BolgeXeber.Com » Media » Jurnalistlərin narazı qaldığı mətbuat katibləri - Bakı Meriyası rekord vurdu

Jurnalistlərin narazı qaldığı mətbuat katibləri - Bakı Meriyası rekord vurdu

10-04-2017, 12:58
Oxunub: 4 342 Jurnalistlərin narazı qaldığı mətbuat katibləri - Bakı Meriyası rekord vurduİnternet mediasının sürətlə inkişaf etdiyi indiki dövrdə jurnalistin hər hansı hadisə barədə məlumatı dəqiq, qərəzsiz və operativ şəkildə ictimaiyyətə çatdırması həm də dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətindən asılıdır

Son illər bir çox rəsmi qurumda aparılan struktur dəyişiklikləri daşıdığı vəzifənin öhdəsindən layiqincə gələn, peşəkarlıq nümayiş etdirən mətbuat katiblərinin sayını artırıb. Amma hələ də özünü təmsil etdiyi qurumun rəhbəri, az qala naziri kimi aparan, telefon zənglərinə, dəfələrlə göndərilən xahiş dolu mesajlara cavab verməyən mətbuat katibləri də az deyil.

Modern.az-ın müxbiri olaraq, mənim fikrimcə, siyahıya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova başçılıq edir. O Nailə xanım ki, hörmətli merimiz Hacıbala Abutalıbova şikayət mesajı yazmadan jurnalistə cavab vermir. Hər dəfə Yeni il, Novruz bayramı və Gül bayramlarda eyni pres-relizləri mediaya göndərməklə vəzifəsini icra etmiş olur.

Jurnalistləri saymayanlar arasında Nailə Məmmədovadan heç də geri qalmayan Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da var. Ölkənin dini durumuna birbaşa aidiyyatı olan bir qurumun mətbuat katibi jurnalistlərlə sıx əlaqədə olmaq əvəzinə, özünü şeyx həzrətləri kimi aparır. Hətta vəzifəsini icra etməməklə yanaşı, jurnalisti təhdiddən də çəkinmir. Jurnalistika sahəsində çalışdığım 4 il müddətində bir dəfə də olsun ünvanladığım suala, sorğuya cavab ala bilmədiyim yeganə mətbuat katibi isə Maliyyə Nazirliyindən Mais Piriyevdir. Hər nə qədər onun özündən asılı olmayan səbəblərdən dolayı mətbuata açıqlama verilmədiyi deyilsə də, bu, inandırıcı görünmür. Çünki jurnalisti özünə həmkar sayan biri ən azından telefona cavab verib vəziyyəti izah edər. Azmı olub “Bunu yazmaq üçün demirəm, öz aramızda qalsın” deyənləriniz...
Dövlət Gömrük Komitəsinin mətbuat katibi barədə isə danışmağa dəyməz. Jurnalistlərin yəqin ki, 99 faizi bu qurumun mətbuat xidmətinə kimin rəhbərlik etdiyini bilmir. Məncə, bu fikirlə bütün jurnalistlər razılaşar ki: Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə yarada bilmək, kosmosa uçmaq kimi bir şey olar.

Modern.az digər həmkarlarımızın da narazı qaldığı mətbuat katiblərilə bağlı fikirlərini təqdim edir:

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd deyir ki, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Azəriqaz” İB-nin mətbuat katibləri ilə əlaqə qurmaqda heç bir çətinliyi olmayıb:
“Əvvəllər Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla əlaqə qurmaq olmurdu. Yəni, mümkünsüz idi. Şükür ki, o qurum da birləşdirildi. Bizim Namiq Həsənovdan, onun da bizdən canı qurtardı. Şadam ki, bir neçə il öncə cənab prezidentin baş redaktorlarla görüşündə "Hər kəs jurnalistin sualına cavab verməlidir" açqlaması və jurnalistlərin dəfələrlə bu məsləni gündəmə gətirməsindən sonra mətbuat katibləri özlərinə çəki-düzən verdilər. Yəni jurnalisti saymağa başladılar. Mənə elə gəlir ki, univeristetlərin mətbuat katibləri də jurnalistlərlə dostluq münasibəti qurmağa çalışırlar. Amma bəzi komitələrdə mətbuat katibləri özlərini nəinki komitə sədri, az qala nazir kimi aparırlar.. Ümumən vəziyyət pis deyil. Bu sahədə də işlər yüksələn xətt üzrə davam edir... İnsafən mənimlə kobud danışan mətbuat katibi olmayıb. Bircə onların "xahiş edirəm, imkan varsa, danışdıqlarımı vermə" istəkləri olmaya”.

