BolgeXeber.Com » Analitika » AZAL biletlərin ucuzlaşmasına imkan vermir?

AZAL biletlərin ucuzlaşmasına imkan vermir?

28-03-2015, 15:29
Oxunub: 3 310 AZAL biletlərin ucuzlaşmasına imkan vermir?Qiymət monopoliyası nəticəsində digər aviaşirkətlərin ölkədən çıxarıldığı bildirilir

AZAL ölkədə fəaliyyət göstərən digər hava yolları şirkətlərinə qiymətləri diqtə edir. Bilet qiymətləri olduqca baha olan şirkət, digər şirkətlərə də qiymətləri ucuzlaşdırmağa imkan vermir.

İddialara görə, ucuz uçuşlar həyata keçirən şirkətlər AZAL-ın qəzəbinə gələrək, ölkəni tərk etməli olur. Ölkəni tərk etməyənlər isə AZAL-la rəsmi olmayan qiymət müqaviləsi bağlamalıdır. Həmçinin, bildirilir ki, Azərbaycandan uçuşlar reallaşdıran başqa hava yolları firmaları üçün əlavə “ödənişlər” də tələb olunur. Bu da onların da qiymətləri yüksək saxlamasına səbəb olur.

O da bildirilir ki, bəzi sərnişinlər hətta bu səbəbdən yay aylarında səfərlərə Bakıdan deyil, qonşu Gürcüstandan, Tiflisdən getməyə məcbur olurlar. Turizm agentlikləri də bildirirlər ki, “turpaket”lərdə təqdim edilən məbləğin təqribən 70 faizini bilet qiymətləri təşkil edir. Artıq bir neçə ildir ki, Tiflisdən baş tutan səfərlərlə bağlı seçimlər də artıb. Səbəb AZAL-da bilet qiymətlərinin bahalığıdır.

Həmçinin, bildirilir ki, AZAL-dakı süni qiymət artımı digər şirkətlərə rəqabət aparmaq üçün də imkan yaratmır. Ancaq qiymətlərdə yenə də fərq var. Belə ki, Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar, AZAL-la uçanlarla müqayisədə təqribən iki dəfə az pul ödəyirlər. Ekspertlər isə bildirirlər ki, biletlərin qiymətinin baha olması AZAL-ın bazardakı monopolist mövqeyindən qaynaqlanır.

Artıq belə bir tendensiya yaranıb ki, Avropaya uçmaq istəyən Azərbaycan vətəndaşları daha çox Gürcüstan üzərindən uçuşlara üstünlük verirlər. Bu da özlüyündə həm AZAL-ın özünə, həm də Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurur. Qiymət fərqinin getdikcə böyüməsi Azərbaycan vətəndaşlarının Gürcüstanın aviaşirkətlərindən daha çox istifadə etmələrinə gətirib, çıxaracaq.

Bəzi məlumatlara görə, hava yolları vasitəsilə sərnişin daşınması ilə məşğul “Turan Air” şirkəti artıq fəaliyyətini dayandırıb. Hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl sektoru bir şirkət - “Silk Way Business Aviation” MMC təmsil edir. Bu şirkətin bazarda payı cüzidir - sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşür. Daşınmaların 99,6 faizini AZAL həyata keçirir və beynəlxalq hava yollarına görə tarifləri də özü müəyyənləşdirir. Bu tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması yoxdur. Şirkət monopolist mövqeyindən istifadə edərək, tarifləri orta statistik azərbaycanlılar üçün əlçatmaz edib.

Ekspertlər isə bildirirlər ki, səbəb AZAL-ın bazarda heç bir rəqibinin olmamasıdır. Bu səbəbdən dünyaboyu müşahidə edilən endirim kampaniyaları da AZAL-da müşahidə edilmir. Həmçinin, neftin qiymətinin ucuzlaşması da bu məsələdə təsirsizdir. AZAL bazarda qiymətləri istədiyi səviyyədə saxlaya bilir.

Həmçinin, o da bildirilir ki, Gəncədən İstanbula uçuş həyata keçirən “OnurAirz” şirkəti Bakıya buraxılmır. Macarıstanın “Wizz Air” hava yollarının Bakı-Budapeşt marşrutu da bağlanıb.

Əvvəlcə aviareysin rentabelli olduğu bildirilsə də, sonradan qiymətlərin ucuzluğu səbəbindən şirkət ölkədən çıxarılıb. “Wizz Air” həftədə iki dəfə 180 yerlik təyyarə ilə uçuşları həyata keçirirdi. Macarıstana səfər edənlərin sayının artmasının əsas səbəbi kimi, bu reysin qiymətlərinin digər reyslərlə müqayisədə çox aşağı olması göstərilir. Və çox ucuz səfərlər təşkil edən “Wizz Air”ə artıq iki ildir ki, Azərbaycanda fəaliyyət imkanı verilmir.

Həmçinin “Peqasus” Airlines şirkəti Gəncədən Türkiyəyə ucuz qiymətə səfərlər təşkil edirdi. Artıq buna da imkan verilmir. Türk Hava Yolları ilə isə AZAL qiymət sazişi bağlayıb ki, qiymətlər aşağı düşməsin.

Ekspertlər də ölkədə təyyarə biletlərinin baha olmasının əsas səbəbinin inhisarçılıq olduğunu vurğulayırlar. Yəni bazarda digər müstəqil oyunçular yoxdur. Nə yerli, nə də xarici şirkətlər bazara buraxılmır. Müəyyən qədər yer tutan “Türk Hava yolları” şirkəti isə Azərbaycanın diktə etdiyi qaydalara görə fəaliyyətini qurur. Yəni tam müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Məsələn, Bakıdan digər ölkələrə uçuşlar təşkil edə bilmir.

AZAL-la rəqabət aparacaq nə yerli şirkət var, nə də xarici şirkətlərə bunun üçün imkan verirlər. Ona görə də, bu rəqabətsiz mühitdə AZAL istədiyi qiymətləri diktə etməkdə sərbəstdir.

Bu, həmçinin Bakıdan uçuşlar reallaşdırmağa icazələri olan şirkətlərin də qiymətlərinə birbaşa təsir göstərir. Ekspertlər həmçinin bildirirlər ki, aviauçuşların qiymətinin Tarif Şurası tərəfindən tənzimləməsi daha düzgün olardı. musavat.com