BolgeXeber.Com » Sosial » Ağsuda sosial yardım ala bilməyənlərin fəryadı... FOTO

Ağsuda sosial yardım ala bilməyənlərin fəryadı... FOTO

28-03-2015, 13:17
Oxunub: 3 805 Ağsuda sosial yardım ala bilməyənlərin fəryadı... FOTO“Əksər insanların əlilliyi rüşvətlə təsdiqlənir"

Musavat.com-a onlarla Ağsu sakini sosial yardım və müavinət ala bilməməsindən şikayət edib. Onlar şikayətlərində aidiyyatı qurumların problemlərinin həllində maraqlı olmadığı vurğulayıblar, həmçinin dövlət başçısından kömək istəyiblər.

32 yaşlı Ramal Əliağa oğlu Rəsulov Ağsu rayonunun Qaraqaşlı kənd sakinidir. Anası Vahidə Rəsulovanın sözlərinə görə, fiziki qüsurlu oğlunun iş qabiliyyəti yoxdur. R.Rəsulovun anadangəlmə əlilliyi var. Ancaq indiyə qədər əlil kimi qeydiyyata alınmayıb və müavinət ala bilmir.

V.Rəsulovanın sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də, oğluna əlilliyi qeydə alınmayıb: “Tibbi komissiya oğlumu əlil kimi tanımır. Halbuki müalicə həkimləri bildirirlər ki, o, 3 yaşında pensiyaya çıxmalı idi. Sənədlərə qol çəkilmir, hər dəfə bir bəhanə gətirirlər. İndi də deyirlər gedib Bakıda bir neçə ay xəstəxanada yatmalıdır ki, əlillik dərəcəsi verək. Mən sabah ölsəm, kim baxacaq ona? Yardım alsa, çörəyi olar heç olmasa. Pul verənlərə əlillik dərəcəsi verirlər, oğluma isə yox...”

Onun sözlərinə görə, Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) rəhbəri isə YAP-ın rayon təşkilatının sədri Əli Hüseynovdur:Problemimizi dövlət başçısı İlham Əliyevə də yazmışıq, iki dəfə sayta məktub yazmışıq, cavab gözləyirik”.

Rayonun Meliorator qəsəbəsində yaşayan Sveta Hacalıyeva isə öhdəsində olan üç azyaşlı nəvəsi üçün sosial yardım ala bilmədiyini vurğulayır. Onun sözlərinə görə, oğlu və qızı gənc yaşında dünyasını dəyişdikdən sonra yaşlı valideynlərin öhdəsində oğlunun həyat yoldaşı və üç azyaşlı uşağı qalıb: “Üç uşağın öhdəliyi var üstümüzdə. Rayon Sosial Müdafiə Mərkəzi sosial yardım verməkdən imtina edir. bir cür bəhanə gətirirlər. nazir Səlim Müslümov rayona gələndə iki dəfə onunla görüşüb dərdimi demişəm, məktubumu vermişəm. Nazir də zəng edib tapşırıb ki, sosial müdafiə çərkəzinə və icra hakimiyyətinə mənim məsələm həll olunsun. Hətta deyib ki, sosial yardım mümkün olmazsa, rayonda yaradılan hansısa fonddan ailəyə yardım ayrılsın. Problemimi icra başçısına da demişəm, nəticəsiz olub. Heç nazirin sözünü rayon şöbəsində saymadılar. Sosial Müdafiə Mərkəzindən deyirlər ki, nazirdir də, bir sözdür, deyib, bizim sizə veriləcək yardımımız yoxdur. Rayon Sosial Müdafiə Mərkəzinin direktoru Əliyunus Mütəllimov heç kəsi saymır, mərkəzdə özbaşınalıqdır. Onu bir müddət əvvəl işdən çıxartmışdılar, ancaq qısa müddət sonra yenidən işinə bərpa etdilər. mənim kimi haqqını ala bilməyən yüzlərlə ailə var Ağsuda...”

Akif Hacalıyev də bildirir ki, dünyasını dəyişən oğlu Rasimin həyat yoldaşı Tünzalə Hacalıyeva və üç uşağı onların himayəsindədir: “Artıq onlara baxa bilməz bir hala gəldim. Şəkər xəstəsiyəm, gözlərimdə problem var. Ancaq sürücülük edirəm ki, axşam evə onlar üçün bir parça çörək apara bilim. Elə olur ki, 25 manatlıq yolu cəmi 10 manata sürürəm ki, evə əliboş getməyim. Həyat yoldaşım da, özüm də xəstəyəm. Ancaq müalicə bir yana, heç uşaqların ehtiyaclarını qarşılaya bilmirik. Sosial yardımı da qəsdən vermirlər. hərdən elə həddə çatıram ki, istəyirəm nəvələrimi aparıb uşaq evinə qoyum. Amma qorxuram, Allah bağışlamaz bunu”.

Qəsəbə sakini Əzizə Cəfərova da qeyd edir ki, on nəfərlik ailənin iş tapması, həmçinin, sosial yardım alması müşkülə çevrilib: “İki dəfə prezidentə, iki dəfə də nazir Səlim Müslümova müraciət etmişəm. Ailədə cəmi iki nəfər pensiya alırıq. İki banka kreditimiz var, borc içində batırıq. Rayonda iş tapmaq mümkün deyil. Bir oğlumun gözündə problem var, iki dəfə əməliyyat olunub. Bankdan pul götürüb əməliyyat etdirmişik, indi müalicəyə imkanımız yoxdur. Bizə nə sosial yardım, nə də həmin uşağa əlillik müavinəti verilmir. Bütün müraciətlərimiz cavabsızdır”.
BOLGEXEBER.COM