Azvision.az saytının müxbiri Aytən Zəhra ünvanladığı suallara cavab almaqda çətinlik çəkdiyi mətbuat katiblərinin adlarını sadalayıb:
“Cavab verməyənlərin başında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova dayanır. Vacib məsələ ilə bağlı o xanıma zəng vurmazdan əvvəl mesaj yazırıq ki, zəng edən kimdir, nə üçün zəng edir, cavab verməsini xahiş edirik. Amma yenə telefona cavab vermir. İcra başıçısı Hacıbala Abutalıbov ondan yaxşıdır. Heç olmasa mesajı görən kimi özü zəng edir ya da köməkçisinə zəng eləditdirir.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova də telefona cavab verməyənlərdəndir. Əvvəl yenə mesaj yazıb kim olduğumuzu bildirəndə cavab verirdi. Son vaxtlar onlardan da olmuşuq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti Elman Babayev də telefona cavab verməyənlərdəndir. Əvvəllər onunla danışmaq olurdu, amma son 3-4 ildə mümkün deyil. Telefonlara cavab vermir. Ancaq Facebook-da mesaj yazandan və dəfələrlə soruşandan sonra sualı cavablandırır. Ombudsmanın mətbuat xidməti Nəcəf Tağıyev də telefona cavab verməyənlər sırasındadır”.

Milli.az-ın əməkdaşı İlkin İzzət ümumi şəkildə mətbuat xidmətlərinin işini tənqid etsə də, ad çəkmək istəməyib:
“Əfsuslar olsun ki, bəzi dövlət qurumlarının və onların mətbuat xidmətlərinin rəhbərlərinin düşüncələri hələ də çağdaş dövrə transformasiya oluna bilməyib. Onların bəziləri hətta mediaya və jurnalistlərə az qala xalq düşməni kimi yanaşırlar. Əslində mətbuat xidməti, ictimai əlaqələr və ya ictimai kommunikasiyalar adı altında fəaliyyət göstərən sektor və ya şöbələrin başçıları əksər hallarda həmin qurumun rəhbərinin güzgüsü hesab olunur. Çox zaman qurumun rəhbərinin mətbuata və ictimai rəyə münasibəti necədirsə, onun işçisi də eyni mövqeni nümayiş etdirir. Hazırda bir çox dövlət qurumlarının mətbuat xidmətləri KİV-ə məlumat verməkdən, onunla sıx əməkdaşlıq etməkdən daha çox, bunun əksi olan yolla gedirlər. Bu isə tamamailə yanlışdır. Amma nə yaxşı ki, işini dövrün tələbləri səviyyəsində və ya buna yaxın quran qurumlar və ya mətbuat xidmətləri də var. Lakin təəssüf ki, onların sayı barmaqla sayılacaq qədərdir”.

