BolgeXeber.Com » Analitika » Otellərdə nikahsız qeydiyyat - əcnəbilərə "HƏ", azərbaycanlılara "YOX!"

Otellərdə nikahsız qeydiyyat - əcnəbilərə "HƏ", azərbaycanlılara "YOX!"

3-06-2017, 12:33
Oxunub: 4 511 Otellərdə nikahsız qeydiyyat - əcnəbilərə "HƏ", azərbaycanlılara "YOX!"rkəzlərində tətbiq olunan bu kimi qaydalar çoxlarını narahat edir

Həftəsonu istirahət etmək üçün sevgilimlə üz tutduq Qaxa.

Fikrimiz orada gecələyib, Qaxı və ətraf rayonları gəzmək idi. Qaxda istirahət mərkəzlərindən birinə getdik. Amma bizə oteldə iki nəfərlik nömrə vermədilər. Dedilər ki, rəsmi nikahınız olmadığına görə ayrı-ayrı otaqlarda qala bilərsiniz”.

Bu sözləri Azər Hacıyev (ad-soyad şərtidir-red) adlı bir oxucu bildirib.

Onun dediyinə görə, otelin adminstratoru ilə nə qədər mübahisə etsə də, birgə nömrə ala bilməyib:

“Məni maraqlandırır ki, Azərbaycanda həqiqətənmi belə qayda var? Çünki nə qədər tələb etsəm də, oteldə mənə heç bir sənəd göstərmədilər. Administrator bildirdi ki, əslində, onlar da belə bir qayda ilə razı deyillər, çünki turizmi inkişaf etdirmək istyən ölkədə belə bir absurd qaydalar ola bilməz. Administrator dediyinə görə, onları da gözlənilmədən gəlib yoxlayırlar və cərimə edirlər. Amma kim yoxlayır, kim cərimə edir məsələsini aydınlaşdırmadı. Bilmək istəyirəm ki, bu hansı qanunla tənzimlənir, ümumiyyətlə, bu qaydanı kim çıxarıb?”

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, əksər iaşə obyektlərində, mehmanxana, otel və istirahət mərkəzlərində tətbiq olunan bu kimi qaydalar çoxlarını narahat edir.
Nəinki bölgələrdə olan otel və mehmanxanalarda, hətta paytaxtda yerləşən brend otelləri çıxmaq şərtilə, digərlərində qalmaq istəyən cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunur. Əks təqdirdə onlara nömrə verilmədiyi bildirilir. Çünki hər hansı bir oteldə nikah haqqında şəhadətnamə təqdim olunmayanda polislər tərəfindən gözlənilmədən edilən reydlər zamanı məkan rəhbərliyi cərimə olunur. Halbuki, həmin mehmanxana və otellər beşulduzludur və kifayət qədər də nüfuzludur... Bu kimi problemi də təbii ki, heç bir obyekt rəhbərliyi etməz.
Paytaxtda yerləşən otellərdən birinin adminstratoru bizimlə söhbətində dedi ki, nikah şəhadətnaməsi almadıqda ciddi problemlər yaşayırlar:

“Əgər “ZAQS kağızı” almasaq, obyektdə əməliyyat keçirib, deyəcəklər ki, bura əxlaqsızlıq yuvasıdır. Yəni nikah haqqında şəhadətnamə tələbimiz məhz bu kimi xoşagəlməz hallara qarşı aparılan yoxlamalar səbəbindəndir. Yoxsa bizim insanların şəxsi həyatı ilə nə işimiz var? Axı əxlaqsızlıq yuvası nəyə deyirlər?
Əxlaqsızlıq yuvası odur ki, orada konkret 10-15 nəfər qadın əyləşir və gələn kişi müştərilərə onları təklif edirlər. Bunun təyinatı bu cürdür. Kimsə sevgilisi ilə ora gəlirsə, ona necə etiraz edə bilərik? Ödənişini və sənədlərini təqdim edir, biz də onun konstitusion hüququnu pozmadan istirahətinə mane olmuruq. Əgər gələn insanlar özlərini əxlaq normalarından kənar apararaq başqa turistlərin istirahətinə mane olmurlarsa, bizim onlara etiraz etməyimiz mümkün deyil”.

Qeyd edək ki, bu tipli şikayət birinci dəfə deyil. Kimlərsə özlərinə digərlərinin ailə statusunun düzgün olub olmaması barədə qərar vermək səlahiyyəti verib... Heç kimə sirr deyil ki, ölkədə heç də hamı rəsmi nikahda yaşamır. Təkcə bir faktı qeyd edək ki, qeyri-rəsmi nikahdan ötən illər 26 min uşaq dünyaya gəlib.

