BolgeXeber.Com » Sosial » Yay düşərgələri valideynləri niyə soyub soğana çevirmək istəyir - araşdırma

Yay düşərgələri valideynləri niyə soyub soğana çevirmək istəyir - araşdırma

11-06-2016, 12:10
Oxunub: 2 925  Yay düşərgələri valideynləri niyə soyub soğana çevirmək istəyir - araşdırmaAzərbaycanda yay istirahət industriyasının pərdəarxası...

Yay ayları valideynlər üçün ciddi sınaqdır. Məktəblər tətildə, uşaqlar evdə... Normal istirahət təşkil etmək üçün nə etməli? Uşaqlığımızın bir dönəmi Sovet illərinə təsadüf edən bizlər pioner düşərgələrində keçən yay istirahətinin nə demək olduğunu yaxşı bilirik. Valideynlərin iş yerindən verilən göndərişlərlə keçirilən ucuz və sərfəli yay istirahəti sözün bütün mənalarında onların üzünü ağ edirdi. Bəs indi?
 Yay düşərgələri valideynləri niyə soyub soğana çevirmək istəyir - araşdırma

Elanlarda, xəbərlərdə, reklamlarda tez-tez bu sayaq elanlarla qarşılaşmaq mümkündür. Məlum olur ki, ölkə ərazisində çoxlu sayda uşaq düşərgələri, yay məktəbləri və sair varmış. Öncə varlı və imtiyazlılara təqdim olunanlar barədə. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin uşaqları üçün E.ON şirkətinin dəstəyi ilə Almaniyada yay düşərgəsi təşkil edilir. Müqaviləyə əsasən, SOCAR və E.ON şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil edilir. 2014 və 2015-ci illərdə Almaniyada SOCAR əməkdaşlarının uşaqları üçün 15 günlük yay düşərgəsi təşkil olunub. Bu məqsədlə müsabiqə elan edilib və 32 nəfərin müraciəti qəbul olunub. Dediyimiz kimi, bu, xüsusi təbəqə üçün.

İndisə elanlara keçək. Bunlardan biri CELT Colleges Düşərgə və Tədris Mərkəzinin yaydığı elandır. Bu mərkəz hər il yayda (2009-cu ildən bəri) Azərbaycanın müxtəlif bölgələrində uşaq, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş təbiət qoynunda (kotec və çadırlarda) təşkil etdiyi ənənəvi ingilis dilli yay düşərgəsi keçirir. Düşərgədə 6 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Düşərgə 2 həftə olmaqla iyun, iyul, avqust və sentyabr aylarında keçirilir. Qeydiyyat fevral ayından başlanıb.

I qrup - 06 iyun - 20 iyun
II qrup - 20 iyun - 04 iyul
III qrup - 04 iyul - 18 iyul
IV qrup - 18 iyul - 01 avqust
V qrup - 01 avqust - 15 avqust
VI qrup - 15 avqust - 29 avqust
VII qrup - 29 avqust - 12 sentyabr.

2 və daha çox qrup şəklində müraciət edənlərə və valideynlərə endirimlər nəzərdə tutulur.
Üstəgəl

- Gündəlik İngilis dili dərsləri
- Nəqliyyat, yaşayış və gündə 3 dəfə qidalanma
- Müxtəlif idman oyunları
- Ekskursiyalar
- Maarifləndirici və əyləncəli fəaliyyətlər
- Professional təlimçilər.



