BolgeXeber.Com » Sosial » Bayram gəldi, vağzallarda bilet yenə qəhətə çıxdı...

Bayram gəldi, vağzallarda bilet yenə qəhətə çıxdı...

16-03-2015, 10:04
Oxunub: 3 872 Bayram gəldi, vağzallarda bilet yenə qəhətə çıxdı...Dəmiryol vağzalında kupe-vaqonlara bilet qurtarıb, satışda bilet yoxdur; avtovağzalda isə həmişəki rüsvayçılıqdır...


Bayramqabağı vağzallarda ənənəvi olaraq sıxlıq müşahidə olunur. Hər bayram ərəfəsində yaranan ajiotaj bu Novruz günlərində də fərqlənməyib. Bakı vağzallarında basabas, izdiham yaranıb.

Bölgələrə gedən sərnişinlər martın 9-dan etibarən kassaların qarşısına axışır. Əsasən də Bakı dəmiryol vağzalında bilet qırğını gedir. Artıq ölkədaxili istiqamətdə qatarların kupesinə satışda bilet qalmayıb. Bunu ötən gün dəmiryol vağzalında olarkən kassalardan bildirdilər.

Xəzinədarlar bayrama bir gün qalmış vağzala baş çəkməyi məsləhət görürlər və qismət olarsa, yeni kupe-vaqonlar qoşula bilər, o halda bilet tapmaq mümkün olar. Kassirlər bu məsləhəti ötəri deyirlər. Reallıq odur ki, bayrama bir həftə qalmış artıq kupe-vaqonlara bilet satılıb.

Sərnişinlərin martın 8-i və 9-u günlərində vağzala axışaraq kassalardan kupeyə bilet aldığını deyən xəzinədarlar bildirirlər ki, yalnız plaskartla getmək olar. Amma plaskart-vaqonlara da biletlər qurtarmaq üzrədir.

Kassalardan bildirildi ki, cənub zonası və qərb bölgəsi istiqamətinə tələbat çoxdur. Kassirlərin sözlərinə görə, bayrama bir gün qalmış qatarlara əlavə kupe-vaqonların qoşulacağı deyilib. Həmin gün tezdən vağzala gələn, ola bilsin ki, bilet tapar.

Vağzalın gücləndirilmiş iş rejiminə keçməsinə və əlavə vaqonlar qoşulacağına baxmayaraq, axın-axın insan izdihamı var. Sərnişinlər qatarla getməyin maddi cəhətdən sərfəli olduğunu qeyd edirlər. Məsələn, Bakı-Lənkəran qatarına plaskart 4 manat 50 qəpikdir. Halbuki, avtobusla adi günlərdə 5 manat, bayramda isə 6-7 manat olur. Avtomobillər isə adi vaxtda Lənkərana 15 manat, bayramda isə 20-25 manat olur. Bu baxımdan qatarlara tələbat daha çox var. Sərnişinlər isə narazılıq edirlər ki, hər bayramda eyni problemlə üzləşirlər.
Onların sözlərinə görə, hər kəs martın 19-na getməyi planlaşdırıb. Odur ki, sıxlıq məhz bu tarixə yaranıb. Hər kəs işdən çıxıb yola düşmək istəyir.

Ancaq bu tarixə bilet qalmayıb deyə sərnişinlər çarəsiz vəziyyətə düşüb. Onlar ayın 19-da günorta saatlarında yola çıxa bilmir, çünki hər kəs işdə olur. Ancaq indi dəmiryol vağzalının kassası qarşısında uzun insan növbəsi yoxdur. Buna səbəb isə biletlərin artıq satılıb qurtarması idi. Biletlərin 10 gün qabaqdan satılıb qurtardığını deyən kassir xanım bilet qiymətlərində heç bir artım olmadığını da bildirdi.

Onu da deyək ki, Bakı dəmir yolu vağzalı yenidən qurulur. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının “Mavritaniya” üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.
*****
Buranı tərk edib avtovağzala üz tuturuq. Bakı Beynəlxalq Avtovağzal Kompleksində də sərnişin sıxlığı müşahidə olunur. Bayramı rayonda qeyd etmək üçün buraya üz tutan sərnişinlər həm avtobusların az olmasından, həm də süni qiymət artımından şikayətlənirlər.
Bakı Beynəlxalq Avtovağzalından rayonlara işləyən taksi sürücülərinin də gediş haqqını qaldırdığının şahidi olduq.

Adi günlərdə Bakıdan şimal, qərb və cənub bölgəsinə sərnişin daşıyan taksilərdə qiymətlər 10-15 manat civarında dəyişirdisə, indi 20-25 manatdan aşağı deyil. Bilet tapa bilməyən sərnişinlər vəziyyətdən narazı idilər. Onlar deyirdilər ki, hər bayramda bu problemi yaşamaqdan təngə gəliblər.

Şikayət etməyin isə heç bir mənası yoxdur. Onlar çıxış yolu kimi xəttə əlavə avtobuslar buraxılmasını görürlər.

Sərnişinlər qeyd edirlər ki, qonşu ölkələrdə bayramlarda belə həngamə qopmur. Qonşu İran, Türkiyədə yüksək səviyyədə məsələ tənzimlənir. Azərbaycanda isə bu sahədə hərc-mərclik, anarxiya mövcuddur. Avtobus sürücüləri sərnişinlərdən nağd pul yığır, kassalar isə formal işləyir.

Xəzinədarlar sərnişinə bilet satmırlar. Məsləhət görürlər ki, avtobus sürücüsünə yaxınlaşıb gediş haqqını ödəyib yola düşsün.

Avtovağzal rəsmiləri hər il bu faktları təkzib etsə də, rüsvayçı mənzərə göz qabağındadır. Şikayətçilər deyirlər ki, ən böyük problem avtovağzaldan rayonlara gedən avtobusların adamları biletlə aparmaqdan imtina etməsidir. Belə ki, avtobus sürücüsü onun kassadan aldığı və üzərində “M-Trans” şirkətinin möhürü olan bileti qəbul etmir. Sürücülər deyir ki, “Siz nə etmisiniz, hamı sizin kimi bilet alsa, biz batarıq”.

Ümumilikdə, sərnişinlərin sayı adi günlərə nisbətən iki-üç dəfə artıb. Sərnişin bolluğundan istifadə edən vağzal rəhbərliyi də qiyməti süni şəkildə qaldırır. Çünki bayram ərəfəsində rayona gedənlər - burada işləyənlər və tələbələr çoxalır. Əlacsız qalan bu insanlar hansı qiymətə olsa, onu alıb getməyə məcbur qalır. musavat.com
Bayram gəldi, vağzallarda bilet yenə qəhətə çıxdı...
Bayram gəldi, vağzallarda bilet yenə qəhətə çıxdı...