BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

10-12-2016, 15:43
Oxunub: 2 021 Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)Bu gün Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov deyib: "İllər keçdikcə, zaman ötdükcə bütün Azərbaycan xalqı özünün xoşbəxtliyinin, əmin-amanlığının, yüksək rifahının, ölkəmizin düzgün strateji xətlə inkişafı nəticəsində sabitliyinin və təhlükəsizliyinin mənbəyinin, əsasının və təməlinin ulu öndər Heydər Əliyevlə bağlı olduğunu daha dərindən dərk edirik. Bu gün biz növbəti dəfə - hələ sağlığında öz quruculuq və xilaskarlıq missiyasını məharətlə yerinə yetirməklə canlı əfsanəyə çevrilmiş, xalqımızın əbədiyaşar ümummilli lideri zirvəsinə yüksəlmiş fenomenal şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anım gününü qeyd edərkən Azərbaycanın çoxəsrlik tarixində öz mövqeyinə, nüfuzuna, xalqımızın tarixi taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük azərbaycanlının müqəddəs ruhu qarşısında baş əyir, tam məsuliyyət hissi ilə anlayırıq ki, məhz onun müdrikliyi və uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyəti müstəqil Azərbaycan Respublikasının mövcudluğunu və inkişafını reallığa çevirib. Biz prokurorluq işçiləri də bütün Azərbaycan xalqı kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirərkən onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salmaqla əziz və unudulmaz xatirəsini ehtiramla yad edir, gördüyü möhtəşəm işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirik".

Qeyd edilib ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına diqqət göstərən ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında müstəsna rolu olub. O, prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə diqqət və qayğısını əsirgəməyib. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Ömür. Tale. Epoxa” filmi nümayiş etdirilib.
Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)