BolgeXeber.Com » Müsahibə-Reportaj » Kredit toruna düşmək istəməyənlər bu yazını oxusunlar

Kredit toruna düşmək istəməyənlər bu yazını oxusunlar

12-02-2016, 11:31
Oxunub: 3 810 Kredit toruna düşmək istəməyənlər bu yazını oxusunlar"Devalvasiya bankların təqsiri ucbatından baş vermir"

Əgər sizi narahat edən, maraqlandıran, düşündürən hüquqi problemlər, mövzular varsa, onlara cavab verilməlidir.
Bolgexeber.com "Zaman Azərbaycan"a istinadən bəzi suallara aydınlıq gətirir.

- Azərbaycan əhalisinin xeyli hissəsinin banklarda krediti var. Çox təəssüf ki, bir çox hallarda biz banklardan kredit götürərkən pulu daha tez əldə etmək barədə düşünürük, şərtlərə əhəmiyyət vermirik. Vətəndaş bankdan kredit götürərkən hüquqi baxımdan nələrə diqqət etməlidir ki, sabah problem yaşamasın?

- Vətəndaş bankla yazılı borc müqaviləsi bağlayarkən, kredit aldığı borc üzrə bankın müəyyənləşdirdiyi faizləri, kreditin rəsmiləşdirilməsi, kreditin nağdlaşdırılması, sığorta və təminatın qiymətləndirilməsi xərclərini (tətbiq olunduqda) və s. xərclər daxil olmaqla hesablanan faktiki illik faiz dərəcəsi (FİFD) miqdarını nəzərə almalı, bir sözlə, kredit (borc) müqaviləsinin şərtləri dəqiqliklə gözdən keçirilməlidir. Hətta mümkündürsə, müqavilə bağlamazdan əvvəl bu sahədə təcrübəli bir mütəxəssisdən hüquqi məsləhət də alınsın. Çünki bu, vətəndaşı gələcəkdə yaşaya biləcəyi bir çox ciddi problemlərdən qoruya bilər.

- Təəssüf ki, son dövrlər kreditini ödəyə bilməyən insanların bəziləri intihara əl atırlar, özlərini yandırırlar və s. Vətəndaşın bu hala gəlib çıxmasına görə bankın üzərinə məsuliyyət düşürmü?

- Əgər bank müqavilə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən öz borcunu tələb edirsə, hətta bununla əlaqədar təbii olaraq məhkəməyə müraciət edirsə və məhkəmə onu haqlı hesab edərək xeyrinə qərar qəbul edirsə, burada vətəndaşın intihar etməsi banklara heç bir məsuliyyət yarada bilməz. Lakin əgər bank işçiləri vətəndaşı müxtəlif üsullarla təhqir edir, hədə-qorxu gəlir, hətta ölümlə hədələyirlərsə, vətəndaş bu zaman, sadəcə, müvafiq polis orqanına ərizə ilə müraciət etməlidir və məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bir sözlə, intihar heç kim üçün çıxış yolu olmadığı kimi, bank üçün də məsuliyyət yaratmır.

- İntihar etmək kreditin bağlanması anlamına gəlmir. Bu halda intihar edənin ailə üzvlərinin üzərinə hansı məsuliyyət düşür?

- Bəli, intihar borc öhdəliklərini aradan qaldırmır. Borc intihar edən şəxsin adına olan bütün əmlaklara yönəldilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borcun və ya onun bir hissəsinin ödənilməsi bir və ya bir neçə vərəsəyə həvalə edilə bilər və əgər ailə üzvləri vərəsəlik üzrə mirası qəbul edirlərsə, yəni mirasdan imtina etmirlərsə, kreditorun borcunu ödəməyə borcludurlar, əks halda, borc yalnız intihar edən şəxsin adına olan əmlaka yönəldilə bilər.

- Bir çoxları xahiş-minnətlə kredit götürmək istəyən tanışlarına zamin dururlar. Yəni çox da fərqinə varmırıq başqası kredit götürərkən zamin duranda. Kredit məsələsində zamin duranın hansı öhdəlikləri var?

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hətta bir neçə nəfər zamin olmuşlarsa, o zaman birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

- Kredit ödənişi gecikəndə bəzi bankların əməkdaşları vətəndaşın iş yerinə zəng vururlar. Bu nə dərəcədə doğrudur?

- Azərbaycan Respublikasının "İcra haqqında" Qanununun 63-cü maddəsinə uyğun olaraq, tələbin borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldilməsinə bir sıra hallarda yol verilir. Ona görə də kreditor tərəf kimi bank işçiləri təbii olaraq borclunun əmlakı, yaxud əməkhaqqısı barədə dəqiq informasiya almağa, yaxid dəqiqləşdirməyə çalışmaqda haqlıdırlar. Məqsəd xəbərdarlıq etməkdirsə və burada hər hansı bir etik qaydaları pozmurlarsa, borclunun buna etiraz etməyi absurddur. Ancaq müqavilə tərəfi kimi qarşı tərəfə bu barədə öz narazılığını bildirə bilər. Lakin unutmamaq lazımdır ki, bank işçiləri məcburi icra orqanları sayılmır və heç bir məsuliyyət yaratmır (AR "İcra haqqında" Qanun, maddə 4.3). Lakin məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

- Avtomobillər çox vaxt etibarnamə ilə satılır. Tutaq ki, bir vətəndaş etibarnamə ilə avtomobil alır. Satan şəxsin kredit borcu varsa və ödəyə bilmədiyi üçün bankla problem yaşayırsa, bu halda həmin avtomobil onu etibarnamə ilə idarə edən şəxsin əlindən alına bilərmi? Həmin vəziyyətdə avtomobili etibarnamə ilə alan şəxs hüquqi baxımdan nə etməlidir?

