BolgeXeber.Com » Analitika » “Azpetrol” rəhbərliyi 250 milyon dollarlıq korrupsiya iddiasına niyə susur?

“Azpetrol” rəhbərliyi 250 milyon dollarlıq korrupsiya iddiasına niyə susur?

6-05-2016, 18:42
Oxunub: 3 949 “Azpetrol” rəhbərliyi 250 milyon dollarlıq korrupsiya iddiasına niyə susur?Dəfələrlə adı qalmaqallarda hallanan “Azpetrol” şirkəti haqda yeni qalmaqallı məlumatlar yayılıb

Ötən həftə sonu sözügedən şirkətlə bağlı növbəti korrupsiya qalmaqalı haqda mətbuatda yazılar dərc olundu. Uzun illər ölkədaxilində yüksək ranqlı məmurlar arasında çəkişmələrə səbəb olan və ələ keçirilməsi uğrunda böyük mübarizələrin getdiyi “Azpetrol”un adı Moldovada yüz milyonlarla dəyəri olan layihənin icrası zamanı yol verilən korrupsiya hallarında göstərilir.

Xatırladaq ki, “Azpetrol” şirkəti ilə bağlı qalmaqallı xəbərlər və oliqarxların savaşı şirkətin keçmiş rəhbərinin həbsindən sonra başlamışdı. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və qardaşı, “Azpetrol” holdinqin keçmiş sahibi Rafiq Əliyevin həbsindən sonra şirkətin səhmlərinin ələ keçirilməsi üçün gedən mübarizədə hakimiyyətdə təmsil olunan ən yüksək vəzifəli şəxslərin adı belə hallanırdı.

R.Əliyevin həbsindən bir müddət sonra bəzi Yanacaq Doldurma Məntəqələrinin (YDM) bağlanması şirkətin tamamilə ləğv ediləcəyi haqda məlumatların ortaya çıxmasına səbəb oldu. R.Əliyev “Azpetrol” Şirkətlər Qrupunun rəhbərliyindən kənarlaşdırıldıqdan sonra qısa zaman ərzində Bakıda və ətraf rayonlarda şirkətə məxsus bir neçə YDM-lər istifadəyə verildi və şirkət dirçəliş dövrünü yaşamağa başladı.

R.Əliyevin həbsdə olduğu müddətdə onun biznesinə daxil olan bir çox şirkətləri, mülkləri əlindən alındı. Ancaq “Bank of Baku”nun nizamnamə kapitalının 11,22%-nə sahib idi və indi də həmin paya sahib olaraq qalır. Həmçinin bankın digər səhmdarları sırasında “Azpetrol” şirkətinin də adı var.

Əliyev qardaşları 8 il məhbəs həyatı yaşadıqdan sonra azadlığa çıxarkən Rafiq Əliyevin yenidən “Azpetrol” şirkətinin rəhbərliyinə gətiriləcəyi deyilirdi. Lakin Əliyev qardaşları azadlığa çıxdıqdan sonra susmağı seçdilər. Onlar tezliklə Azərbaycanı tərk etdilər. Hazırda Londonda yaşadıqları, Türkiyə və Almaniyada böyük bizneslərinin olduğuna dair xəbərlər var.

Sonuncu korrupsiya qalmaqalı haqda virtualaz.org saytı məlumat yayıb. Sayta Moldova, Ukrayna və Rumıniyadan olan araşdırmaçı jurnalistlər qrupunun Moldovanın Curculeşt limanı layihəsinin həyata keçirilməsi ilə bağlı apardıqları araşdırmaya istinadən xəbər verir ki, araşdırmanın nəticələri təkcə moldovalı siyasətçilər üçün deyil, eyni zamanda İsveçrə və Hollandiya şirkətləri, habelə Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşları üçün qalmaqallı olub. Məlumata görə, antikorrupsiya araşdırmasında mərkəzi fiqurlardan biri kimi “Azpetrol” neft şirkətinin və onun keçmiş sahibi, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin də adı keçir.

Araşdırma yazısında qeyd edilir ki, Curculeşt limanı biznes-layihəsi hələ 1993-cü ildə işlənib hazırlanıb. O vaxtkı baş nazir Andrey Sanqeli hökumət üzvlərinə Prut və Dunay çaylarının mənsəbində liman inşası layihəsini təklif edib. Layihənin reallaşması üçün hökumət 25.5 milyon dollar kredit götürüb. Lakin 10 il keçəndən sonra məlum olub ki, nəzərdə tutulan işlərin cəmi 30 faizi görülüb.