Space TV-nin müxbiri Famil Fərhadoğlu televiziyalarla əlaqələri lazımi səviyyədə qura bilməyən mətbuat katiblərinin sayının çox olduğunu qeyd edib:
“Bu sırada Bakı şəhər icra hakimiyyətinin mətbuat xidmətinin adı var. Amma mətbuat katibinin hansısa fəaliyyətini, yəni konkret hansısa jurnalistə müsahibə təşkil etməsini və ya özünün müsahibəsini görməmişəm. Adıçəkilən qurumun gördüyü təqdirəlayiq işləri də işıqlandırmağa kömək etdiyini görməmişəm.
Keçmiş Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov da televiziyadan ümumilikdə jurnalistikadan bu sahəyə gəlsə də, əksər hallarda jurnalistlərə köməklik göstərmirdi. Bəzən hansısa şəxs mətbuat katibi təyin olunduqdan sonra özünü məmur kimi aparmağa çalışır, zənglərə cavab vermir. Namiq Həsənov da onlardan idi.
Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində konkret mətbuat katibi olmadığı üçün o qurumdan müsahibə götürmək çətindi.
AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski televiziyalarla işini lazımı səviyyədə təşkil edə bilmir. Halbuki, bundan öncəki mətbuat katibi Məhərrəm Səfərli lazım olanda o qurumla bağlı müsahibə verirdi.Və yaxud jurnalistlərə çəkilişlə bağlı köməklik göstərirdi. Paşa müəllim mailə press-reliz və yaxud özünə lazım olan tədbirlərlə bağlı məlumat göndərməklə işini bitmiş sanır.
SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev bu qurumla bağlı bəzi məsələlərdə müsahib və yaxud müsahibə lazım olanda köməkik göstərməyib. Çox qəliz insandı. Məncə əksər həmkarlarım SOCAR-ın mətbuat xidməti ilə bağlı məsələdə mənimlə razılaşar”.

APA.az-ın redaktoru İlkin Əhmədov məsələyə başqa askpektdən yanaşıb. O, işini yaxı quran mətbuat katiblərinin adını sadalasa da, nədənsə narazı qaldığı dövlət qurumlarını hallandırmaqdan yayınıb:
“Açığı, qabaqlar günahı mətbuat katiblərində görürdüm. Lakin 1-2 ildir tam fərqli düşünürəm. Özümü onların yerinə qoydum və öz-özümə sual verdim: mən bu vəzifədə olsaydım, vəziyyət necə olardı? İqtisadi sahəni işıqlandıran jurnalist kimi, yalnız bu sahədə fəaliyyət göstərən şəxslərdən danışmağım düzgün olar. Tam səmimi deyirəm ki, bir neçə qurumla ciddi problemimiz var idi. Lakin həmin qurumların mətbuat katibi vəzifəsinə dəyərli həmkarlarımız təyin olunduqdan sonra vəziyyət radikal dərəcədə dəyişdi. Götürək Energetika Nazirliyini, "Bakı Metropoliteni" QSC, "Azəravtoyol" ASC, "Azərbaycan Hava Yolları" QSC, Bakı Nəqliyyat Agentliyini və s. Mətbuat bu qurumların mətbuat katibləri ilə "soyuq müharibə" şəraitində olub. Lakin adıçəkilən vəzifələrə yeni şəxslər, həmkarlarımız təyin olunduqdan sonra vəziyyət ideala yaxındır. Bu mətbuat katibləri anlayır ki, onlar bir növ təmsil etdiyi qurumun və onun rəhbərinin güzgüsüdür. Onlar sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir. Bəziləri hətta gecəyarısı təcili olaraq sorğumuzu cavablandırıb. Məsələn, Əfqanıstanda təyyarəmiz qəzaya uğrayanda AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski gecə saat 01:00 radələrində bizimlə koordinasiyalı şəkildə işləyirdi. Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva isə OPEC üzvlərinin Vyana görüşündən dərhal sonra təxminən 22:00-da nazir Natiq Əliyevin şərhini bizə göndərmişdi. “Bakı Metropoliteni”ndən Nəsimi Paşayev haqqında da müsbət danışmaq olar.
Bu şəxslər özünü qətiyyən məmur kimi aparmır və bunu siz məndən də yaxşı bilirsiniz. Problemimiz olan tək-tük mətbuat katibi var. Onların siz məndən də yaxşı tanıyırsınız. Çünki onların az qala bütün mətbuatla problemi var. Qocaman mətbuat katibləri ilə isə problemim yoxdur. Biz bir-birimizi illərdir tanıyırıq. Hətta bəzilərinin ən pis günündə övladlarından tez özümü yanına çatdırmışam. Yaxşı günün dostu olmaq asandır. Mən onlara sübut etmişəm ki, dostluğumuz işgüzar münasibətlərlə, hansısa xəbərlə bitmir. Ən maraqlısı odur ki, biz qurumların mətbuat katiblərindən danışırıq, amma inanın mənə ki, bəzi şirkət, bank və ya sığortaçının mətbuat katibləri özünü əsl məmur kimi aparır”.

