BolgeXeber.Com » Müsahibə-Reportaj » Gülüstan Əliyeva: “Bunu ört-basdır etmək üçün məni şantaj elədilər...” - MÜSAHİBƏ/FOTOLAR

Gülüstan Əliyeva: “Bunu ört-basdır etmək üçün məni şantaj elədilər...” - MÜSAHİBƏ/FOTOLAR

22-07-2015, 16:51
Oxunub: 20 405 Gülüstan Əliyeva: “Bunu ört-basdır etmək üçün məni şantaj elədilər...” - MÜSAHİBƏ/FOTOLAR"Bir dəfə sensasiyalı və xoşagəlməz bir başlıqla xəbər vermişdilər, amma o başlığın o xəbərə heç aidiyyəti belə yox idi"Bu gün Milli Mətbuatın 140 illiyi, jurnalistlərin peşə bayramıdır.

Müsahibim isə əməkdar artist, səhnəmizin cazibədar Leylisi Gülüstan Əliyevadır. Bayram günündə onunla yaradıcılıqdan deyil, jurnalistlərdən danışacağıq. Görəsən, media ilə arası sazdırmı?

Bolgexeber.com Gülüstan xanımın publika.az-a müsahibəsini təqdim edirik:

- Gülüstan xanım, jurnalistlərlə aranız necədir?
- Yaxşı jurnalistlərlə aram həmişə saz olub.

- İndiyə qədər xətrinizə dəyən olmayıb ki?
- Zaman-zaman olub ki, getdiyim bəzi məkanlarda jurnalistlərlə qarşılaşmaq istəməmişəm. Çünki ya geyimim uyğun olmayıb, ya makiyajım. Ya da sadəcə olaraq, sərbəst olmaq istəmişəm. Amma nə qədər ehtiyatlansam da, paparassiyə tuş gəlmişəm. Həmin görüntüləri çəkib efirə də veriblər. Əsəbiləşsəm də, bunu normal saymışam. Fikirləşmişəm ki, bu da onların işidir. Həm də bizi elə tamaşaçılara tanıdan, sevdirən, yaradıcılığımızı və həyatımızı işıqlandıran da elə jurnalistlərdir.

- İndiyə qədər haqqınızda yazılan hansı xəbər sizi özünüzdən çıxarıb?
- Təəssüf ki, peşəkarlarla yanaşı, öz peşəsinə məsuliyyətsiz yanaşan və çalışdığı saytın reklamı naminə özünü hörmətdən salan jurnalistlər də var. Bir dəfə sensasiyalı və xoşagəlməz bir başlıqla xəbər vermişdilər, amma o başlığın o xəbərə heç aidiyyəti belə yox idi.

- Maraqdan öldüm e, hansı xəbərdən söhbət gedir?
- Bir hadisə baş vermişdi, orda məndən başqa müğənnilər də vardı. Amma nədənsə, onların adları yox, mənim adım hallanmışdı. Mən bilirdim ki, o hadisənin mənə heç aidiyyəti da yox idi. Şantaj xarakterli bir xəbər idi, bəlkə də, orda iştirak edən müğənniləri ört-basdır etmək üçün mənim adımdan istifadə etmişdilər.

- Hansı hadisə idi?
- Bayram günüdür, xatırlayıb, qanımızı qaraltmaq istəmirəm.

- Bəs həmin yazıya, həmin jurnalistə reaksiyanız necə oldu?
- İki dəfə belə xoşagəlməz hallar yaşanıb və ikisində də sayt rəhbərliyinə zəng edib sözümü demişəm. Çox ciddi şəkildə mübahisələrimiz olub və bundan sonra təkzib veriblər.

- Məhkəməyə qədər gedib çıxan mübahisələriniz, qalmaqallar yaşanıb?
- Yox, mən sülh adamıyam. Düşünmüşəm ki, özünə hörmət edən bir sənətkar belə səviyyəyə düşməyi özünə yaraşdırmaz. Həm də belə hadisələr yaradıcı insanlara mənfi təsir edir, onlarda ruh düşkünlüyu yaradır, buna görə də bu məsələni dərinləşdirməmişəm.

