BolgeXeber.Com » Xəbərlər » Qorxmaz Hüseynov Etibar Pirverdiyevin aqibətini yaşaya bilər

Qorxmaz Hüseynov Etibar Pirverdiyevin aqibətini yaşaya bilər

25-04-2015, 19:21
Oxunub: 5 911 Qorxmaz Hüseynov Etibar Pirverdiyevin aqibətini yaşaya bilər"Büdcədə yeyinti və korrupsiya riskləri olduğu aydın görünür"
Ölkəmizdə su problemi ilə bağlı geniş statistik məlumatlar açıqlanmasa da, yüzlərlə inzibatı yaşayış ərazisinin mütləq çoxluğunda bu problem hiss olunur. Paytaxtda isə içməli su problemi daha aktualdır. Əhalini fasiləsiz və keyfiyyətli şəkildə içməli su ilə təmin etməyə borclu olan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəsmiləri hələ də fikirləşir. Amma nəyi fikirləşdikləri bilinmir.

Qurumun nümayəndələri istehlakçıların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində kompleks tədbirlərin görüldüyünü açıqlasa da, ortada konkret nəticə yoxdur. Reallıq ondan ibarətdir ki, bu gün Bakının əksər rayon və qəsəbələrində əhali içməyə su tapmır. Təbii ki, bunun səbəbini cəmiyyətin rəhbərliyində yer alan şəxslərdə axtarmaq lazımdır. Çünki "Azərsu"nun idarəçiliyi sədr Qorxmaz Hüseynov və müavinlərinin əlindədir. Qəzetimizin son saylarında ASC-də cərəyan edən xoşagəlməz hadisələr və dövlət layihələrinin icrası zamanı yol verilən yeyinti halları barədə silsilə yazılar dərc etmişik. Bu gün sizə ASC sədrinin işində yol verdiyi digər nöqsanlar, eləcə də şirkətin dövlətə yaranan vergi borcu və bir sıra maraqlı məqamlarla bağlı məlumat vermək istəyirik.

Qorxmaz Hüseynov səlahiyyətlərinin əhəmiyyətli hissəsini itirmək üzrədir

Qeyd edək ki, bir neçə gün əvvəl Vergilər Nazirliyi dövlətə borcu olan iri şirkətlərin siyahısını açıqladı. Həmin siyahıda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin adı ön sıralarda yer alırdı. Bəzi məlumatlara görə, siyahıda adı olan dövlət şirkətlərinin rəhbərliyi işini itirə bilər. Bu sırada xüsusilə "Azərsu"nun adı çəkilir. Bildirilir ki, vergi borcunun yaranması Qorxmaz Hüseynovun işini bilməməsi ilə əlaqəlidir. Xatırladaq ki, bir müddət əvvəl "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevin işinin öhdəsindən gələ bilmədiyi barədə məlumatlar yayılmışdı. Məhz bu məlumatlardan sonra onun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alındı. İndi məlum olur ki, Etibar Pirverdiyev nəinki işçilərə əmək haqqı verə bilməyib, onun vergiyə də borcu yaranıb. "Azərsu"da da təxminən eyni vəziyyət hökm sürür. ASC-nin adı Vergilər Nazirliyinin vergi borcunu ödəməyən qurumlarla bağlı bundan əvvəlki açıqlamasında da yer almışdı. Vergilər Nazirliyi həmçinin quruma tabe olan "Birləşmiş sukanal" MMC və "Sutikinti" müəssisəsinin də dövlətə vergi borcunun olduğunu açıqlayıb. Maraqlıdır ki, adıçəkilən şirkət gəlirlə işlədiyi halda dövlətə borcu yaranır. Yəni gəlirlə işləyən şirkətin borcunun yaranması başa düşülən hal deyil. Ekspertlərin fikrincə, bu problemin əmələ gəlməsinin köklü və obyektiv səbəbləri var: "Fikir versəniz görərsiniz ki, bu problem əsasən iri vergi ödəyicilərilə bağlı yaşanır. Əsasən də dövlətin balansında olan qurumlarla. "Azərsu"nun niyə borcunun olmasına yalnız əhalidən yığılan pul kontekstindən yanaşmaq lazım deyil. Biz bu istiqamətdə araşdırmalar aparmışıq. Məlum olur ki, bu məsələdə büdcədən ayrılan pulların düzgün xərclənməməsi əsas rol oynayır. Odur ki, diqqəti bu istiqamətə yönəltmək lazımdır".