Qafqazinfo.az-ın müxbiri Günel Türksoy isə hədəfdən yayınmadan işinə mane olan mətbuat katiblərinin adını çəkib:
“Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Nailə Məmmədova, Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov, həmçinin, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsinin mətbuatla əlaqələri yaxşı deyil. Jurnalistin suallarını cavabsız qoyurlar, ümumiyyətlə onlarla danışmaq olmur. Yaxşı işləyənlər- “Azərvtoyol”, “Azərsu”, “Azərişıq”, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Statistika Komitəsi, Milli Məclis, Vergilər Nazilriyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyidir. Yəni bunlardan mövzuya münasibət öyrənmək mümkündür”.

“Mövqe” qəzetinin müxbiri Zülfiyyə Quliyeva düşünür ki, əksər mətbuat katibləri işinin öhdəsindən layiqincə gəlir:
“Elə mətbuat xidməti rəhbərləri var ki, onlarla əlaqə qurmaq, nazirlərdən açıqlama almaqdan çətindir. Dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin bəziləri jurnalistlərin nə telefonuna cavab verir, nə də sorğusunu cavablandırır. Məsələn, Maliyyə Nazirliyinin mətbuat xidmətindən indiyədək bir dəfə də olsun sualıma və ünvanladığım rəsmi sorğuya cavab ala bilməmişəm. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə ünvanladığım sorğu da cavabsız qalıb. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbərindən də sualımıza cavab ala bilmirik. Mərkəzi Bankın mətbaut xidməti də mətbuata açıq deyil. Halbuki, əvvəllər Mərkəzi Bankdan suallarımıza operativ cavab alırdıq. Rayon İcra hakimiyyətlərinin də mətbuat xidməti rəhbərləri arasında çox az qismi mətbuatın suallarına cavab verir. Çoxunun adını, əlaqə nömrəsini belə bilmirik. Səbail Rayon İcra Hakimiyyətinin sözçüsü İsrafil müəllim bu məsələdə digər rayon icra hakimiyyətlərindəki həmkarlarına nümunədir.
Amma insafən mətbuatın suallarını operativ cavablandıran mətbuat xidməti rəhbərləri də var. Mən əsasən sosial-iqtisadi sahədən yazılar, xəbərlər hazırladığım üçün həmin sahələrlə bağlı qurumların mətbuat katibləri ilə əlaqə saxlayıram. Onlar arasında razı qaldığım bir çox mətbuat katibi var. Hər halda bir jurnalist bütün qurumların mətbuat xidməti rəhbərlərinin işinə qiymət verə bilməz. Hər kəs yazı hazırladığı, mütəmadi əlaqə saxladığı qurumların mətbuat katiblərinin işinə qiymət verə bilər. Elə mətbuat katibləri var ki, press-reliz yaymaqla özünün işini bitmiş hesab edir. Jurnalistlər üçün mediaya açıq mətbuat katibi dedikdə, zəng etdikdə operativ cavab verən mətbuat katibləri nəzərdə tutulur. Bu gün elə qurumlar var ki, jurnalistlər onlarla əlaqə yaradanda min dəfə üzlərinə salavat çəkirlər”.

