BolgeXeber.Com » Müsahibə-Reportaj » Deputat Adil Əliyev: “Əlbəttə ki, biznesimiz var…”

Deputat Adil Əliyev: “Əlbəttə ki, biznesimiz var…”

7-03-2015, 21:54
Oxunub: 5 342 Deputat Adil Əliyev: “Əlbəttə ki, biznesimiz var…”Bu il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək

Virtualaz.org saytı seçkiyə qədərki müddətdə Milli Məclisin üzvləri ilə həmsöhbət olmağa, deputatların geridə qalan 4 ildən çox bir vaxtda gördüyü işlərin nədən ibarət olduğunu, növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyini öyrənməyə çalışacaq.

Saytımızın budəfəki qonağı 20 saylı Nərimanov II seçki dairəsindən ikinci dəfə millət vəkili seçilən Adil Əliyevdir.

Adil Əliyev Daxili İşər Nazirlyinin Polis Akademiyasını bitirib. Polis polkovnik-leytenantıdır. Səbayel Rayon Polis İdarəsi 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin bərə-keçid bölməsinin rəisi, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi, Yasamal Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi, deputat seçilənə qədər isə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi olub. Hazırda Kikboksinq Federasiyasının prezidenti, parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvüdür.Deputat Adil Əliyev: “Əlbəttə ki, biznesimiz var…”

- Adil müəllim, deputatlıq fəaliyyətinizi qısaca olaraq necə şərh edərdiniz? Öz işinizə necə qiymət verirsiniz?

– Millət vəkili olaraq fəaliyyətimi normal və qənaətbəxş hesab edirəm. Özümü nə öndə gedən, çox fəal, nə də fəaliyyətinə görə ən geridə qalan passiv deputatların sırasına qoymaq istəmirəm. Deputatın fəaliyyətini seçici qiymətləndirə bilər. Mən gördüyüm işdən razı ola bilərəm. Amma seçici məndən narazı ola bilər, gördüyüm iş onu qane etməyə bilər. Seçildiyim ərazidə vətəndaşlarla yaxından ünsiyyət qurmağa, onların problemləri ilə maraqlanmağa, onların məni yaxından tanımasına çalışmışam. Və hesab edirəm ki, buna nail olmuşam.2450

-Seçicilərinizlə görüşləriniz nə vaxt gəldi, yəni qrafiksiz, plansız olur, yoxsa görüş vaxtını yalnız siz müəyyən edirsiniz?

-Bu günə qədər məni Milli Məclisin qabağında axtaran seçici olmayıb. Seçildiyim dairənin ərazisində yaşayıram, seçki qərargahım buradadır. Seçki dairəmdən kənara çıxmıram, bütün görüşlərim də burada olur. İndi məşq etdiyim idman zalı da seçildiyim dairənin ərazisindədir. Yəni həmişə seçilərimin arasındayam. Dostlarımın 90 faizi seçildiyim ərazidə yaşayır. Hər gün görüşdüyüm, salamlaşdığım, məşq etdiyim insanların əksəriyyəti mənim seçicilərimdir. İşimi elə qurmuşam ki, seçki dairəmdən kənara çıxa bilmirəm.

-Sizdən narazı olan seçiciləriniz varmı?

-Seçicilərinin hər birinin bütün problemlərini həll etmək deputat üçün çox çətindir və demək olar ki, mümkünsüzdür. Məndən narazı olan seçicilərim iş məsələsində kömək edə bilmədiklərimdir. Seçicilərim məndən bu məsələdə inciyə, narazı ola bilər. Başqa məsələlərdə isə yox.

-Seçicilərinizin sosial problemlərlə bağlı şikayəti olmur heç? Məsələn, qaz, işıq, su…

– Təbii ki, olur. Yay gələndə su, qış gələndə qaz, istilik problemi yaranır. Bunların da həlli üçün çox çalışırıq.

-İcra hakimiyyəti ilə əlaqələriniz necədir? Vətəndaşların şikayətlərinin həlli zamanı problem yaşayırsınızmı?