"Azərsu"da "sayğac əməliyyatı" və silinən milyonlar...

Nəzərinizə çatdıraq ki, smart-kart tipli sayğaclar quraşdırılandan sonra "Azərsu" ilə bağlı şikayətlərin sayı daha da artıb. Məlumat üçün deyək ki, smarttipli su sayğaclarının tətbiqinə 2012-ci ildən start verilib. Rəsmi məlumatlara görə, elə həmin ildə Bakı və Abşeron yarımadasında 19 min 700 smart-kart tipli sayğac quraşdırılıb. 2012-ci ildən 2014-cü ilədək ölkə üzrə isə 330 min smart-kart tipli su sayğacı quraşdırılıb. Smart-kart tipli sayğacların quraşdırılması əhali və qeyri-əhali qrup abunəçiləri üçün paralel aparılıb. Quraşdırılan sayğacların 299 mini əhali, 31 mini isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Amma quraşdırılan sayğaclar aradan qısa müddət keçdikdən sonra dəyişdirilib. Əhaliyə isə müxtəlif bəhanələr gətirilib. İddialara əsasən, "Azərsu"nun əməkdaşları "sayğac əməliyyatı" vasitəsilə büdcədən vəsait silirlər. Narazı vətəndaşların bildirdiyinə görə, "Azərsu"nun əməkdaşları onlara əvvəlki smart-kart tipli su sayğaclarında qüsurun olduğunu söyləyib: "Deyirlər ki, sayğaclar səhv hesablayır. Ona görə də yenisilə əvəzlənəcək". Maraqlıdır ki, bu sayğaclar quraşdırılanda hansısa qüsur aşkar olunmayıb. Amma indi "Azərsu" qüsurdan danışır. Əgər doğrudan da qüsur varsa, o zaman sual olunur, bəs nə üçün bu sayğaclar ölkəyə gətiriləndə yoxlanmayıb? Axı onların alınmasına, quraşdırılmasına milyonlar sərf olunub. İndi bu pulların hesabını kim verməlidir, Qorxmaz müəllim? Əfsus ki, ASC sədri hələ də susmağı üstün tutur.

"Meliorasiya və Su Təsərrüfatı" ASC uğrunda amansız mübarizə

Qorxmaz Hüseynovun adı bir müddət əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədovla mübarizədə çəkilib. Bu barədə məlumatı "Reytinq" qəzeti yayıb. Bildirilir ki, hər iki məmur "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərlik etdikləri quruma birləşdirilməsinə çalışır. Məlumatlara görə, "Meliorasiya və Su Təsərrüfatı"nın başqa bir quruma birləşdiriləcəyinə qərar verilib. "Keçən il noyabrın 1-də Əhməd Əhmədzadənin sədri olduğu "Meliorasiya və Su Təsərrüfatı"nın daha bir səlahiyyətini alması da sözügedən ASC-nin başqa bir quruma birləşdiriləcəyinə inamı artırıb. Ölkə başçısının imzaladığı fərmanla "Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Qanuna dəyişiklik edilib. Bu dəyişikliyə görə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə meşə sahələrindən çay kənarlarındakı yaşıllıqlar ərazisinə nüfuz etmək səlahiyyəti alınaraq adıçəkilən nazirliyə həvalə olunub", - deyə bildirilir. Yayılan məlumatlara əsasən, ölkə başçısının sözügedən fərmanından sonra Qorxmaz Hüseynovla Heydər Əsədov arasında ciddi qarşıdurma yaranıb. Deyilənə görə, hər iki məmur bu sahədə hegemonluğu ələ almağa çalışır.

