BolgeXeber.Com » Xəbərlər » Sağlam ayağı kəsilən qadın barədə yeni xəbər - "Onun vəziyyəti hələ də ağırdır"

Sağlam ayağı kəsilən qadın barədə yeni xəbər - "Onun vəziyyəti hələ də ağırdır"

28-06-2016, 12:22
Oxunub: 2 260  Sağlam ayağı kəsilən qadın barədə yeni xəbər - "Onun vəziyyəti hələ də ağırdır" “İki gün əvvəl iltihablı ayağı da amputasiya edilən Tərlan Məmmədovanın həyati təhlükəsi hələ də qalmaqdadır”

Bu barədə ANS PRESS-ə 87 yaşlı qadını əməliyyat edən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski məlumat verib. Onun sözlərinə görə, yaşlı qadın hələ də reanimasiya şöbəsindədir və vəziyyəti orta ağırdır:

“Səhhəti o qədər də normal deyil. Yaxşı olduğunu deyə bilmərəm. Düzdür, Tərlan Məmmədova əməliyyatdan sonra özünə gəlib, danışa bilir. Ancaq vəziyyəti ilə bağlı onu reanimasiya şöbəsində saxlayırıq”.

İyun ayının 24-də Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Xəstənin nəvəsi Zaur Hüseynov ANS PRESS-ə bildirmişdi ki, şəkərli diabet xəstəsi olan nənəsi Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib.

Açıqlama verən səhlənkar cərrah Valeh Kərimov 87 yaşlı qadının hər iki ayağının qanqrena olduğunu deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti çox ağır idi. Həkim səhv etdiyini etiraf edib.

"Hər iki ayaq kəsilməli idi. Vəziyyəti daha pis olan sol ayaq amputasiya olunmalı idi, amma mən sağ ayağı əməliyyat etmişəm. Əməliyyat masası tərsinə quraşdırıldığı üçün mexaniki səhv baş verdi. Uşaqlarını da başa salmışam. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Sadəcə bunun geci-tezi var idi. Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Hadisədir də, başıma gəlib. Bu, hamının başına gələ bilər".

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu məlumat yayıb. Məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin “Xüsusiləşdirilmiş Angioloji Mərkəz”ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.