-İcra hakimiyyəti ilə sıx və möhkəm əməkdaşlığımız, əlaqəmiz var. Seçicimin probleminin həlli icra hakimiyyətinin səlahiyyəti çərçivəsindədir deyə öncə dərhal onlarla əlaqə saxlayıram. Əməkdaşlıq edirik. Nəticədə problemlərin həllinə asanlıqla nail ola bilirik.

-Yəni seçiciləriniz üçün əlçatmaz deputat deyilsiniz…

-Bəli. Seçicilərimlə, onların problemləri ilə yaxından maraqlanıram. 2005-ci ildə parlament seçkilərində seçildiyim dairədə hərəsi bir məhəllədə olmaqla 31 seçki məntəqəsi olub. Bu məntəqələrin hər birində bir vəkilim olub. Bəziləri dəyişsə də bu vəkillərim indi də var. Ona görə də hər məhəllədən, hər xeyir-şər məclisindən xəbərim var.

86105_srcQış mövsümündən yeni layihəyə də başlamışıq. Hər həftənin sonunda könüllü seçicilərim, tələbələr və məktəblilərlə birgə məhəllələrə gedirik. Ərazilərin təmizliyi ilə məşğul oluruq, imkansız və kimsəsiz insanlara kömək edirik.

-Seçicilərinizlə görüşləriniz zamanı onların sizi təəccübləndirən istəkləri olurmu? Səlahiyyətinizdən kənar xahişlər edirlərmi?

-Bəzən çox qəribə istəklərlə, tələblərlə yanıma gələn seçicilər olur. Məsələn, seçici gəlir ki, oğlum çıxıb gedib Moskvaya və mən də onu tapıb gətirməliyəm. Valideyn gəlir ki, övladım evə gəlmir, məni saymır… Bu cür istəklər olanda çıxılmaz vəziyyətdə qalırsan. Ailə məsələləri ilə bağlı müraciətlər çox olur. Çalışırıq ki, hüquqi yardım göstərək.Deputat Adil Əliyev: “Əlbəttə ki, biznesimiz var…”

-Seçicilərinizin xeyir-şər məclislərində iştirak edirsiniz?

-Bəli. Bir məhəllədə yaşayırıq. Çalışıram ki, çağırıldığım toylarda iştirak edim. Gün olub ki, bir gündə bir neçə seçicimin toyuna getmişəm.

-Millət vəkili olaraq fəaliyyətinizin əsas hissəsi deyəsən, parlamentdən kənarda olur…

-Mən ərazim və idman sahəsi üzrə fəaliyyət göstərirəm. Parlamentdə üzvü olduğum komitənin iclaslarında çıxış edirəm, müzakirələr aparırıq. Eyni məsələləri yenidən plenar iclaslarda qaldırmağın mənası yoxdur. Çalışıram öz işimlə məşğul olum. Plenar iclaslarda yalandan kameralar qarşısında tez-tez çıxış etmək mənlik deyil.

-Bəs plenar iclaslardakı çıxışlarınızda hansı məsələri gündəmə gətirisiniz?

-Hərbçilərin, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin sosial məsələlərini gündəmə gətirmişəm. Təhsillə bağlı məsələlərin müzakirəsində daha çox iştirak edirəm. Vətəndaşların gündəlik qarşılaşdığı problemləri diqqət mərkəzində saxlamağa çalışmışam. Məsələn, “hansısa bir hegemon dövlətin rəhbəri axmaqdır” kimi fikirlər səsləndirmək, kənardan kiməsə daşa atmaq, əfsanələr danışmaq mənlik deyil. Yəni həll yolunu tapa biləcəyin məsələdən danışmaq lazımdır. Yoxsa mən durum 10 dəqiqə hansısa bir ölkənin iqtisadi vəziyyətindən danışım. Bu, çox mənasız olar.