2004-cü ildə kommunistlərdən ibarət Moldova hökuməti yarımçıq layihəni bərpa edib, bu məqsədlə Azərbaycanın “Azpetrol”, “Azertrans” və “Azpetrol Rafinery” şirkətləri ilə müqavilə bağlanıb. Bu şirkətlərin hər üçü əslində Bakıda qeydiyyatdan keçmiş “ana “ şirkətin törəmələri idi. Həmin şirkət liman layihəsinin başa çatdırılması üçün 250 milyon dollar investisiya təklif edib. Bundan başqa azərbaycanlı investorlar Avropa Yenidənqurma və İnkişaf Bankı qarşısında kredit öhdəliyini də bağlamalı idi. İnvestorlar habelə Moldovada, Curculeşt limanı yaxınlığında neft terminalının tikintisini də həyata keçirməyi vəd ediblər.

Jurnalistlər isə müəyyən ediblər ki, Curculeşt limanı ilə bağlılığı olan əsas biznes-fiqur Tomas Mozer və Hollandiya şirkəti “EASEUR Holding BV”-dir. Həmin Tomas Mozer Almaniyanın İnkişaf Bankında işləyib, 1996-cı ildən isə Avropa Yenidənqurma və İnkişaf Bankında işə keçib. Üç il sonra o, bank prezidentinin dəftərxanasında işləməyə başlayıb. 2001-ci ildə isə Mozer bankın Bakı nümayəndəliyinin rəhbəri təyin olunub. 2003-cü ildə isə Fərhad və Rafiq Əliyev qardaşları Mozeri “Azpetrol”da departament rəhbəri vəzifəsinə gətiriblər. Həmin vaxtlar Əliyev qardaşları “Azpetrol” şirkətinin sahibləri idi.

Araşdırmalara görə, Rafiq Əliyevin həbsindən dərhal sonra “Azpetrol”un rəhbərliyinə Tomas Mozer gətirilib. Eyni zamanda o, “Azertrans” və “Azpetrol Rafinery” şirkətlərinə də rəhbərliyi həyata keçirməyə başlayıb. Bir müddət sonra o, şirkətlərin adını dəyişib və müvafiq olaraq “Bemol Retail”, “Bemol Rafinery “ və “Danube Logistics” adlandırıb.
Moldova hökuməti ilə bağlanmış investisiya layihəsinə əsasən Curculeşt limanından daşınan neft və neft məhsulları gömrük rüsumlarından və ƏDV-dən azad edilirdi. “Azpetrol” (“Bemol”) şirkətinə icazə verilirdi ki, benzin və dizel satışına görə ixrac ƏDV-ni alsın. Şirkət habelə aksiz vergilərindən azad idi. Bütün bu güzəştlərə baxmayaraq şirkət Moldovada benzini və dizeli bazar qiymətinə satırdı.

2011-ci ildə Hollandiya şirkəti “EASEUR Holding BV” iri məbləğdə borclardan yaxa qurtarmaq üçün Rafiq Əliyevin şirkəti “New Ventures Capital”ı inandırır ki, “Credit Suisse” bankı qarşısında kredit öhdəliyini bağlasın. Razılaşmaya əsasən borcun bağlanmasının əvəzində “Credit Suisse” və Tomas Mozer tərəfindən yaradılan “Danube Logistics Holding BV” adlı şirkət hollandiyalılardan “Danube Logistics SRL” şirkətinin səhmlərinin 80 faizini alıb. Habelə “EASEUR Holding BV” və “Azpetrol” (“Bemol Retail SRL”) şirkətlərinin borclarına sahib çıxıb. Bu aktivlərin əvəzində “Danube Logistics Holding BV” şirkəti “EASEUR Holding BV” şirkətinin “Credit Suisse” bankından götürdüyü 36.1 milyon dollarlıq borcunun ödənilməsini üzərinə götürüb. Lakin 2015-ci ildə “Danube Logistics” və “EASEUR Holding” arasında fikir ayrılığı yaranıb, iş məhkəmə çəkişməsinə qədər uzanıb. Məhkəmə hələ də davam edir.

Adı növbəti dəfə qalmaqalda hallanan “Azpetrol” şirkətindən də məsələyə münasibət öyrənməyə çalışdıq. Lakin şirkətin mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədi.

Maraqlıdır, adı 250 milyonluq qalmaqalda hallanan şirkətin rəhbərliyi niyə ictimaiyyətə heç bir izahat vermədi? Təkcə bu faktın özü deməyə əsas verir ki, “Azpetrol” qeyri-şəffaf fəaliyyətlə məşğuldur və yazılanlar düzdür.