BolgeXeber.Com » Ölkə » Hacıbala Abutalıbov deyir ki, pulum yoxdur”

Hacıbala Abutalıbov deyir ki, pulum yoxdur”

29-08-2015, 15:41
Oxunub: 3 260 Hacıbala Abutalıbov deyir ki, pulum yoxdur”“Mən hərdən demokratik dövlətdə yaşadığıma şübhə edirəm. Çünki Hacıbala Abutalıbovun mənim başıma açdıqları heç bir hüquq çərçivəsinə sığmır”

Bolgexeber.com xəbər verir ki,bunu Modern.az saytına kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov barədə deyib.

Aktyor 3 ilə yaxındır davam edən problemdən təngə gəldiyini bildirib: “Məsələ burasındadır ki, üç məhkəmə qərarı icra olunmur. Baxmayaraq ki, Ali Məhkəmə mənə onun mal-mülkünə əl qoymaq hüququ verib, amma qərar icra olunmur”.
Əbdül Mahmudovun sözlərinə görə, Ali Məhkəmənin nümayəndələri merin qəbulunda olsa da, Hacıbala Abutalıbov qeyd olunan vəsaiti ödəmək iqtidarında olmadığını bildirib. Aktyor 2 dəfə merlə şəxsən görüşdüyünü də xatırladıb:

“Məni şəxsən qəbul edib, çay süzdürüb, başımın altına “yastıq” qoyub ki, hər şey düzələcək. Amma 3 ilə yaxındır uçuq, dağıq evdə yaşamağa məcburam. Əgər pulu yoxdursa, övladları böyük vəsait hesabına xarici universitetlərdə necə oxuyur?!Mənim evim plana düşdüyündən indi də istəyirlər ki, adi vətəndaşlara ödəniləcək məbləğlə məni yola versinlər. Amma məhkəmə bunu rədd etdi. Çünki mənim evim plana düşməmişdən dağıdılıb”.

Şeyx Əbdül bildirib ki, merin köməkçisi Zülfəli adlı şəxs bir neçə dəfə ona “məbləğin 20-25 faizi mənə çatsaydı, işini çoxdan həll edərdim”, - deyə eyham vurub: “Bu mənim öz evimdir, mən alqı-satqı etmirəm ki, kiməsə “şirinlik” də verəm. Bunlar başa düşmür ki, mənim evim dağılıb”.

72 yaşlı aktyor bu gün yaşadığı durumu özünə rəva bilmir: “Mən bu şəraitdə yaşamağa layiq insan deyiləm. Ömrümün ahıl yaşında Hacıbala Abutalıbov məni süründürür. Məhkəmə qərarı müzakirə olunmur, icra olunur. Hazırda Ədliyyə Nazirliyindən cavab gözləyirəm. Nəticə olmasa, gümanım yalnız cənab prezident İlham Əliyevə qalıb”.

“Qış Parkı”nın tikintisi zamanı Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov zərər vurulan evi təmir etdirməli, ya da dəyən ziyanı ödəməlidir.

Qiymətləndirmə şirkətinin evə dəyən ziyanla bağlı qoyduğu qiymət 650 min manat olub. Amma qarşı tərəfin cəhdi ilə rəqəm 180 min manata salınıb. Bunun da 10 min manatı mənəvi ziyanla bağlıdır, qalanı evin bərpası üçün nəzərdə tutulub.
Bolgexeber.com