-Milli Məclisdəki fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə görə tənqid olunan, hansısa problemlə bağlı tənqidi fikir səsləndirməkdən çəkinən deputatlar var. Bunun da nəticəsi odur ki, fəaliyyətsiz deputatlar mətbuatda tənqid edilir, “lal deputatlar” deyə siyahılar hazırlanır. Bu tənqidlərlə razısınızmı?

86106_src-Deputatın fəaliyyəti Milli Məclisdə çıxış etməkdən ibarət deyil. Deputatlardan birinin adı “lal deputatlar” siyahısında ola bilər. Amma həmin deputatın öz ərazisi üzrə, təmsil olunduğu beynəlxalq təşkilatlarda gördüyü böyük işlər var. Bunları da nəzərə alaraq belə fikirlər səsləndirmək, siyahılar hazırlamaq lazımdır. Az iş görən deputat var, ancaq heç bir iş görmədən Milli Məclisdə oturan deputat tanımıram.

-Öz seçicilərinizdən başqa müraciət edən vətəndaşlar olurmu?

-Çox olur. Həll edə bilirəmsə, edirəm. Bəzən baxırsan başqa-başqa rayonlardan gəlirlər ki, mən sizin filan dostunuzun tanışıyam, qohumuyam, mənə filan işdə kömək edin.

Rövnəq Abdullayevlə yaxın münasibətimiz var. Bunu bilənlər, Rövnəq Abdullayevi telekanalda görənlər gəlir ki, məni Dövlət Neft Şirkətində işə düzəldin. Əvvəl elə olurdu ki, gün ərzində 10-15 nəfər bu cür müraciətlə gəlirdi. Rövnəq Abdullayevdən bir dəfə, iki dəfə, üç dəfə xahiş edə bilərsən. Sonra isə mümkün deyil axı. İşi olan da gəlir ki, mənə daha yaxşı məvacibli iş verin. İş istəyənlər arasında ümumiyyətlə işləmək fikri olmayan, təhsili olmayanlar da olur. Bəzilərinə iş verirsən, deyir ki, ora mənlik deyil, o maaş mənim siqaret puluma, yeyib-içməyimə çatmır, nə bilim nə… Deyirsən ki, pulun çatmır, siqaret çəkmə. Çoxu asan iş axtarırlar.

-Yəqin ki, qohumlarınız da sizdən iş istəyir?

-Əlbəttə. O qədər belə istəklər olur ki… Amma olmayandan sonra nə edə bilərəm? Elə qohumlar var ki, iki dəfə parlament seçkilərində iştirak etdiyim halda seçkilərdə bircə dəfə də olsun kölgəsini görməmişəm. Amma bu gün gəlir ki, oğlum böyüyüb, işə düzəltmək lazımdır, qızım köçür, cehiz almaq lazımdır. Elə fikirləşirlər ki, millət vəkilidirsə, hər işi həll etməlidir.

-İşə düzəldə bilmədiyiniz, kömək edə bilmədiyiniz qohumlarınız sizdən inciyirmi?

-Belələri də var. Həm də çoxdur. Amma tək Allah şahiddir ki, imkan daxilində əlimdən gələni edirəm. Olmayandan sonra heç nə edə bilmərəm. Bu günümə şükürlər olsun ki, seçicilərimə, ətrafımda olanlara bacardığım qədər kömək edə bilirəm.86108_src

-Artıq iki dəfə parlament seçkilərində iştirak etmisiniz və kifayət qədər təcrübəniz var. Seçkilərdə təbliğat apararkən çətinlik çəkirdinizmi?

-Birinci dəfə – 2005-ci ildə əziyyət çəkdik. O seçkilərdə elə təbliğat apardıq ki, ikinci seçkilərə də kifayət etdi.

-Növbəti seçkilərdə iştirak edəcəksinizmi?

-Bir saat sonra başımıza nə gələcəyini bilmirik. İndi yalnız düşünə, arzulaya bilərik. İndidən seçkilərdə iştirak edəcəyimi desəm, doğru olmaz.

