BolgeXeber.Com » Sosial » Yaxşı işləyən deputatların adları açıqlandı

Yaxşı işləyən deputatların adları açıqlandı

2-06-2015, 10:05
Oxunub: 4 390 Yaxşı işləyən deputatların adları açıqlandıMayın 29-da Milli Məclisin yaz sessiyası işini başa vurdu. Sessiya ümumilikdə bir sıra məqamlarla yadda qaldı. Millət vəkilləri bu müddət ərzində müxtəlif mövzular ətrafında fikir bildirdi, təkliflər irəli sürdü, hətta öz aralarında mübahisələr də etdilər.

Amma sessiya zamanı elə deputatlar da vardı ki, varlıqlarını hiss edən olmadı.

Sessiya dövründə hansı deputatlar yaxşı işlədilər, hansılar pis?

AzVision.az-ın bu sualına tanınmışlar cavab verib.

Politoloq Qabil Hüseynli hesab edir ki, bu sessiyada Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Zahid Oruc, Qənirə Paşayeva, İqbal Ağazadə daha aktiv olublar.

Onun sözlərinə görə, ictimai maraq kəsb edən məsələləri daha çox işıqlandıran, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən məsələləri Milli Məclisdə Fazil Mustafa qaldırıb.

Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu Milli Məclisdə elə deputatlar var ki, onları tanımadığını deyib.

B.Vəziroğlu hesab edir ki, deputat aktiv fəaliyyət göstərməlidir ki, insanlar onları tanısınlar.

“Amma bu sessiyada Fazil Mustafa, Qüdrət Həsənquliyev, Elmira Axundova, Jalə Əliyeva, Sabir Rüstəmxanlı, Novruz Aslan, Siyavuş Novruzov, Fəttah Heydərov, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Musa Quliyev, Elman Məmmədov daha fəal olub”

ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, Milli Məclisin bu sessiyasında aktivliyi ilə seçilən millət vəkili olmayıb.

Partiya sədrinin sözlərinə görə, ABŞ-ın Dövlət Departamentinin bəyanatında deyildiyi kimi, əgər Parlament bir kargüzarlıq idarəsidirsə, orada aktivliyin elə bir əhəmiyyəti yoxdur.

Buna baxmayaraq S.Cəlaloğlu yaxın dostu İqbal Ağazadənin adını çəkərək onun yaxşı deputat olduğunu bildirib.

Sabiq millət vəkili Anar Axundzadə ad çəkməsə də hər millət vəkilinin öz strategiyasının olduğunu söyləyib. Onun dediyinə görə, elə millət vəkilləri var ki, onlar daha çox ictimai həyatda baş verən proseslərə reaksiya verməklə, onları işıqlandırmaqla məşğuldurlar.

Amma elə deputatlar da var ki, onlar birbaşa seçiçilərinin problemlərini işıqlandırır, onlarla işləyirlər.

“Odur ki, bu sessiyada kimin aktiv , kimin passiv olmasını demək çətindir”.

Mətbuat üzərində apardığımız müşahidələr zamanı məlum olur ki, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyev Milli Məclisin ən fəal xanım millət vəkilləri sırasındadır. Bu siyahıda daha sonra Bahar Muradova, Qənirə Paşayevanı göstərmək olar.

Kişi deputatlar arasında parlamentdə və parlamentdən kənar fəallığına görə, Ziyafət Əsgərov, Azay Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Zahid Oruc, Siyavuş Novruzov, Elxan Süleymanovun adını çəkmək olar.
BOLGEXEBER.COM