BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanlı astroloqdan şok proqnozlar - MÜSAHİBƏ

Azərbaycanlı astroloqdan şok proqnozlar - MÜSAHİBƏ

22-07-2016, 09:26
Oxunub: 3 787 Azərbaycanlı astroloqdan şok proqnozlar - MÜSAHİBƏDollar heç vaxt 1,5 manatdan ucuz olmayacaq

Tanınmış astroloq Səbuhi Rəhimli son günlər dünyada baş verən həyəcanlı hadisələrlə bağlı "Qaynarinfo.Az" saytına müsahibə verib.

- Son vaxtlar dünyada baş verən terror və başqa bu tipli cinayət hadisələrinin, o cümlədən qətl hadisələrinin artmasının səbəbi nədir? Ulduzlar nə deyir? Dünyada vəziyyət daha da pisləşəcəkmi?

- Səbəb böyük güclərin dünyanı yenidən bölüşdürmək planıdır. Enerji resurslarına olan tamahkar maraq artıq siyasi təcavüzə dönüb. Astroloji göstəricilərə görə, bu prosesin 2018-ci ilə qədər davam edəcəyini bildirir. Məişət zəminində qətl hadisələrinin artmasının isə astroloji çözümə xüsusi ehtiyacı yoxdur. Ölkələrdə iqtisadi durumun ağır dönəmində, devalvasiya olanda, əhalinin mütləq əksəriyyətinin banklara borclu olduğu vaxtlar, xüsusən də borcları qaytara bilməyəndə intihar, oğurluq kimi cinayət hadisələri də artır.

- Azərbaycanda da dünyada baş verən qanlı hadisələrin təkrarlanması gözləniləndirmi?

- Azərbaycan bu gərginlik enerjisinin müəyyən qismini dördgünlük müharibə vasitəsilə çıxardı. Yəqin ki, davamı da olacaq. İndiki halda əsas amil ölkəmizin təhlükəsizliyini qorumaqdır. Terror təhlükəsinə qarşı daha tədbirli olmaq lazımdır.

- Türkiyə və Ermənistanda proseslər hansı istiqamətdə inkişaf edəcək?

- Türkiyədəki gərginlik avqustun ortalarına qədər davam edəcək. Vəziyyətin dəyişmək ehtimalı da var. İrəvanda baş qaldıran etirazlar yaxın günlərdə yatızdırılacaq, hər hansı irimiqyaslı olaya çevrilməyəcək.

- ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verəcəkmi?

- ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək. Belə hallar dünya nəhənginin etibarını sarsıda bilər. Həm də Fətullah Gülənin “xidmətləri” sayəsində onun təminatlı oturumuna, qorunmasına vəd verilib.

Müsahibənin sonunda Səbuhi Rəhimli ötən ilin sonunda açıqladığı 2016-cı il üçün proqnozlarını yenidən təqdim etdi. Proqnozlar əsasən özünü doğruldub.

1. Aprelin əvvəlinə qədər hökuməti böyük sınaqlar gözləyir. “Balanslaşdırılmış siyasət” iflasa uğrayacaq.

2. Hökumətyönümlü informasiya vasitələri zəifləyəcək, bir-biri ilə savaşa girəcək. Hətta ola bilsin ki, onlardan bir çoxu fəaliyyətlərini dayandırsın. Ümumiyyətlə, bu il media ağır dövrlərindən birini yaşayacaq.

3. Dollar heç vaxt 1,5 manatdan ucuz olmayacaq.

4. Qarabağda 2015-lə müqayisədə daha böyük və uzunmüddətli döyüşlər gedəcək. Lakin hansısa ərazinin azad olunacağı gözlənilmir. Üstünlük bizim tərəfimizdə olacaq.

5. Qida zəhərlənmələrinin sayı artacaq.

6. 2016-cı ildə Eldar Mahmudov kimi hay-küylü olmasa da, vəzifəsini itirən, komitə sədri və nazirlər səviyyəsində tanınmış məmurlar olacaq. Hətta onlardan ikisini “yerindənqopmaz” da adlandırmaq olar.

7. Bu il prezident İlham Əliyevdən də sensasion gedişlər görəcəyik. El dili ilə desək, sanki həmişə susan dövlət başçısı bu dəfə dillənəcək.

8. 3-cü Dünya müharibəsi olmayacaq.

9. Türkiyə-Rusiya münasibətlərində gərginlik davam etsə də, hər hansı müharibə ehtimalı yoxdur.

10. Dünya ölkələrində çoxsaylı hakimiyyət dəyişikliyinin şahidi olacağıq.

11. Vladimir Putin hakimiyyətdən getməyəcək.

12. İlin ən gərgin ərəfəsi fevralın ortasına qədər və iyul-sentyabr arası olacaq.

13. Meymun ili ən dəhşətli terror və sensasiyalı sui-qəsdlərlə yadda qalacaq, az qala hər ölkədə terror olacaq.

14. Afrikada, Orta Asiyada siyasi gərginlik baş qaldıracaq. Suriya və Liviya hadisələrinə oxşar hadisələr burada da baş verə bilər.

15. Neftlə bağlı narahatçılıqların aradan qalxma ehtimalı da aşağıdır. Ola bilər ki, ilin ikinci yarısında qiymətlərin enib-qalxma prosesi sabitləşəcək.

16. İŞİD terror təşkilatı mart ayından başlayaraq silsilə məğlubiyyətlərə tuş gələcək. Buna baxmayaraq, onlar öz fəaliyyətlərini səyyar şəkildə və müxtəlif ölkələrdə davam etdirəcəklər.

17. Bu il Şərqin alovu sürətlə Qərbə keçəcək, Avropa ölkələrində ciddi problemlər yaranacaq.

18. İl ərzində hərbi bazalarda, elmi mərkəzlərdə partlayışlar da istisna olunmur.

19. Şimali Koreya prezidentinə qarşı iki dəfə sui-qəsd olacaq.

20. 2016-cı ildə də Bəşər Əsəd Suriyanın prezidenti olacaq.
Bolgexeber.com