Dəqiqləşdirmə zamanı isə öyrəndik ki, bu il sözügedən düşərgə Zaqatalada olacaq. Aprelin 31-ə qədər düşərgə üçün qeydiyyata düşənlər 625 AZN ödəyirdi. İndi isə qiymətlər 700 AZN-dir. Bir ailədən bir neçə nəfər uşaq düşərgədə iştirak edəndə qiymətdə endirim olur.
Qiymətin baha olduğunu düşünüb, detallarla maraqlanırıq. Bildirilir ki, gündə 3-5 saat İngilis dili dərsləri, hər gün 3 dəfə qidalanma, açıq hava oyunları (futbol, voleybol), ingiliscə danışıq klubları, futbol, basketbol, voleybol və tennis oyunları, üzgüçülük hovuzu və üzgüçülük dərsləri, vəhşi təbiətlə tanışlıq və təbiətdə özünü idarəetmə, atçılıq, səmti müəyyən etmə, oxatma və atıcılıq, ilk tibbi yardım, müxtəlif ekoloji təlimlər və iməciliklər, sənətkarlıq və dulusçuluq, rəsm təlimləri, öyrədici və əyləncəli sosial fəaliyyətlər, kiçik qruplar üçün dərnəklər, dağ yürüşləri və meşə gəzintiləri. Dağçılıq və ekstrim idman növləri üzrə yarışlar, elmi və mühəndislik təlimləri, qızlar üçün kulinariya, tikiş və rəqs dərnəkləri və s. yaxınlıqda yerləşən qəsəbə və kəndlərə ekskursiyalar, tonqal ətrafında müsabiqələr, ingiliscə kino və karaoke gecələri, partylər, istəyə uyğun olaraq məşqçi ilə taekvando və güləş təlimləri, 24 saat həkim nəzarəti, Welcome və goodbye party, mövsüm sonunda təntənəli keçirilən sertifikat təqdimatı. Qrafik çox dolğun görünsə də, bütün hallarda tariflər orta statistik azərbaycanlı üçün olduqca yüksək görünür.

Düşərgələrə uşaq göndərməyə risk etməyənlər isə yay məktəbi ilə kifayətlənməli olur. Belə ki, bu məktəblər də uşaq bağçasının başqa növüdür. Bir fərqlə - burda dərs də keçirlər. Bunlardan birinin elanında isə belə yazılmışdı: “Yay məktəbi işləyən və övladlarını rayonlara istirahətə apara bilməyən valideynlərin uşaqları üçün vacib, səmərəli və düzgün seçimdir. Yay məktəbi səhər saat 08:30-dan 18:00-dək, həftənin 5 günü üçün nəzərdə tutulub. Onlar üçün maraqlı proqramlar hazırlanıb. Gün ərzində sizin övladlarınız üçün səhər, günorta və axşam olmaqla, gündə 3 dəfə yemək nəzərdə tutulur. Bundan əlavə, cədvələ uyğun olaraq uşaqlar voleybol, rəqs, rəsm, şahmat, gimnastika, yay tapşırıqlarının həll edilməsi, məntiq, ingilis dili və bu kimi başqa məşğələlərdən yararlanacaq. Bundan əlavə uşaqlarla birgə şəhərdaxili gəzintilər”.

Maraqlandıq, bu məktəbin bir ayı da 300 AZN-dir. İyunun 10-a qədər qeydiyyata düşənlər 250 AZN ödəyirlər. Təbii ki, əgər yay boyu uşağınızın istirahət yox, dərslə məşğul olmasını istəyirsizsə.



“Tərəqqi 1" Tədris Mərkəzi də uşaqlar üçün yay məktəbi təşkil edir. Bu məktəblərə də 5 fənn daxildir. Rəsm, şahmat, riyaziyyat, ingilis, Azərbaycan dilləri. Uşaqla hər gün 3 saata yaxın məşğul olurlar. Həftənin 5 günü keçirilən bu kursların aylığı isə 100 AZN-dir. Kurslar iyunun 17-dən etibarən başlanır. Səhər saat 10-dan 1-ə və ya günorta 2-dən 5-ə kimi.
“Buggy Bug” Tədris və İnkişaf Mərkəzində hər il İyun ayının 1-dən etibarən Yay məktəbi başlayır. Yay məktəbi səhər saat 08:30-dan 18:00-dək, həftənin 5 günü üçün nəzərdə tutulub. Gün ərzində uşaqlara səhər, günorta və axşam olmaqla, gündə 3 dəfə yemək nəzərdə tutulur. Bundan əlavə, cədvələ uyğun olaraq uşaqlar voleybol, rəqs, rəsm, şahmat, yay tapşırıqlarının həll edilməsi, məntiq, ingilis dili və bu kimi başqa məşğələlərdən yararlanırlar.

