BolgeXeber.Com » Analitika » Məmur oğlunun törətdiyi cinayət ört-basdır edilir

Məmur oğlunun törətdiyi cinayət ört-basdır edilir

23-05-2015, 11:54
Oxunub: 2 878 Məmur oğlunun törətdiyi cinayət ört-basdır edilirASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin fəaliyyətində

Prezident İlham Əliyevin meliorasiya və su təsərrüfatına göstərdiyi diqqət göz qabağındadır. Son illər ərzində "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tabeliyində olan idarələrdə geniş təmir-bərpa işləri həyata keçirilib. Bu işlərin görülməsi üçün hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Lakin bəzi hallarda məmurlar üzərlərinə düşən işləri lazımi səviyyədə həyata keçirə bilmirlər və bunun nəticəsində bölgələrdə kənd təsərrüfatı sahəsində müxtəlif problemlər üzə çıxır.

ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin fəaliyyətində də müəyyən nöqsanlar mövcuddur. İdarənin rəisi İlyas Səfərovun səbəb olduğu qanun pozuntuları və büdcə vəsaitlərinin təyinatı üzrə sərf edilməməsi haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən məlumatlı şəxsin sözlərinə görə, Yuxarı Qarabağ Kanalı suburaxma qabiliyyətinə və xidmət etdiyi əkin sahələrinə görə ən böyük magistral kanaldır: "Sözügedən idarə 1959-cu ildən fəaliyyət göstərir. Müəssisənin əsas vəzifəsi "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalı daim saz vəziyyətdə saxlamaqdan ibarətdir. Kanal Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etməlidir. Bunun 86400 hektar öz axımı ilə, 23600 hektar isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır. Yuxarı Qarabağ Kanalı öz mənbəyini Mingəçevir su anbarından götürərək respublikanın Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə , Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin etməyə borcludur. Amma idarə rəhbərinin həyata keçirdiyi qanundan kənar işlər buna imkan yaratmır. Elə buna görədir ki, adıçəkilən rayonlarda kənd təsərrüfatı sahəsində vəziyyət olduqca acınacaqlıdır. Qarşıya qoyulan tapşırıqlar vaxtında və tələb olunan səviyyədə yerinə yetirilmədiyindən problemlər də qaçılmaz olur. İdarəyə məxsus səviyyəqaldırıcı, paylayıcı, selötürücü qurğu və digər texniki avadanlıqlardan normaya uyğun şəkildə istifadə edilmir. Rəis başqa vasitələrə əl ataraq şəxsi maliyyə imkanlarını artırmaqla məşğuldur. Ötən illər ərzində "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin xəttilə bu idarəyə ayrılan büdcə vəsaitlərinin əksəriyyəti məqsədli şəkildə xərclənməyib. Məsələn, bir neçə il əvvəl Yuxarı Qarabağ Kanalının İncə çayı ilə kəsişməsində suburaxma qabiliyyəti saniyədə 30 kubmetr olan sutullayıcı qurğunun tikintisinə ilkin olaraq 650, daha sonra müvafiq olaraq 250 və 400 min manat vəsait ayrılıb. Məndə olan məlumatlara görə, tikinti işləri keyfiyyətli şəkildə aparılmayıb, nəticədə qeyd olunan məbləğin bir hissəsi mənimsənilib. Əlaqədar dövlət qurumları bu məsələ ilə bağlı araşdırma aparsalar, hər şey məlum olar. Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin maşın və mexanizmlərinin təmiri adı altında da külli miqdarda vəsait silinir". Kanalın su ilə təmin etməli olduğu rayonlarda hər il müxtəlif problemlərin yaşandığını deyən mənbə bildirdi ki, kəndlilər torpaq sahələrini istənilən səviyyədə suvara bilmir: "Kanal və ona xidmət edən qurğuların yetərli qismi istifadəyə yararsız haldadır. Bir neçə il əvvəl Qarabağ kanalının Tərtər çayı ilə kəsişməsində qəza baş vermişdi. Bunu bəhanə edən idarə rəisi sutullayıcı qurğu və onun çıxış hissəsinin təmiri üçün dövlətdən külli miqdarda vəsait aldı. Buna baxmayaraq, həmin hissədə təmir işləri keyfiyyətsiz aparılıb, deyilənə görə, bu ərazidə yenə də sızma var. O, 2013-cü ildə 830 min manatlıq təmir-bərpa, 94 min manatlıq əsaslı təmir, 180 min manatlıq isə cari təmir işlərinin aparıldığını açıqlayıb. Bu, kağız üzərində olan rəqəmlərdir. Real mənzərə ilə sənəd üzərində əks olunan rəqəmlər bir-biri ilə uzlaşmır. Bu isə o deməkdir ki, əksər layihələrin icrası zamanı maliyyə pozuntusuna yol verilib". Məlumatlı mənbənin sözlərinə görə, uzun müddətdir idarə rəisi vəzifəsində işləyən İlyas Səfərov özünə geniş biznes şəbəkəsi yaratmağı bacarıb. Deyilənə görə, onun Yevlax və qonşu rayonlarda bir neçə ticarət obyekti, Bakıda mənzilləri və bahalı avtomobilləri var. Bu arada, sözügedən məmurla bağlı maraqlı məlumat yayılıb. İddialara əsasən, İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib: "Rəis bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb". Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: "Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı "Jeep" gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun "Hyundai Tucson" markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn "Lada 2107" ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm". İdarə rəisi məsələ ilə bağlı başqa cür açıqlama versəydi, təəccüblənərdik. Hər halda, bütün faktlar aydınlığı ilə ortadadır. O özü də övladının cinayət törətməsini təsdiqləyir. Amma çox maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov hələ də azadlıqdadır. Gələn saylarımızda "Monolit", "Nicat SK", və "İlqar" MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması, Mingəçevir, Ağcakənddəki villalar və İlyas Səfərovun qardaşı Knyaz Səfərovun özbaşına əməlləri barədə geniş araşdırma yazısı dərc edəcəyik.gundelik-baku.com