"Azərsu" büdcədən ən çox pay götürən qurumlardan biridir, amma...

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, 2013-cü ilin büdcəsindən investisiya xərclərinə 6,7 milyard manat ayrılıb. Vəsaitdən ən çox pay götürənlərdən biri də "Azərsu" ASC-dir ki, bu məbləğ 734 milyon 433 min manatdır. Kifayət qədər böyük məbləğdir. "Regionların və Bakı şəhərinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası üçün "Azərsu"ya 116 milyon 960 min manat verilib. "Keçid layihələri üzrə" adlı xərcə isə 216 milyon 750 min manat ayrılıb ki, burada hansı layihələrdən söhbət getməsinin detalları göstərilməyib. Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ilin dövlət büdcəsindən 3 054 066 manat, su təchizatı qurğularının istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı xərclərə isə 776 951 manat vəsait ayrılıb. Son illərin, daha dəqiq desək, 2012-2013-cü illərin büdcəsindən isə ASC-yə 20 000 000 manat ayrılıb. Bundan başqa, "2008-2015-ci il Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" kənd yerlərində içməli su təminatının yaxşılaşdırılmasını, kəndlərdə etibarlı su təchizatı sistemlərinin yaradılmasını nəzərdə tutur. Ancaq hələ də paytaxt, ümumilikdə ölkə əhalisinin içməli su problemi var. Bu isə vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr yaradır. Büdcə pullarının kimlərin razılığı və hansı formada təyinatı üzrə xərclənməməsi isə başqa yazının mövzusudur.

"Hidro-Lotus" MMC kimə və nəyə xidmət edir?

Heç kimə sirr deyil ki, bu gün dövlət əhəmiyyətli layihələrə ayrılan vəsaitlərin podratçılar tərəfindən mənimsənilməsi geniş yayılmış tendensiyaya çevrilməkdədir. Xüsusilə ölkənin su, kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələrdə yayınmalar təhvil-təslim işlərinin illərdir ləngiməsinə gətirib çıxarıb. "Azərsu" ASC-nin nə köhnə, nə yeni rəhbərliyi layihələrin nəzərdə tutduğu məqsədi əhaliyə çatdıra bilməyib. Belə ki, ölkənin bir çox ərazilərinə hələ də su fasilələrlə verilir, nasaz vəziyyətdə olan kanalizasiya xətlərindən çirkab sular küçələrə axır. Sual yaranır: bəs bu illər ərzində "Azərsu" və onun əsas podratçısı "Hidro-Lotus" MMC nə işlə məşğul olub? "Axar.az" saytının yazdığına görə, "Hidro-Lotus" Məhdud Məsuliyyətli Cəmiyyətin özünün hansı kriteriyalarla layihə podratçısı seçilməsi sual olaraq qalır: "Çünki MMC 26.07.2011-ci il tarixdə Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınıb. Yəni Nazirlər Kabinetinin Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında təmiz, çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması ilə bağlı 2011-ci il 15 iyul tarixli 194s nömrəli sərəncamından sonra. Növbəti mərhələdə isə şirkət "Azərsu"nun keçirdiyi tenderin qalibi elan edilib. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) 50 min manatdan yuxarı dövlət sifarişlərinin bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə biləcəyi göstərilib. Bundan əlavə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılıq tələb edilib. Amma "Hidro-Lotus" adlı şirkətin varlığı cəmiyyətə tenderdən sonra bəlli olub". Sayt yazır ki, "Hidro-Lotus" MMC-nin 70 faizi "Hidro-İnşaat Servis"ə, 30 faizi isə Türkiyənin "Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirkəti"nə (qısaca adı - "Lotus") məxsusdur: "Əslində bu, normaldır. Çünki təcrübə göstərir ki, tenderin qalibi olmaq üçün sifarişçi əvvəlcə özünə podratçı şirkət yaradır. Şübhələri üzərindən atmaq məqsədilə layihənin icrası dövründə hansısa xarici anonim şirkətlə ortaq olur. Bu ortaqlıqsa bəzən layihə bitmədən pozulur. Deyilənə görə, "Hidro-Lotus" MMC-də ilk vaxtlar şirkətin rəhbərliyində əsasən türklər, xüsusilə "nurçular" təmsil olunurmuş. Həmin ərəfədə layihələrin icrasında, məvaciblərin verilməsində heç bir problem yox imiş. Vəziyyət sifarişçinin köçürmələri azaltmasından və öz qohumunu rəhbərliyə gətirməsindən sonra dəyişib. Yəni əvvəllər layihələrin icrası uçun nəzərdə tutulan vəsait 2012-ci ildən etibarən, yəni "Azərsu" sədri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovu şirkətin rəhbərliyinə təyin etdikdən sonra yarıbayarı azaldılıb. Buna adekvat olaraq maaşlar aşağı salınıb, layihələrin smetasında rəqəmlər dəyişikliyə uğrayıb. Öz ölkələrində İQ-ləri bir işə yaramayan, lakin Azərbaycanda mütəxəssis kimi 3-4 min manat maaş alan türklərin əksəriyyəti geri qayıtmağa başlayıb.