Şəhərin içində yay düşərgəsi təşkil edənlər də var. Bunlardan biri də Kempinski otelidir. Otellə əlaqə saxlayanda məlum oldu ki, bu düşərgə 6-12 yaşlı uşaqlara aiddir. Üstəlik, bir günü 60 AZN-ə başa gəlir. Burada da aşağı-yuxarı eyni xidmətlərdir: yemək, əyləncə, ingilis dili, oyunlar, məşğələlər... Səhər saat 9-dan axşam 6-ya qədər.

Xarici ölkələrdə yay düşərgələri perspektivi isə yetərincə bahalıdır. Məsələn, onların arasında ən ucuzu Kiprdə olan idi. 2 həftədən başlayan düşərgəni valideyn istədiyi müddətə qədər uzada bilər. Qalacaq yer, 3 dəfə qidalanma və digər əyləncələr daxil bu düşərgənin qiyməti 1350 AZN-dir. Eyni şərtlərlə Almaniyada 2 həftəlik düşərgə 1850 AZN qiymətindədir.
İngiltərədə də yeniyetmələr üçün yay düşərgəsi keçirilir. Stradford - upon - Eyvonda yay düşərgəsi təşkil olunur. Hər on şagird /tələbə üçün bir qrup rəhbərinin iştirakı ödənişsizdir. İki həftəlik əyləncəli istirahət üçün cəmi 1350 AZN ödəmək lazımdır.

Qiymətə aşağıdakılar daxildir:

- Viza sənədlərinin hazırlanması
- Qeydiyyat ödənişi
- Hava limanında qarşılama
- Tam təmin olunmuş rezidensiyalar
- Gündə üç dəfə isti yemək
- Həftə ərzində 21 saat təlim
- Hər həftə iki dəfə ekskursiya
- Gün ərzində 2 dəfə asudə vaxtın əyləncəli keçirilməsi

Pulsuz yay düşərgələri də varmış. Amma xəstə uşaqlar üçün. JOY Uşaq İnkişaf Mərkəzi 20 iyundan başlayaraq iyul ayı boyunca 6 həftəlik pulsuz yay düşərgəsi təşkil edir. Nitq ləngiməsi, sosial qorxu və yaxud uşaqlarla ünsiyyətdə çətinliklər, oyun və hərəkət zamanı çətinliklər, oxumaq, yazmaq və öyrənməkdə çətinliklər, autizm, Down Sindromu və Serebral iflic xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün də müxtəlif əyləncələr nəzərdə tutulub.
“Azərbaycanda uşaq düşərgələri sistemi yaradılacaq”.

Bunu isə hər yayqabağı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir. O bildirir ki, bu, “Uşaqların asudə vaxtının təşkili” ilə bağlı Milli Məclisdə hazırlanmış yeni qanun layihəsində nəzərdə tutulur. Deputatın sözlərinə görə, qanun layihəsində uşaqların zərərli vərdişlər - siqaret çəkmək, narkomaniya və internet asılılığı kimi hallardan uzaqlaşdırılması üçün müxtəlif üsullar təklif olunur: “Bütün ölkə üzrə kütləvi şəkildə yay düşərgələri yaradılmalı, həftə sonları məktəblilərin rayonlara ekskursiyaları təşkil olunmalıdır. Həmkarlar ittifaqlarında bununla əlaqədar vəsaitlər olmalıdır. İşəgötürənlər də uşaqların asudə vaxtının təşkilinə vəsait ayrımalıdır”.

Sevinc TELMANQIZI