BolgeXeber.Com » Sosial » Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı

Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı

24-10-2016, 10:32
Oxunub: 3 523  Havalar soyudu, yarmarkada da qiymətlər qalxdıHavalar soyuyan kimi bazarlarda əksər kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunmağa başlayıb

Təsadüfi deyil ki, bu bahalaşma Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarından da yan keçməyib.

Musavat.com-un müxbiri dünən Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığında yerləşən yarmarkaya baş çəkib və qiymətlərlə maraqlanıb.

İlk baxışdan diqqət çəkən məqamlardan biri yarmarkada alıcıların həddindən artıq az olmasıdır. Əvvəllər insan əlindən piştaxtaların arası ilə yerimək mümkün deyildisə, indi seyrəklik müşahidə olunur. Piştaxtaların əksəriyyətinin önündə bir nəfər də olsun alıcı gözə dəymir.

Satıcılar da alıcılığın zəif olmasından şikayətlənirlər. Özləri də etiraf edirlər ki, qiymətlər yüksək olduğu, insanlar yarmarka ilə bazar arasında fərq görmədiyi üçün buraya gəlmirlər. Qiymətlərin baha olmasının səbəbi isə odur ki, yarmarkaya gələnlərin heç biri fermer deyil, yəni məhsullarını özləri əkib-becərmirlər. Çox az bir qismini gəldikləri rayondan alır, qalan hissəsini isə paytaxtdakı topdansatış yerlərindən, əsasən də “8-ci kilometr” bazarının topdansatış hissəsindən alırlar. Özləri də üzərinə qazanc payı qoyduğundan qiymətlər bazardakından daha yüksək olur.

Diqqət çəkən daha bir məqam isə bütün piştaxtalarda eyni məhsulların qiymətinin oxşar olmasıdır. Bazarda ən çox qiymət artımı gündəlik tələbat məhsullarından olan kartofdadır. Bir neçə gün öncə kiloqramı 50-60 qəpikdən satılan kartofun qiyməti indi 70 qəpik -1 manat arasında dəyişir. Gədəbəy kartofu 1 manata satılır. Kartof baha olsa da, soğan hələ ki, ucuzdur, 3 kiloqramı 1 manata satılır. Kələmin kiloqramı standart olaraq, 40 qəpikdən satılır. Kökün 1 kiloqramının qiyməti isə 1 manatdan 1.3-1.5 manata qalxıb. Çuğundurun kiloqramı 1 manatdan təklif olunur.

Xiyar və pomidorun qiymətində bahalaşma var. Kiloqramı 50 qəpikdən satılan xiyar indi 80 qəpiyədir. Pomidorun kiloqramı isə 1.50-2 manatdan təklif olunur. Boranı, qabaq (kabaçki), gül kələmi kimi bitkilər də havaların soyuması ilə “ceyran belinə çıxıb”. Gül kələminin kiloqramı 2.5-3 manata, 80 qəpiyə satılan qabağın kiloqramı 1.5 manatdır. Boranının kiloqramı 20 qəpik 50 qəpiyə qalxıb.

Bazarlarda 10 dəstəsi manat olan göyərtilər isə yarmarkada 6-7 dəstəsi 1 manata satılır. Ağartı məhsullarından qatıq və süd 1 manata, şor 1.5-2.5 manat arası, pendir isə 3.5-5 manat arasında təklif olunur.

Yumurtanın bahalaşması burada da özünü göstərir. Fabrik yumurtası 16-18 qəpik, kənd yumurtası isə 25 qəpiyə satılır. Kənd toyuğu 4 manata, diri çolpalar isə 7 manatadır. Mal ətinin kiloqramı 6 manatdan, qoyun ətinin kiloqramı isə 6.5 manatdan satılır.

Meyvələrin qiymətində də hiss olunacaq artım var. 1 manata satılan narıngi 1.5 manata qalxıb və feyxua da onunla yanaşı gedir.

Yarmarkada yalnız alma ucuzdur. Bu meyvənin kiloqramı ən ucuz halda 3 kiloqramı 1 manata, ən baha halda isə 50-70 qəpiyə satılır. Bunun əksinə olaraq armud 2 manatdan ucuz deyil. Üzümün kiloqramı da 2.5 manata satılır.

Mövsüm meyvəsi olan narın 1.5-2 manatdan satılması anlaşılan deyil. Təxminən 1 həftə öncə bazarlarda nar 50 qəpik idi. Banan bir ara ucuzlaşsa da, indi 2.5 manatdan aşağı deyil. Bu mövsümün xurması isə 70-80 qəpiyədir.

Qərzəkli məhsulların qiymətində isə heç bir fərq yoxdur. Bu mövsümün məhsulu olan şabalıdın kiloqramı 5-6 manata, qozun kiloqramı da 6 manata satılır.

Bəzi satıcılar qiymətlərin baha olması fikrinə etiraz edirlər: “Burada onsuz da mal satılmır. Qiyməti baha qoysaq ümumiyyətlə, alan olmayacaq. Ona görə də çox artırmırıq. Həm də yarmarkada qiymətlərə nəzarət var. Çox artırmağa qoymurlar. Hər malın üstünə 20-30 qəpik qoyuruq. Alıcılıq da çox zəifdir və günü-gündən azalır. Hər yarmarkada vəziyyət daha da pis olur. Təsərrüfatçı qapısından çıxmır. Biz onlardan alıb gətirib satırıq. Burada da həftəsonu bazara insanların daha çox gəlməsini nəzərə alıb, qiymətləri qaldırırlar. Topdansatış mərkəzlərindən ucuz mal ala bilmirik. Həftəsonu qiymətlər həftə içi günlədən daha baha olur. Əgər ucuz bazarlıq etmək istəyirsinizsə, həftə içi gedin bazara. Bananın bir yeşiyinin qiyməti həftəarası 19 manata kimi düşmüşdü, indi 41 manatdır. İki dəfə bahalaşıb. Bir yeşikdə 18 kiloqram banan olur. Qiymət artdığı üçün bizim gəlirlərimiz də azalır, bahalaşma bizə də sərf eləmir”.

Qeyd edək ki, market və mağazalarda sənaye istehsalı olan ərzaq məhsullarının qiyməti baha olduğundan insanlar daha çox ərzaq ehtiyaclarını kənd təsərrüfatı məhsulları hesabına ödəmək istəyirdilər. Lakin artıq kənd təsərrüfatı məhsulları da bahalaşmağa başlayıb. Bu isə o deməkdir ki, insanları qarşıda çox çətin qış gözləyir.
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı
 Havalar soyudu, yarmarkada da qiymətlər qalxdı