BolgeXeber.Com » Analitika » Səlim Müslümov da “VTEK”lərdəki rüşvətin öhdəsindən gələ bilmir

Səlim Müslümov da “VTEK”lərdəki rüşvətin öhdəsindən gələ bilmir

28-11-2015, 17:17
Oxunub: 3 341 Səlim Müslümov da “VTEK”lərdəki rüşvətin öhdəsindən gələ bilmir Səlim Müslümov sosial müdafiə sisteminin “qara yara”sına çevrilmiş əlillik komissiyalarının ənənəvi xəstəliyini tamamilə sağaltmaqda acizdir

Noyabrın 25-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayevi xidməti otağında rüşvət alarkən yaxalayıb .

Bu haqda rəsmi məlumatda deyilir ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında”, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamələrə və Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsinə əsasən mərkəzin fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsinə, əlillik dərəcələrinin, müddəti və səbəbinin, şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq I, II və III qrup əlilliyin təyin olunmasına və sair səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar görmə qabiliyyətini itirmiş II qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyərək, razılaşdırılmış 1200 manat pulu görmə qabiliyyəti həddən artıq zəif olduğuna köməklik etməsi məqsədi ilə qohumu ilə birgə gəlmiş şikayətçidən alarkən tutulub. Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

F.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki bu, il ərzində həbs edilən ilk TSEK sədri deyil. Qaynar.info-nun araşdırması zamanı məlum olub ki, 2015-ci ilin aprelində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 saylı TSEK-in sədri Xoşbəxt Ağayevanı həbs edib. X.Ağayeva Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub.

Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb.

Həmin vaxt bildirilirdi ki, baş prokuror Zakir Qaralov bu il martın 30-da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərkən ən çox şikayət də elə xalq arasında daha çox "VTEK" kimi tanınan 30 saylı TSEK-dən olubmuş.

Qəribədir ki, bu TSEK-in sədrinin həbsi onun “iş prinsiplərində” heç nəyi dəyişməyib. Belə ki, iki ay öncə mətbuatda Cəlilabad rayonunun Qarazəncir kəndindən olan Akif Qasımovun sözügedən “VTEK”dən şikayəti öz əksini tapıb. “TSEK-ə rəhbərlik edən Allahverən Şirinov məni qəbul etdi. Mənimlə söhbətdə o açıq-aşkar dedi ki, pensiyaya çıxmağın indi qiyməti 5 min manatdır. Əgər 2 min 500 manat versən, sənə əlillik pensiyası təyin edərik. Mən etirazımı bildirdim, həqiqi xəstə olduğumu dedim. O dedi ki, belə həqiqi xəstələrdən çox var, mən sənə əlillik pensiyası təyin edən deyiləm” – şikayətçinin həmin vaxt KİV-də yayılan şikayətində bildirilirdi.

Bundan başqa, 2014-cü ildə də Azərbaycanda el arasında “VTEK” kimi tanınan TSEK-lərlə bağlı bir sıra həbslər baş tutub.

Bütün bunlar isə sözügedən komissiyaların hələ də kirli işlərlə məğul olduğunu təsdiqləyir. Halbuki Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra ilk həmlələrindən biri cəmiyyətdə haqqında kifayət qədər mənfi rəy formalaşmış TSEK rəhbərlərinin əvəzlənməsi ilə bağlı olmuşdu (qeyd edək ki, sözügedəın komissiyalar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir – İ.H.). Saytımızın əldə etdiyi məlumata görə, hazırda Azərbaycanda əvvəlki nazir Füzuli Ələkbərovun dövründən qalma TSEK sədri demək olar yoxdur.

Amma bu da “VTEK”lərdə rüşvət hallarının qarşısını almağa kifayət etmir. Belə görünür, Səlim Müslümov sosial müdafiə sisteminin “qara yara”sına çevrilmiş əlillik komissiyalarının ənənəvi xəstəliyini tamamilə sağaltmaqda acizdir. Bunu həm Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının vaxtaşırı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində TSEK-lərin rəhbər şəxslərinin və əməkdaşlarının həbslərinin, həm də sıravi vətəndaşların “VTEK”lərdəki rüşvət və özbaşınalıqlarla bağlı müxtəlif dövlət qurumlarına şikayətlərinin davam etməsi aydın göstərir.

Bir sözlə, TSEK-lər Azərbaycanda sözün həqiqi mənasında vətəndaşlar üçün “baş bəlası” olmaqda davam edir. Belə görünür, biz Səlim Müslümovun nazirliyi dövründə də sözügedən komissiyaların normal, şəffaf, obvyektiv, rüşvətsiz fəaliyyətindən danışa bilməyəcəyik.
Bolgexeber.com