BolgeXeber.Com » Analitika » "Rabitə işi"ndə müəmmalı "rabitəsizlik": - Hökm verən də seytnotda, cəza gözləyən də...

"Rabitə işi"ndə müəmmalı "rabitəsizlik": - Hökm verən də seytnotda, cəza gözləyən də...

14-04-2017, 12:56
Oxunub: 3 870 "Rabitə işi"ndə müəmmalı "rabitəsizlik": - Hökm verən də seytnotda, cəza gözləyən də...Maraqlıdır ki, gözləntilərin əksinə olaraq M. Məmmədov dövlətə vurduğu ziyanı ödəməsinə baxmayaraq hələ də həbsdən azad edilməyib

Ötən il oktyabr ayının 6-da “MTN işi” çərçivəsində həbs edilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov azadlığa buraxıldıqdan sonra cəmiyyətdə belə bir fikir formalaşmağa başladı ki, növbəti mərhələdə "Rabitə işi" çərçivəsində həbsdə olan “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədov da dəmir barmaqlıqlardan qurtulacaq. Çünki Məhəmməd Məmmədovun istintaq dövründə dövlətə vurduğu zərəri ödədiyi bildirilir. İstintaqın iddiasına görə bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslərin götürüldüyü də gələn informasiyalar arasındadır.

Xatırladaq ki, məhkəmənin hökmü ilə F.Seyidov və R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq, onlara şərti cəza verilib. Hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb. Bildirilirdi ki, onlar dövlətə vurduqları zərəri ödədikləri üçün azadlığa buraxılıblar. Ona görə də gözlənilirdi ki, növbəti mərhələdə anoloji haminstlik Məhəmməd Məmmədova da tətbiq olunacaq və o da keçmiş həmkarları kimi azadlığa qovuşacaq, amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...

Onu da oxucuların yadına salaq ki, “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov barəsində həbs-qətimkan tədbiri 2015-ci ilin noyabr ayının 17-də seçilib. M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

M.Məmmədov həbs edilərkən YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri idi. Yalnız bir neçə ay sonra M. Məmmədov partiyadakı vəzifəsindən azad olundu. YAP mətbuat xidmətindən yayılan məlumatda deyilirdi ki, M.Məmmədov yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. “Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır” - deyə, xəbərdə bildirilirdi.

Maraqlıdır ki, gözləntilərin əksinə olaraq M. Məmmədov dövlətə vurduğu ziyanı ödəməsinə baxmayaraq hələ də həbsdən azad edilməyib. Diqqətçəkən bir məqam da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin çox ləng və davamlı təxirəsalınmalarla müşayət olunmasıdır. Görünən odur ki, məhkəmə "yuxarı"dan birmənalı göstəriş almadığından qərarsızlıq sindromundan əziyyət çəkir və M. Məmmədovun aqibətinə aydınlıq gətirməkdə tərəddüd edir.

Anoloji vəziyyət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan keçmiş baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevlə bağlıdır. B. Vəliyevin istintaqın iddalarında göstərildiyi məbləği – yəni dövlətə vurmuş olduğu zərəri son qəpiyinədək ödəməsinə və ağır xəstə olmasına, həbsdə olduğu müddətdə əməliyyat olunmasına baxmayaraq azadlığa buraxılması yubadılır. Orası da heç kimə sirr deyil ki, Bayram Vəliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyində hər hansı vəzifə tutmayıb və sadəcə Beytulla Hüseynovun həyat yoldaşına məxsus şirkətləri idarə edərək yüksək əmək haqqı alıb. Yəni onun dövlətə külli miqdarda zərər vurma imkanları hətta istəsəydi belə mümkün deyildi. Çünki o sadəcə icraçı olub və hər hansı ciddi qərarvermə səlahiyyətləri olmayıb. Amma bütün bunlara baxmayaraq B. Vəliyev də zindanda oturub barəsində veriləcək məhkəmə hökmünü gözləyir.

Yeri gəlmişkən, parlamentin aprelin 7-də keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qəbildən olan cinayətlərlə bağlı olduqca ilginc bir xəbərin anonsunu verdi. Ə. Hüseynli tezliklə prezident İlham Əliyevin imzası ilə Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında qanun layihələri paketinin daxil olacağını və iqtisadi cinayətlərlə bağlı cəzaların xeyli humanistləşdirilməsinin nəzərdə tutulduğunu bildirdi:

“Bir müddət sonra cənab prezidentin müvafiq fərmanı ilə ümumiyyətlə iqtisadi sahədəki cinayətkarlıqla bağlı cəzaların humanistləşməsi ilə bağlı bir sıra paketlər təqdim olunacaq. Bu qəbildən olan cinayətlərdə biz ona istiqamətlənməliyik ki, dəymiş ziyan qaytarılsın”.

Doğrudur, həmin qanunun nə zaman parlamentə daxil olacağı və plenar iclasda müzakirəyə çıxarılaraq qəbul ediləcəyi bəlli deyil. Yəni təbii ki, məntiqlə M. Məmmədov və B. Vəliyevin də adlarının keçdiyi cinayət işi ilə bağlı məhkəmə hökmü həmin qanunun qəbul ediləcəyi günə qədər təxirə salınası deyil və istənilən halda onlara cəza veriləcək. Ola bilsin apellyasiya instansiyasınadək həmin qanun qəbul olunar və yalnız bundan sonra həmin humanizm aktı onlara da tətbiq edilər. Hələliksə həm cəza verməli olanlar, həm də hansı cəza alacağını gözləyənlər seytnot vəziyyətində humanizm sorağında gözləyirlər... \\moderator.az\\