BolgeXeber.Com » Xəbərlər » “Kartof daşıyanlara veteran vəsiqəsi verdilər, döyüşənlərə isə...” - Deputatdan nazirə açıq məktub

“Kartof daşıyanlara veteran vəsiqəsi verdilər, döyüşənlərə isə...” - Deputatdan nazirə açıq məktub

18-02-2017, 18:59
Oxunub: 2 749 “Kartof daşıyanlara veteran vəsiqəsi verdilər, döyüşənlərə isə...” - Deputatdan nazirə açıq məktubÖzü də bu müharibə veteranları heç də hansısa bir imtiyaz üçün bu adı almaq istəmirlər, bu bir mənəviyyat məsələsidi. İnsan öz oğluna, qızına o sənədi göstərib bir qürur duymaq istəyir, nəslinin tarixinə yazmaq istəyir”


Millət vəkili, yazıçı Aqil Abbas Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənova açıq məktub yazıb.

Qaynarinfo.Az xəbər verir ki, o müraciətində Qarabağda könüllü döyüşən şəxslərin bir qisminin müharibə veteranı vəsiqəsini hələ də ala bilmədiklərini, ümumiyyətlə, bu sahədə ciddi problemlərin mövcud olduğunu bildirib: "Bəzi müharibə veteranlarının (bunlar az deyillər) bir problemi illərlədi həll olunmamış qalır. Özü də bu problemi həll etmək o qədər də çətin deyil.

Müharibə başlayanda Milli Ordu yoxuydu. Milli Ordunu Daxili Qoşunlar və qəhrəman polislərimiz əvəz edirdi və yüzlərlə də şəhid verdi. O qəhrəman polislərimizlə birgə vuruşanlar isə demək olar könüllülərdən ibarət idi. Onlar Azərbaycanın hər yerindən – Lənkəranından tutmuş Qubasınadək, Bakıdan tutmuş Qazaxınadək, hətta Naxçıvanın özü savaşın içində olmasına baxmayaraq, Naxçıvandan belə Qarabağa axışıb bu Vətəni qoruyurdular. Hətta onların çoxu öz cibinin puluna silah almışdı. Adamlar maşınını, evinin xalı-xalçasını satıb Gürcüstandan, Rusiyadan silah-sursat alıb Vətən namusunu qoruyurdu. Əgər bu gün bir araşdırma aparsaq görərik ki, 20 min şəhidimizin bəlkə də altmış faizi həmin könüllülərdi. Eləcə də 20 mindən artıq qazimizin də bəlkə də elə altmış faizi həmin könüllülərdi. Amma indi onlar öz halal haqlarını ala bilmirlər, yəni müharibə veteranı sənədini.

Həmin o qarışıq illərdə kimsə bir dəfə iki kisə kartof, üç kisə un əsgərlərimizə yardım aparırdısa (sağ olsunlar amma) hansısa yollarla müharibə veteranı sənədi alır və bu gün də yekə-yekə deyir ki, mən müharibə veteranıyam. Əslində, bu gün bu da araşdırılmalıdır, qardaşım, sən hansı döyüşdə olmusan? Yəni bu yalançı müharibə veteranlarını üzə çıxarmağın özü də çox yaxşı olardı.

Amma üç il, dörd il səngərdə can qoyan könüllülər, yuxarıda qeyd etdiyimiz kimi, öz halal haqlarını ala bilmirlər. Savaş vaxtı bəlkə onlar da ala bilərdi, amma onda onları sənəd maraqlandırmırdı, torpaq maraqlandırırdı, vətən maraqlandırırdı”.

Millət vəkili daha sonra qeyd edib ki, bu problemlərlə əlaqədar millət vəkillərinə xeyli sayda müraciətlər daxil olur: "Mənə və eləcə də digər deputatlarımıza bəlkə yüzlərlə belə müraciətlər olur. Burda adlar da yaza bilərəm, lazım deyil. Məsələn, bu günlərdə mətbuatda bir müharibə veteranının müraciəti çap olunmuşdu. Könüllü gedib, sonra Milli Ordu yarananda orduya qəbul etməyiblər ki, səhhətin yol vermir. Amma onun xahiş və yalvarışlarından sonra qalıb könüllü vuruşmağına icazə veriblər. Özü də tank sürüb. Əlində də bütün sənədləri, ezamiyyə vərəqləri, tərxis olunma sənədi, amma hələ də ona müharibə veteranı adı verilmir. Bu könüllülərin əllərində hərbi biletləri var, hərbi biletlərində silahlarının nömrələri də qeyd olunub. Nə vaxt ordu sıralarından tərxis olunmağı da qeyd olunub, amma yenə müharibə veteranı adını ala bilmir. Həm bizim sorğularımıza, həm də özlərinin sorğularına gələn kəsə bir cavab var: arxivlərdə sizin adınız yoxdur.

O vaxt Müdafiə Nazirliyi hansı gündəydisə, arxivi də elə o gündəydi.

Özü də bu müharibə veteranları heç də hansısa bir imtiyaz üçün bu adı almaq istəmirlər, bu bir mənəviyyat məsələsidi. İnsan öz oğluna, qızına o sənədi göstərib bir qürur duymaq istəyir, nəslinin tarixinə yazmaq istəyir”.

A.Abbas sonra nazirdən xahiş edib ki, qeyd olunan problemlərin həll edilməsi üçün lazımi tədbirləri görsün: "Sizdən artıq dərəcədə xahiş edirəm, bu məsələ ilə ilgilənəsiz! Tapşırasız bir ciddi araşdırma aparsınlar, yalançı müharibə veteranlarını da üzə çıxarsınlar, əsl veteranlar da öz halal haqlarına qovuşsunlar.

Və onu da xüsusilə qeyd etmək istəyirəm ki, sabah savaş başlasa bir əli, ayağı olmayan qazilərimiz də, həmin veteranlar da könüllü olaraq cəbhədə ön cərgədə olacaqlar. Hətta öz halal haqlarını almasalar da.

Mən bunu aprel döyuşlərində gördüm. Həmin vaxt Ağdamda – cəbhə böldgəsindəydim. Yaşlarının keçməsinə baxmayaraq bu qazilər, bu veteranlar döyüşə atılmaq üçün bir himə bənd idilər”.
Bolgexeber.com