- Bəs indiyə qədər ovqatınızı yüksəldən ən gözəl yazı nə vaxt yazılıb?
- Mən peşəkar səhnəyə atıldığım dönəmlərdə, eləcə də, uzun fasilədən sonra səhnəyə ikinci dəfə qayıdanda barəmdə gözəl yazılar yazılırdı. O zaman saytlar fəaliyyət göstərmirdi, hər əldə bir notbuk yox idi. Yaxşı qəzetlər çap olunurdu və bu qəzetlərin çoxlu sayda oxucuları vardı. Yaradıcılığım, ilk rolum haqqında elə gözəl yazılar yazılırdı ki, uçmağa qanadım olmurdu. Bu gün də o jurnalistlərə borcluyam, onların çoxu indi dünyasını dəyişib. Elə bayram günündə onların da ruhuna rəhmət oxuyuram. Adını unutmuşam, gözəl bir jurnal vardı, mənim haqqımda “Bənövşə ətirli səs” adlı maraqlı bir yazı dərc etmişdilər. Mənim yaradıcılığımda böyük rol oynayan bir yazı idi. Onu da deyim ki, əvvəllər yazılan yazıların yaradıcılığa böyük təsiri olurdu.

- Gülüstan xanım, maraqlıdır, o yazıları saxlayırsınızmı?
- Hamısını bircə-bircə toplamışam və bu gün də arxivimdə o yazıları saxlayıram. Hətta bəzi qəzetlər artıq saralıb-solub, amma mənim üçün çox dəyərlidir. O məqalələrdən bəziləri orta məktəb illərində səhnədə oxuduğum vaxtlara təsadüf edir. Doğulduğum Yevlaxda “Təşəbbüs” qəzeti çap olunurdu, indi “Kür” adlanır. Bax o qəzetdə mənim haqqımda gözəl yazılar dərc olunurdu. O qəzetləri indi də oxuyub xatirələrə dalıram. Mən özümü xoşbəxt sayıram ki, milyonlarla insanın içində fərqlənirəm, haqqımda yazılar yazılır, verilişlər hazırlanır, şəkillərim çəkilir. Sənət adamı üçün bu böyük qürurdur. Bizim də həyatımızı, yaradıcılığımı işıqlandıran jurnalistlərdir.

- Jurnalistlərlə söhbət edərkən ehtiyatlı davranırsınız?
- Baxır jurnalistə. Mənim üçün ən çətini yaradıcılığımda xəbəri olmayan biri ilə üz-üzə dayanıb söhbətləşməkdir. O zaman ehtiyat edirəm. Amma elə ağzını açanda başa düşürəm ki, bu jurnalist nəyə qadirdir. Savadlı jurnalistlərlə söhbət zamanı ehtiyatlanmıram. Hətta çox səmimi oluram.

- Jurnalistlərdə ən çox nəyi dəyərləndirirsən?
- Müsahibinə danışmaq imkanı yaradan jurnalistləri çox dəyərləndirirəm. O jurnalistləri ki, müsahibinə özünü təqdim etmək imkanı yaradır. Bəzən jurnalist özünü müsahibindən daha ağıllı, daha savadlı göstərmək istəyir. Bir də məlumatlı, müsahibini dərindən tanıyan, onun yaradıcılığına bələd olan jurnalistə dəyər verirəm.

- Heç elə bir yazı olubmu ki, ailənizdə söz-söhbətə səbəb olsun?
- Olub. Ən çox da başlıqla bağlı. Mən gəlinim və oğlum barədə müsahibə vermişdim, bunu efirə vermişdilər. Oğlum mənə kəskin etirazını bildirdi. O, həmişə mənə ailəmiz barədə danışmağı irad tutur. Deyir ki, ana, sənət adamısansa, sənin sənətin barədə soruşsunlar. Təbii ki, hər bir insana bir sənətkar olaraq mənim həyatım da maraqlıdır. Buna görə də jurnalistləri qınamıram.

- Bu bayram günündə üzünüzü mediaya tutub nə demək istərdiniz?
- Hamınızı təbrik edirəm. Onu da deyim ki, mənim ürəklə müsahibə verdiyim portallardan birincisi Publika.az-dır.
Gülüstan Əliyeva: “Bunu ört-basdır etmək üçün məni şantaj elədilər...” - MÜSAHİBƏ/FOTOLAR
Gülüstan Əliyeva: “Bunu ört-basdır etmək üçün məni şantaj elədilər...” - MÜSAHİBƏ/FOTOLAR
Gülüstan Əliyeva: “Bunu ört-basdır etmək üçün məni şantaj elədilər...” - MÜSAHİBƏ/FOTOLAR
Gülüstan Əliyeva: “Bunu ört-basdır etmək üçün məni şantaj elədilər...” - MÜSAHİBƏ/FOTOLAR