BolgeXeber.Com » Analitika » Biz kimik - türk, yoxsa azərbaycanlı?

Biz kimik - türk, yoxsa azərbaycanlı?

9-02-2017, 12:48
Oxunub: 3 949 Biz kimik - türk, yoxsa azərbaycanlı?Dilimiz və mənşəyimiz haqqındakı mübahisələrə bu günə qədər nöqtə qoyulmayıb

Milliyyətcə biz kimik - türk, yoxsa azərbaycanlı? Dilimiz türk dilidir, yoxsa Azərbaycan dili? Bu iki mövqe, iki fikir tərzi, iki dünya baxışı arasındakı arışmaz ziddiyyətlər artıq söz və mübahisə səviyyəsindən çıxıb iki ideoloji cəbhə təşkil etməkdədir. Bu məsələlərə aydınlıq gətirmək üçün ən müxtəlif sahələrə qədər baş vurulur. Antropoloji, etnoqrafik, tarixi və linqvistik araşdırmalar aparılır, arqumentlər əsaslandırılır, lakin yenə də kütləvi-ideoloji təbliğat əhatəsində ciddi bir nəticə əldə edilmir.

Mənşəyəmizin və dilimizin türk adlanması təkzibedilməz örnəklərlə bu mətnlərdə təsdiq olunur. Əsrləri dolaşdıqca “azərbaycanlı” adına rast gəlmək mümkün olmadığı halda, türk adına rast gəlmək adi hala çevrilib. Bəlkə elə məsələnin həlli də buradadır? Bizim bir millət kimi var olmağımızı istəməyənlər və yanlışlıqla onlara dəstək verənlər bəlkə elə türk adından buna görə imtina edirlər. Axı “azərbaycanlı” adı mətnlərdə tapılmadıqca bizim də bir millət olaraq tariximizin olmaması, son illərdə formalaşan bir toplum kimi meydana gəldiyimiz əsaslandırıla bilər. Türk dili ilə qədim dövlətçilik ənənəsi olan mədəni-ictimai və siyasi bir toplum üzə çıxırsa, azərbaycanlı adı ilə tarixi çox da uzağa getməyən müəyyən məhdud əhali anlaşıla bilər. Təbiidir ki, bu bizə yox, bizi sevməyənlərə lazımdır.

Görkəmli şərqşünas alim Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı fundamental tarixi əsərində tariximizi müasirləşdirmək cəhdinin fitnəkar məqsədlərdən törədiyini bildiyi üçün bunun qarşısını almağa çalışmışdır: “Azərbaycan əhalisinin türkləşməsi məsələsi illər boyu davam etmiş, bu prosesin başlanğıcının aydınlaşdırılması çox mürəkkəbdir və bu məsələ indiyidək həll edilməmişdir. Bəzi tədqiqaçıların etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki onda yerli, böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz yumulur”

Müəllif fikirlərinin doğruluğunu əsaslandırmaq üçün VII əsrdə bu mülahizəni təsdiq edən məxəzi diqqətə çatdırır: “Əməvi xəlifəsi Müaviyə bir dəfə qədim tarixə bələd olan Yəmənli Abid ibn Şariyəyə belə sual verir: “Türklər və Azərbaycan nə deməkdir?” Abid cavab verir: “Azərbaycan-qədimdən türklərin yaşadığı ölkədir”.

Qeyd edək ki, görkəmli alim bu fikirləri və digər mülahizələri ciddi tarixi qaynaqlarla əsaslandırır.
Atif İslamzadə

Filologiya üzrə fəlsəfə doktoru