BolgeXeber.Com » Analitika » Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır - NARAZILIQ VAR...

Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır - NARAZILIQ VAR...

24-06-2016, 16:31
Oxunub: 4 387 Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır - NARAZILIQ VAR...Hafiz Əzimzadə Quzanlı qəsəbəsində inşa etdirdiyi «Vağzal» binasına və çay evinə, Bərdə rayonunda, Yuxarı Qarabağ kanalının yaxınlığında yüz hektardan artıq ərazini əhatə edən fermaya məhz həmin vəsaitlər hesabına sahib olub

Hazırda Ağdam rayonunda əkin sahələrinin suvarılmasında ciddi problemlər müşahidə olunur. Bunun əsas səbəbkarının Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadənin oluduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyada deyilir ki, məhz buna görə də son zamanlar əhalilə Hafiz Əzimzadə arasında gərginlik getdikcə artır. Belə ki, Ağdam sakinlərinin uzun müddətdir ki, su problemilə üz-üzə qaldıqlarını bildirən mənbə iddia edir ki, rayonun suvarma sistemləri idarəsi rəhbərliyinin tapşırığına əsasən fermer və kəndlilərə suyun verilməsinə yasaq qoydurub: «Nəzərinizə çatdırım ki, ötən il Ağdam Suvarma Sistemləri İdarəsinə Ağdam rayonunda Atçılıq Zavodunun ərazisində qrunt sularının aşağı salınması üçün 386280 manat vəsait ayrılıb. Lakin deyilənlərə görə, həmin vəsaitdən qara qəpik də ərazidə qrunt sularının aşağı salınması üçün sərf edilməyib. Belə ki, ötən il Atçılıq Zavodunun ərazisində hər hansı melorativ işlər aparılmayıb. Sadəcə idarə müdiri Hafiz Əzimzadə ayrılan vəsaiti sənədləşdirərək nağdlaşdırıb. Hələ bu, harasıdır. Ötən il Meliorasiya və Su Təsərrüfatı ASC-dən Ağdam Suvarma Sistemləri İdarəsinə Ağdam rayon Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması üçün 1032000 manat vəsait ayırıb. Ancaq bu dəfə də ayrılan vəsaitin böyük bir hissəsi təyinətdankənar istiqamətlərə sərf olunub. Bir sözlə, idarə müdiri bu kimi yollarla şəxsi büdcəsini artırır və vaxtının böyük bir hissəsini maraqlarının təmin olunmasına yönəldir. Elə buna görə də o, rayon əhalisinin əkin sahələrinin susuzluqdan məhv olması kimi önəmli bir məsələyə barmaqarası baxır». Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdirinin Quzanlıda və Bərdədə bir neçə biznes obyektinin olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Hafiz Əzimzadə uzun illərdir bu quruma rəhbərlik edir və dövlət büdcəsindən ayrılan vəsaitləri müxtəlif işlərin görülməsi adı altında silərək cibinə qoyur: «Deyilənlərə görə, Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdirinin mənimsədiyi vəsaitlər milyon manatlarladır. Görünür, Hafiz Əzimzadə Quzanlı qəsəbəsində inşa etdirdiyi «Vağzal» binasına və çay evinə, Bərdə rayonunda, Yuxarı Qarabağ kanalının yaxınlığında yüz hektardan artıq ərazini əhatə edən fermaya məhz həmin vəsaitlər hesabına sahib olub. İdarə müdirinin Bakıda da bir neçə obyekti, mənzilləri var. Bütün bunlar onu göstərir ki, Ağdam rayon Suvarma Sistemləri İdarəsi mənimsəmə yuvasına çevrilib. Rayonun Quzanlı, Qaravəli və Qasımbəyli kəndləri ətrafında olan drenlərin uzun müddətdir təmizlənməməsi bunun bariz sübutu kimi qiymətləndirilməlidir. Belə ki, Hafiz Əzimzadə hər il bu drenajların təmizlənməsi və təmiri adı altında dövlətdən ayrılan yüz min manatlarla vəsaiti kitabdan kitaba salaraq özününküləşdirir. Həmçinin, o da bildirilir ki, Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri rəhbərlik etdiyi qurumda «ölü can»lar saxlayır və adı olan özü olmayan işçilərinin əməkhaqqlarını öz cibinə qoyur». Bu arada, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadə hər hektara görə suvarma suyunun məbləğini bir qədər artırıb: «Belə ki, deyilənlərə görə, hər dəfə suvarmaya görə kəndlilərdən və fermerlərdən 10-20 manat tələb edən Hafiz Əzimzadə su pulunu fermerlərdən əvvəlcədən tələb edir. Bostan əkilən sahələrdən isə əkinçilərdən hər hektara görə 30-50 manat tələb olunur. Pulu qabaqcadan verməyənlər isə sudan məhrum olurlar və həmin şəxslərin əkin sahələri məhv olur. Sonuncu ümid yerləri olan əkin sahələrini xilas etmək üçünsə kəndli və fermerlər Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadənin «tələb»lərinə əməl etmək məcburiyyətində qalırlar. Bununla da o, onsuz da ağır, çıxılmaz durumda olan kəndlinin, fermerin vəziyyətini bir qələr də qəlizləşdirir, onların belini qırır». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.