BolgeXeber.Com » Siyasət » Səməd Seyidov AŞPA-dan kənarlaşdırıldı

Səməd Seyidov AŞPA-dan kənarlaşdırıldı

1-02-2016, 10:07
Oxunub: 2 977 Səməd Seyidov AŞPA-dan kənarlaşdırıldıSəməd Seyidovu yanvar sessiyası dövründə millət vəkili Vüsal Hüseynov əvəz edir

Diplomatik mənbələrdən haqqın.az saytına bildirildiyinə görə, Səməd Seyidov AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

Məlum olub ki, Robert Uolterin «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması» məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Bundan sonra qərara alınıb ki, yanvar sessiyası dövründə Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində əvəz olunsun. Qeyd edək ki, Səməd Seyidov yanvar sessiyasında iştirak etməyib. Haqqın.az saytının əməkdaşlarının onunla əlaqə yaratmaq cəhdləri baş tutmayıb, millət vəkili zənglərə cavab vermir.

Məlum olub ki, Səməd Seyidovu yanvar sessiyası dövründə millət vəkili Vüsal Hüseynov əvəz edir. 35 yaşlı Vüsal Hüseynov Harvard universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan millət vəkili seçilib.

Milli Məclisdəki mənbələrdən bildirilib ki, gələcək sessiyalarda Səməd Seyidov nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini davam etdirəcək.