Trend İnformasiya Agentliyinin müxbiri Samir Əlinin sözlərinə görə, Azərbaycanda özünü nazir səviyyəsində tutan iki mətbuat katibi var idi:
“Onlardan birindən jurnalistlərin canı qutardı. Bu, Azərbaycan mətbuatında hamının tanıdığı və heç kimin informasiya ala bilmədiyi Namiq Həsənov idi.
Prezidentin Nəqliyyat Nazirliyini ləğv edərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirməsi barədə verdiyi sərəncam əsasən jurnalistləri sevindirdi. Amma, indi daha bir mətbuat xidmətinin rəhbəri “nazir” vəzifəsində qalır, amma, vəzifəsini icra etmir. Bu şəxs hazırda və uzun müddət Bakı şəhər İcra hakimiyyətinin mətbuat xidməti vəzifəsində olan Nailə xanımdır. Bu xanımın soyadını bilmirəm. Uzun müddətdir ki, bu xanımla danışmaq istəyirəm. İnformasiya almaq üçün yox, heç olmasa onun soyadını dəqiqləşdirmək üçün. Bu müddət ərzində xanımın nə mobil, nə də xidməti otağındakı telefonunun dəstəyini qaldıran var ki, onun heç olmasa soyadını dəqiqləşdirim. Bax beləcə uzun illərdir ki, Nailə xanımın soyadını dəqiqləşdirə bilmirəm. Belə bir şəxsi bu yüksək postda niyə saxlayıblar, onu anlamıram. Və nəhayət sonuncu şansımdan istifadə edib Modern.az saytı vasitəsilə Nailə xanıma səslənirəm ki, bəlkə bu yazını oxuyandan sonra cavab verər, informasiya verməsə də soyadını desin ki, biz yazıda istifadə edə bilək.
Bakı şəhərinin meri, hörmətli Hacıbala Abutalıbovdan isə yeganə xahişim odur ki, jurnalistlərə “lopatka” götürüb arx qazmağı, şəhərin su basmış ərazilərini təmizləməyi tövsiyə edincə, heç olmasa bircə dəfə Nailə xanıma telefonun dəstəyini götürməyi tövsiyə etsin. Çünki onun bu tövsiyəsinə Nailə xanımdan çox jurnalistlərin ehtiyacı var. Arabir Nailə xanımın işi ilə maraqlansa, inanın ki, Hacıbala Abutalıbovun başqalarına tövsiyə verməyə vaxtı qalmayacaq”.

“Həftə içi” qəzetinin müxbiri Naibə Qurbanova deyir ki, əslində mətbuat xidməti rəhbərləri elə məmur sayılır:
“Bizdə o qədər ki, məmurlar işinin öhdəsindən gəlməyib, elə düşünürük ki, vəzifəsini yerinə yetirə bilməyən qurum sözçüləri məmurdur digərləri yox. Ümumiyyətlə, media ilə işini düzgün qurmaq mətbuat xidməti rəhbərindən deyil, həmin qurumun rəhbərindən və şəxsin özünün xarakterindən asılı olan bir məsləsidir. Ona görə də kimisə ittiham etmək, məcbur etmək və ya tənbeh etməklə normal çalışacaqlarını düşünmürəm. Media-qurum arasında ən çox narazılıq yaradan əsas faktor isə ayrı-seçkilikdir. Əgər "KİV haqqında Qanun"unun tələblərinə riayət olunarsa, mətbuat xidməti rəhbərinin özünü məmur və ya qeyri-məmur kimi aparmasından asılı olmyaraq ayrı-seçkilik və narazılıq da olmaz. Yəni hər kəs qanun çərçivəsində işini qurar, nəinki şəxsi tanışlıqla. Məsələn, heç kəsə sirr deyil ki, bəzi kütləvi informasiya vasitələri var ki, onların maliyyə mənbəyi hansısa dövlət qurumudur və həmin qurum ekskluziv xəbərlərini, ilk açıqlamanı, müsahibəni kurasiyasında olan agentliyə verir. Bu formada iş qurulacağı təqdirdə hər hansı qayda-qanunun tətbiqindən danışmaq gülməlidir və biz jurnalistlər bunun əziyyətini artıqlamasıyla çəkirik. Bu müstəvidə hansısa mətbuat xidmətinin rəhbəri özünü məmur kimi aprasa nə dəyişəcək, aprmasa nə dəyişəcək? Mətbuat xidməti rəhbərləri sadəcə onlara deyiləni çatdıran işçi qüvvəsidir. Son illər isə əksəriyyəti qurumla media arasında səddir, nəinki körpü. Çünki illər əvvəl əksər qurumlarda bu vəzifə yox idi və biz şöbə müdirləri, nazir səviyyəsində məlumat əldə edə bilirdik. Son vaxtlar isə "sorğu göndərin", "sualları yazılı göndərin" tələbi qoyublar ki, bu da bəhanədən başqa bir şey deyil.
Fəaliyyətindən narazı qaldığım mətbuat xidmətləri SOCAR, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Hesablama Palatası, Bakı Şəhər İcra Hakimiyyəti, Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır. Nəqliyyat sahəsində isə əvvəl Namiq Həsənovla başa gələ bilmirdiksə, indi də kiminlə əlaqə saxlayacağımızı bilmirik. Bir-birinə oxşar qurumların hansına, kimin sözçü olduğunu artıq ayırd edə bilmirəm. Az qala hər marşrutun bir mətbuat xidməti var. Və son illər qadın mətbuat xidməti rəhbərlərinin işindəki peşəkarlığı, operativliyi xüsusi vurğulamaq istərdim.

