BolgeXeber.Com » Müsahibə-Reportaj » Sabiq maliyyə naziri: Neftin qiyməti 23-25 dollara satılanda sevinirdik

Sabiq maliyyə naziri: Neftin qiyməti 23-25 dollara satılanda sevinirdik

5-12-2016, 15:22
Oxunub: 4 045 Sabiq maliyyə naziri: Neftin qiyməti 23-25 dollara satılanda sevinirdik“Azərbaycanın iqtisadi vəziyyəti hazırda elə də sadə deyil, mürəkkəbdir, amma bu vəziyyətdən çıxış yolları var. Ölkə rəhbərliyinin bununla bağlı fərmanları, sərəncamları, qərarları mövcuddur, yəni müəyyən proses gedir.

Çıxış yolu həm də ondadır ki, bundan sonra dövlət büdcəsi vəsaitlərindən daha səmərəli, intizamlı, effektiv istifadə olunsun, büdcə kəsiri az olsun, ölkədən valyuta çıxışına nəzarət gücləndirilsin, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı və turizm inkişaf etdirilsin”.

Bolgexeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə 1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışmış Əvəz Ələkbərov bildirib.

O, müsahibəsində neftin qiymətləri barəsində də öz fikirlərini bölüşüb:

“Mənim vaxtımda neft 100-120 dollara satılmırdı, onun hər barelinin qiyməti 18 dollar ətrafında dəyişirdi. O vaxt neft 23-25 dollara satılanda sevinirdik.

Amma hökumətdə qəti fikir ondan ibarət idi ki, neft daimi deyil, tədricən onun hasilatı azalacaq, yerini təbii qaz tutacaq, odur ki, neftdən əldə olunan gəlirlər gələcək nəsillərə saxlanılmalıdır.
Beynəlxalq təşkilatlarla keçirilən müzakirələrdə, görüşlərdə həmişə qeyri-neft sektorunun inkişafı məsələsi diqqət mərkəzində olub”, - deyə sabiq nazir deyib.

Qeyd edək ki, o, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Maliyyə və maliyyə institutları kafedrasına rəhbərlik edir.

Həmçinin, ADİU-nun Professorlar Klubu Rəyasət Heyətinin sədridir.