-O zaman arzulayırsınız…

-Mənim başqa planlarım var. O planlarım baş tutmasa, əlavə işlər çıxmasa, namizədliyimi verəcəm. Amma seçkidə iştirak edib-etməyəcəyimi bilmirəm. Heç iştirak edəcəyim təqdirdə seçilib-seçilməyəcəyim haqda da nəsə deyə bilmərəm.

-Bəlkə o planlardan danışasınız?

-Yox. Hələ ki, qətiyyən olmaz (gülür). Çox planım var. Beynəlxalq yarışlarda iştirak üçün çoxlu dəvətlər alıram. Amma iştirak etməyə o qədər də imkan olmur. Bundan sonra nə edəcəyimi, işlərimin necə olacağını zaman göstərəcək. Qismətdə nə varsa, o da olacaq.

-Deyəsən, siyasətdən yorulmusunuz. Getmək istəyirsiniz…

-Heç siyasətlə məşğul olmağa vaxtım olmur (gülür). Mən heç bir partiyanın üzvü deyiləm. Dövlətimizin bir siyasəti var və uğuru da göz qabağındadır. Mən də bu siyasəti dəstəkləyirəm və bir vətəndaş kimi, deputat kimi dövlətimizin yanındayam.

-Vətəndaşların problemləri, şikayətləri ilə bağlı nazirlərlə görüşmək məcburiyyətində qalırsınızmı?

-Gənclər və idman naziri Azad Rəhimovdan başqa heç bir nazirlə şəxsən görüşmürəm. Cənab nazirlə də sıx əməkdaşlığımız, layihələrimiz var. Həm də gözəl münasibətimiz var. Səlahiyyətim daxilində olan məsələləri özüm həll edirəm. Həll edə bilməyəndə vətəndaşların problemləri ilə bağlı nazirliklərə sorğu göndərirəm. Məsələlərin həllinə bu cür nail oluram.

-Milli Məclisin iclaslarında iştirak edirsiniz, məşqlərdə olursunuz, turnirlər keçirirsiniz, seçicilərlə görüşləriniz olur. Necə çatdırırsınız, vaxtınızı necə bölürsünüz?

-Hər gün səhər və axşam məşq edirəm. Milli Məclisin bütün iclaslarında da oluram. Seçicilərimlə də lazım olanda görüşürəm. Mənim işim budur. Hələ boş vaxtım da olur. Yalnız beynəlxalq yarışlarda iştirak edəndə bir az çətinlik yaranır.

-Yəqin ki, vaxt tapıb hələ Naxçıvana da gedirsiniz…

-Tez-tez olmasa da gedirəm. Gedəndə də həftə sonları.

-Bəzən mətbuatda Naxçıvanla bağlı çox tənqidi yazılar olur. Bu cür xəbərlərə necə yanaşırsınız?

-Şəxsən mən orada qoyulan həmin qadağaları yüksək qiymətləndirirəm. Vasif müəllimin gördüyü işləri alqışlayıram. Belə qadağalar lazımdır. Çünki biz qılınc müsəlmanıyıq. İnsanlara nə qədər başa salasan ki, siqaret qutularını maşından yerə atmayın, qoşa xətti tapdalamayın, qırmızı işıqda keçməyin, qanunlara əməl edin. Belələrinə qadağa mütləq lazımdır. Naxçıvandakı qadağalar Bakıda olsa, Azərbaycan daha böyük uğurlara imza ata bilər.

-Bəzən mətbuatda sizi millət vəkili kimi yox, daha çox general-leytenant Məhərrəm Əliyevin qardaşı kimi təqdim edirlər. Bu cür təqdimata etirazınız olurmu?

– Mən fəxr edirəm ki, Məhərrəm Əliyevin qardaşıyam. Amma bəzən qərəzli insanlar bu cür təqdim edir. Bundan da narahat deyiləm. Kifayət qədər səbrimiz var. Səbr edirik. Məhərrəm Əliyev böyük nüfuz sahibidir.

-Məhərrəm Əliyevin qardaşı olmaq sizə hansısa üstünlükləri, imtiyazları verirmi?