“Yeni Musavat” qəzetinin müxbiri Nərgiz Liftiyevanın sözlərinə görə, bəzi dövlət qurumlarının mətbuat xidmətinin normal işləməməsi jurnalistlərin işinə mənfi təsir edir:
“Xüsusən də, Müdafiə Nazirliyinin mətbuat xidməti cəbhədə vəziyyətin gərgin olduğu günlərdə məlumat yaymır. Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri ilə əlaqə saxlamaq nazirlərlə əlaqə saxlamaqdan daha çətindir. Günlərlə telefona cavab vermir, cavab verdikdə isə sualdan yayınırlar. Onların mövqeyi olmadan dərc edilmiş tənqidi xarakterli yazı olduqda isə zəng edərək bizi ittiham edirlər ki, nə üçün mövqeyimizi verməmisiniz. Bir maraqlı məqam da var ki, bu cür mətbuat xidmətləri ancaq özlərinə lazım olanda jurnalistlərlə əlaqə saxlayırlar. Məsələn, Bakıda penoplast problemindən binalar yananda Bakı Şəhər İcra Hakimiyyətinin nəinki mətbuat xidməti, Hacıbala Abutalıbov belə jurnalistlərin zənginə dərhal cavab verirdi. Bu məsələ səngiyəndən sonra onları tapmaq müşkülə çevrildi. Müsbət nümunə kimi, Bakı Metropoliteni, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, “Azərişıq”, “Azəriqaz”, “Azərsu”, “Azəristilik” kimi dövlət qurumlarının mətbuat xidmətlərinin adlarını çəkə bilərəm”.

Sputnik-in müxbiri Təranə Xudabaxşıyeva mövzunu jurnalistlər üçün aktual hesab etdi, amma o da kimnsə adını hallandırmaqdan çəkindi:
“Bəzi mətbuat katibləri var ki, öz vəzifələrini bilmirlər. Belə ki, jurnalistlərin zənglərindən, mesajlarından yayınırlar. Hətta mesajlarını oxuduqları halda cavab yazmırlar. Bu cür insanlar öz vəzifələrini icra etmir, amma bunun müqabilində hər ay əmək haqqı alırlar. Mən təklif edirəm ki, mətbuat xidmətlərinin işini dəyərləndirmək üçün hər ilin sonunda ən pis mətbuat xidəti naminasiyası elan olunsun və layiq olana təqdim edək. Bəlkə bundan sonra düzələrlər..”.

Fineko/abc.az-ın müxbiri Ülviyyə İsmayılova çalışdığı sahə üzrə narazı qaldığı mətbuat katibinin olmadığını vurğulayıb:
“Bircə narazı qaldığım mətbuat katibi Namiq Həsənov idi. İndi Nəqliyyat Nazirliyi və Namiq Həsənov da yoxdur. Mənim ondan başqa heç bir mətbuat katibilə problemim olmayıb”.

Lent.az-ın müxbiri Fərizə Əhmədova narazı qaldığı mətbuat katibləri olduğunu desə də, konkret bir nəfərin adını çəkir:
“Mənim əslində mətbuat katibləri ilə elə çox problemim olmayıb. Əsasən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovanın adını çəkə bilərəm. Onun varlığı ilə yoxluğu hiss olunmur. Özü də onların tabeliyində olan qurumlara tapşırıblar ki, sizə telefon açan jurnalistləri yönləndirin bizə. Halbuki, heç vaxt telefona cavab vermirlər. Nailə xanım zəngimə bircə dəfə cavab verib, o da çox kobud şəkildə”.