllim köhnə su nasoslarını təmir etdirib, boyatdırıb təzə nasos adı ilə yenidən nasos stansiyalarına qoydurub". Növbəti saylarımızda "Eleqant -CO" MMC-nin vasitəsilə silinən vəsaitlər, idarə rəisinin biznes fəaliyyəti və icra başçısı Vaqif Abdullayevlə şərikli işləri haqda şok faktları açıqlayacağıq. Sonda "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadədən və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən idarədə mövcud olan neqativ hallarla bağlı təcili ölçü götürmələrini xahiş edirik. Fikrimizcə, Ələmşah Məmmədquliyevin ötən illərdəki fəaliyyəti araşdırılsa, onun həbsi məsələsi gündəmə gələ bilər.gundelik-baku

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.