-Məhərrəm Əliyev hər zaman insanlarla ünsiyyət qurmağa çalışıb. İnsanlarla insan kimi rəftar edib. Məhərrəm Əliyevin nüfuzu, hörməti böyükdür. Bu gün bizim ailəmiz, nəslimiz onun qazandığı dividendləri xərcləyir. Mən fəxr edirəm ki, hər hansı bir vəzifədə olub özünə hörmət qazana bilməyən bir məmurun yox, Məhərrəm Əliyevin qardaşıyam. Mən və ailəmiz bununla qürur duyuruq, fəxr edirik.Deputat Adil Əliyev: “Əlbəttə ki, biznesimiz var…”

-Uzun müddət hüquq-mühafizə orqanlarında çalışmısınız. Bu təcrübə deputatlıq fəaliyyətinizdə sizə kömək edirmi?

-Vaxtilə indi seçildiyim rayonda 16-cı polis bölməsinin rəisi olmuşam. Bu ərazidə oğrunu da, narkomanı da, cibgiri də, müəllimi də, professoru da tanıyıram. Kimin kim olduğunu bilirəm. Seçicilərim də məni yaxşı tanıyır. Seçkilərdə mənə rəqib olanlar bunu nəzərə almadılar deyə məğlub oldular. Ərazimi, seçicilərimi yaxşı tanıyıram.

-Necə oldu ki, hələ uzun illər çalışa biləcəyiniz, daha böyük vəzifə əldə edə biləcəyiniz bir sistemdən uzaqlaşdınız? Niyə məhz deputat olmağı seçdiniz?

-Səbəbini bilmirəm. Düşündüm ki, seçilə bilərəmsə, namizədliyimi verim. Sonra da verdim.

-Deputat olmaq sizə daha asan gəlirdi, yoxsa…?

-Polis işi çox məsuliyyətli və ağır işdir. Hər vaxt işdə olmalısan. Hətta kabinetində oturan rəislər üçün də bu iş çox çətindir. Amma gördüyün işə məsuliyyətlə, həvəslə yanaşırsansa, o qədər də çətinlik olmur. Heç deputat olmaq da asan iş deyil.

-Bəs federasiyadakı işlərinizə necə, çox vaxt ayırırsınızmı?

-Federasiyada da işlərimiz çox olur. Beynəlxalq yarışlarda iştirak edirik. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş artıq 6 turnir keçirmişik. Martın 13-də Sankt-Peterburqda Heydər Əliyevin xatirəsinə həsr olunan növbəti turnirdə Rusiya və Azərbaycan komandaları görüşəcək. Rəqibimiz güclüdür. Ancaq komandamız yaxşı hazırlaşıb. Biz bu görüşü dövlət səviyyəsində təşkil edəcəyik. Artıq dəvətnamələr də paylanıb.

-Millət vəkili olmasanız, gələcəkdə məşğul olacağınız işlə bağlı planlarınız nədir?

-Hələ ki, bu haqda düşünmürəm. Vaxtımız hələ ki, çoxdur. İndi övladlarım haqda düşünürəm. Onların təhsilini, gələcəyini fikirləşirəm. Millət vəkili olacağım, bizneslə məşğul olub-olmayacağım haqda yaxın vaxtlarda qərar verəcəm.

-İndi biznesiniz yoxdur?

-Əlbəttə ki, var. Niyə yoxdur ki?! Biznesimiz çoxdur, böyükdür. Bu qədər idman zallarımız, trenajor salonlarımız var. Əlbəttə ki, bunlardan gəlir əldə edirik. Həm idmançılar yetişdiririk, həm də əldə olunan gəlir federasiyamızın hesabına köçür. Bu məbləğ də yenə də idmançılarımız üçün xərclənir. Sağlam, vətənpərvər gənclik yetişdiririk. Ən böyük biznesimiz elə budur.
Bolgexeber.com
Deputat Adil Əliyev: “Əlbəttə ki, biznesimiz var…”