Diqqəti çəkən məqamsa layihədə nəzərdə tutulan işlərin aparılmamasıdır. Ölkənin su, kanalizasiya sistemi əvvəl nə vəziyyətdə idisə, hazırda da eyni haldadır. "Azərsu" su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində çox iş gördüyünü, əhali isə içməyə su tapmadığını deyir.

"Büdcədə yeyinti və korrupsiya riskləri olduğu aydın görünür"

Mütəxəssislərin fikrincə isə "Azərsu"ya ayrılan vəsaitlərin hamısını birlikdə görmək çətindir: "Çünki burada bir sistem, hesabatlılıq yoxdur. Cəmiyyətə 2 mənbədən vəsait ayrılır. Həm kreditlər, həm dövlət büdcəsi. "Azərsu" rayonlarda su və kanalizasiya sistemi qura bilər. Məsələnin kökü vəsaitin xərclənmə mexanizminin sistemli olmamasıdır. Ehtiyaclılıq qiymətləndirilmir. Deyə bilmirik bu qədər pul xərclənir, amma iş görülür, ya yox. Əslində isə hökumət qiymətləndirmə aparmalı, bir rayona nə qədər vəsait lazım olduğunu hesablamalıdır. Hətta regionların su təminatı ilə bağlı ayrıca dövlət proqramı olmalıdır. Bundan sonra öncə ehtiyaclar qiymətləndirilməli, sonra maliyyə tutumu hesablanmalıdır. Bu cümlədən büdcədə yeyinti və korrupsiya riskləri olduğu aydın görünür. "Azərsu" tərəfindən tikintilərin və avadanlıqların ehtimal olunan dəyəri mövcud qaydalara uyğun müəyyən edilmədən, təşkilatların maddi-texniki bazası və ixtisas uyğunluğu tam araşdırılmadan onlarla birbaşa müqavilə bağlanıb. Tender qanunvericiliyinin tələblərinə əməl olunmur, ixtisas tələblərinə uyğun olmayan şirkətlər, eyni zamanda, qiymətlərin şişirdilməsi halı varsa, deməli korrupsiya da var. Özü də söhbət, hər il dövlət büdcəsindən 600-700 milyon pul ayrılan şirkətin əməllərindən gedir. Sonra da deyirlər "böyük korrupsiya halları yoxdur". Bu fakt korrupsiya risklərindən xəbər verir".
"gundelik-baku.com"