BolgeXeber.Com » Media » Mətbuat Şurasının sədri: Bu, heç bir halda mətbuata təzyiq kimi dəyərləndirilə bilməz

Mətbuat Şurasının sədri: Bu, heç bir halda mətbuata təzyiq kimi dəyərləndirilə bilməz

3-12-2016, 16:29
Oxunub: 3 664 Mətbuat Şurasının sədri: Bu, heç bir halda mətbuata təzyiq kimi dəyərləndirilə bilməzDövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Bizim dövr” qəzetinin adı ilə vətəndaşları şantaj edən dəstə üzvlərinin zərərsizləşdirilməsi heç bir halda mətbuata təzyiq kimi dəyərləndirilə bilməz

Bunu Trend-ə Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, “Bizim dövr” qəzetinin adı müxtəlif vaxtlarda MŞ-nın “Qara siyahı”sında olsa da, bir müddətdən sonra çıxarılıb. Ancaq MŞ-ya yenidən daxil olan şikayətlər əsasında, “Bizim dövr” qəzetinin adı yenidən qurumun “Qara siyahı”sına daxil edilib.

Ə.Amaşov qeyd edib ki, Şuranın “Qara siyahı”sına bu vaxtadək 70-dən çox kütləvi informasiya vasitəsinin adı daxil edilib. Siyahı MŞ-ya daxil olan şikayətlər əsasında tərtib edilib.


DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı
Şura sədrinin sözlərinə görə, “Qara siyahı”ya düşən KİV-lərin bəziləri adları siyahıya salındıqdan sonra fəaliyyətini dayandırıb, bəziləri isə bu gün də fəaliyyətini davam etdirir:
“Şuranın “Qara siyahı”sına düşən KİV-lər mütəmadi olaraq, peşə-davranış qaydalarının tələblərinə əməl etməyən, KİV haqqında qanunvericiliyin tələblərini pozan, ayrı-ayrı insanların şərəf və ləyaqətini alçaldan, ailə həyatına müdaxilə edən və reket adlandırılan mətbuat orqanlarıdır. Çox təqdirəlayiq haldır ki, DTX-nin həyata keçirdiyi əməliyyat nəticəsində reket jurnalistlər saxlanılıb. Belə halların qarşısı hər zaman alınmalıdır”.

Şura sədri əlavə edib ki, reket jurnalistika ilə məşğul olanlar əsasən, onlayn saytlardır.

Reket jurnalistika ilə mübarizənin yalnız MŞ-nın işi olmadığını deyən Ə.Amaşov qeyd edib ki, onlara qarşı mübarizə tədbirləri məhz hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməlidir:

"Hüquq-mühafizə orqanları bu sahə ilə bağlı çox çiddi ölçülər götürməlidirlər. Çünki bu sahə ilə məşğul olanlar jurnalistika ilə heç bir əlaqəsi olmayan insanlardır. Belə hadisələri törədən şəxslərlə bağlı jurnalistika müstəvisində deyil, cinayət əməlləri müstəvisində hərəkət etmək daha qanunauyğundur”.