- Təəssüflər olsun ki, bu kimi hallar dəfələrlə təkrar olunur. Bilmək lazımdır ki, etibarnamə avtomobilə mülkiyyət hüququ vermir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin (burada avtomobil sahibinin) ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Etibarnamə ilə avtomobil alındıqda isə yalnız sahiblik və istifadə hüququ yaranır. Yəni əmlak hələ onun mülkiyyəti sayılmır. Hətta etibarnaməni ona verən şəxs istənilən zaman bu etibarnamədən imtina edib, avtomobili ondan tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə görə, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur: o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Eyni zamanda, AR Mülki Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz (Maddə 363.3).

Odur ki, vətəndaşlara tövsiyə olunur ki, avtomobili aldıqları zaman mütləq qaydada öz mülkiyyətlərinə keçirtsinlər, əks halda, avtomobili faktiki olaraq "satan" şəxsin kredit borcu varsa və ödəyə bilmədiyi üçün bankla problem yaşayırsa, bu halda həmin avtomobil onu etibarnamə ilə idarə edən şəxsin əlindən alına bilər. Çünki məhkəmə qərarı ilə borc onun əmlakına yönəldikdə həmin avtomobil hüquqi olaraq "satan" şəxsə aiddir və kreditorun tələbi ilə əmlak hərraca çıxarılıb, satılıb onun borcu ödənilməlidir. Bu vəziyyətdə avtomobili etibarnamə ilə alan şəxs isə hüquqi baxımdan çox çətin bir vəziyyətə düşəcəkdir. Çünki hər şeydən əvvəl o, avtomobili aldığını sübut edə bilməyəcək.

- Devalvasiyanı əsas gətirib bankları məhkəməyə verən, yaxud krediti ödəməkdən imtina edən vətəndaşlar var. Bu halda onlara hansısa güzəştlər oluna bilərmi? Güzəşt olunmasa, onları hansı məsuliyyət gözləyir?

- Devalvasiya bankların təqsiri ucbatından baş vermir. Burada kreditor, yəni borc verən tərəf olaraq onun özü də borclu kimi risk altındadır. Sadəcə olaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli Plenum Qərarına əsasən, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilməlidir. Lakin eyni zamanda öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, AR Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq qaydada kreditor (banklar) zərərin ödənilməsini borcludan tələb edə bilər.

- Banklar vətəndaşların girov qoyduqları hər hansı bir daşınmaz və ya daşınar əmlakı çox aşağı məbləğdə dəyərləndirirlər. Yəni tutaq ki, evin real satış qiyməti 100 min dollardır, ancaq bank bu əmlaka 50 min dollar qiymət qoyur. Bu doğrudurmu?

- Girov əmlakı bank yox, Azərbaycan Respublikasının "İcra haqqında" Qanununa görə, borclunun əmlakı, müvafiq məhkəmə Qərarı ilə icra məmurlarının sifarişləri əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Yalnız dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (Ədliyyə Nazirliyinin icra məmurlarının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

- İpoteka krediti götürən şəxs onu ödəyə bilmədikdə vətəndaşa qarşı hansı tədbirlər görülə bilər?

- Mülki Məcəlləyə əsasən, borclu icranı gecikdirdikdə, kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Hətta əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bir sözlə, bank məhkəməyə iddia irəli sürərək, borcu ipoteka müqaviləsi əsasında əmlaka yönəldir. Qəbul olunmuş qərar əsasında isə həmin əmlak icra məmurlarının sifarişi ilə hərrac yolu ilə satışa çıxarılır və bank əmlakın satılmasından alınan məbləğlə öz borcunu borcludan geri alır.

- Vətəndaş krediti manatla götürmək istəyir, ancaq bank bundan imtina edib yalnız dollarla təklif edirsə, bu doğrudurmu? Vətəndaşın imtina etmək hüququ varmı? Bu halda nə edilməlidir?

- Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır və respublika ərazisində manatdan başqa, pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Eyni zamanda Mülki Məcəlləyə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Yəni bank vətəndaşı buna məcbur edə bilməz, lakin bank krediti xarici valyuta ilə götürməyi, sadəcə, təklif edirsə, vətəndaş bununla razı olmayaraq imtina edə bilər, yaxud hər iki tərəfin razılığı ilə öhdəlik xarici valyutada icra edilə bilər.

- Bir insan başqası üçün daşınmaz əmlakını girov qoyub kredit götürür. Lakin sonradan aydın olur ki, kreditin əsl sahibi borcunu ödəmir və o öz yaxın adamı tərəfindən aldadılıb. Aldadıldığını gec də olsa başa düşən adam həmin kreditdən imtina etmək üçün nə etməlidir? Yəni vəziyyəti olduğu kimi açıqlayıb məsuliyyəti həmin şəxsin üzərinə qoya bilərmi?

- Təəssüflər olsun ki, əgər bankla borc müqaviləsi bağlayaraq borc alınıbsa, müqavilə üzrə tərəflər məsuliyyət daşıyır. Sadəcə, vətəndaş öz qohumu tərəfindən aldadılıbsa, müvafiq polis orqanına şikayət edə bilər. Polis orqanı isə məsələni mahiyyəti üzrə araşdırıb, lazımi tədbirləri görəcək. Ancaq borclu qohumu tərəfindən aldadıldığını əsas gətirməklə, bank qarşısında olan məsuliyyətindən boyun qaçıra bilməz.