BolgeXeber.Com » Analitika » Ölkə ərazisində qəzalar niyə artır?

Ölkə ərazisində qəzalar niyə artır?

16-01-2017, 11:16
Oxunub: 4 002 Ölkə ərazisində qəzalar niyə artır?Son günlər yol qəzalarının sayı artıb

Bolgexeber.com avtosfer.az-a istinadən xəbər verir ki, təkcə srağagün rəsmi xəbərə görə, respublikanın müxtəlif bölgələrində baş vermiş yol qəzalarında 6 nəfər ölüb. Ən pisi də odur ki, qəzaları araşdırarkən maraqlı faktlar ortaya çıxır. Məsələn, məlum olur ki, qəzada ölən sürücü sürət həddini aşdığı üçün əvvəllər dəfələrlə cərimə olunub. Elə son yol qəzası da bu səbəbdən baş verib. Bu sıraya ötmə qaydalarını pozmağı, kəmər taxmamağı, sərxoş halda avtomobil sürməyi və s. də əlavə etmək olar...

Sürət həddini aşan sürücülər, bilin və agah olun, bərk sürərkən ola bilər ki, sürətiniz yüksək olduğu üçün 5 dəfə əzrail sizə çatıb tuta bilməsin, amma 6-cıda mütləq tutacaq, lap elə 16-cıda olsun, fərq etməz, nə vaxtsa tutacaq.

İl ərzində sürət həddini aşmağa görə 5 dəfədən artıq radara düşən sürücünün, məncə, çox ciddi problemi var. Heç kim inciməsin, amma bu barədə ciddi düşünmək lazımdır. Çünki 6-cı dəfə DYP-nin yox, əzrailin radarına düşmək təhlükəsi var. Bu radardan isə heç kim sağ qurtarmır...

Cərimələrin sayı çoxaldıqca, yol polisini qınamaq əvəzinə, “niyə belə olur?” sualına doğru-düzgün cavab tapa bilən sürücü sağlam düşüncəli sürücüdür. Nəticə çıxara bilirsə, ona zaval yoxdur. Amma banka gedərək deyinə-deyinə cərimə ödəyib, yenidən kəməri taxmadan sükan arxasına keçərək yola çıxan sürücü hələ “düzəlməmiş” sürücüdür. Bu düşüncə ilə çox uzağa getmək olmayacaq...