Qeyri-rəsmi nikahda, müasir dildə vətəndaş nikahında yaşayan çoxsaylı insanlar var ki, müxtəlif səbəblərdən münasibətlərini rəsmiləşdirmirlər. Amma bu həmin vətəndaşların şəxsi işi olduğundan buna qarışmaq niyyətimiz yoxdur. Belə çıxır ki, bu insanlar hər hansı bir regionda birlikdə dincəlmək ixtiyarına malik deyillər və ya ikiqat xərc çəkməlidirlər. Dünyanın heç bir silvil ölkəsində yerində görünməyən absurd bir qayda...
Məsələnin maraqlı tərəfi bundadır ki, həmin qayda elə həmin otellərə gələn əcnəbilərə tətbiq olunmur ki, bu da sual yaradır - əgər otelə nikahsız gəlmək olmazsa, bu prinsipi niyə əcnəbilərə də tətbiq etmirlər? Yox əgər olarsa, belə olan halda Azərbaycan vətəndaşlarına niyə qadağalar qoyulur?
Əxlaqsızlıqla mübarizəni bəhanə edib, bu tip qaydalar tətbiq olunursa, bir çox məsələlərə eyni prizmadan baxıb bir çox şeyləri qadağa etmək olar – məsələn gecə klubu, karaoke, bar və sairə. Əsas odur ki, bəhanə olsun, hər şeyə bir səbəb tapmaq olar.
Sivil ölkələrin otellərində qaydanı da yada salsaq, bilməyənlər bilər ki, orada ikinəfərlik nömrədə qeydiyyat üçün iki nəfərdən birinin sənədi kifayət edir. Nömrəni rezerv edərkən orada belə qeyd olunur – Rezerv edən insanın adı və + 1 nəfər qonaq.
Həmin qonağın kim olmasının, sənədinin olub, olmamasının isə heç kimə aidiyyatı yoxdur.

“Boutique Travel” jurnalının məsul redaktoru, səyyah-jurnalist Vyaçeslav Sapunov BiG.AZ-a bu məsələ barəsində şərh verərkən “Zənnimcə, belə bir hal sovet dövründən qalma yalançı mənəviyyat məsələsidir, digər tərəfdən də dözülməz bir haldır” – deyə bildirib:

“Hansı səbəbdən eyni bir hal əcnəbilər üçün keçərlidir, azərbaycanlılar üçün yox? Bu başabəla otel biznesmenləri nə təklif edirlər? Vətəndaş hər hansı bir rayona gedərkən özü ilə bütün sənədlərini, o cümlədən nikah haqqında şəhadətnaməsini götürməlidir? Digər tərəfdən otelə gələn cütlüyün nikahı yoxdursa, onlara iki otaq götürməli olduqlarını demək, imkan olduqca həmin adamdan daha çox pul qazanmaq arzusundan irəli gəlir. Bu gün bizim turizm irəli inamlı olmasa da, gözlə görünən addımlar atır. Bu yolda nə qədər az ağılsız qadağalar olsa bir o qədər tez biz turizm industriyasını lazımi səviyyəyə qaldıra bilərik”.

Məşhur səyyah-jurnalist Azər Qərib isə öz növbəsində qeyd edir ki, əslində, nüfuzlu, brend otellərdə nikah şəhadətnaməsi tələb edilmir.

“Digər nisbətən aşağı səviyyəli otellərdə bu hala rast gəlinir. Deyilənə görə, bu onunla bağlıdır ki, həmin otellərə polis gəlir, reydlər keçirir. Belə bir hal aşkarlayanda, deyirlər ki, bura əxlaqsızlıq yuvasıdır. Həmin məkanları da cərimələyirlər. Ona görə də həmin otellər nikah şəhadətnaməsini istəməklə özlərini sığortalayırlar. Yəni burada başqa bir səbəb görmürəm. Sözsüz ki, bu düzgün deyil. 21-ci əsrdə yaşayırıq, kiminsə özəl həyatı digərinin nəyinə gərəkdir? Yəni bu halı məntiqə uyğun saymıram, düzgün hal hesab etmirəm. Həm də, bildiyimə görə, qanunda belə bir tələb yoxdur” – deyə, A.Qərib bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bizimlə söhbətində bildirdi ki, nazirlik tərəfindən bu məsələ ilə bağlı heç bir qayda və ya hər hansı bir göstəriş yoxdur:

“Azərbaycan Respublikasında 18 yaşdan yuxarı istər ölkə, istərsə də, əcnəbi vətəndaşı olan hər bir şəxs ya pasportu, ya da şəxsiyyət vəsiqəsini təqdim edərək, hər hansı bir mehmanxanada gecələyə bilər. Nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı heç bir normativ, hüquqi akt yoxdur. Yəni bu hal qanunla tənzimlənmir, belə bir qanunvericilik yoxdur ki, mehmanxanaya və ya otelə gedən zaman mütləq nikah haqqında şəhadətnaməni göstərməlisən”.

Otellərdə nikah haqqında şəhadətnamə ilə bağlı müəmma hələ də davam edir. Qanunla bu qadağan olsa da, otellər şəhadətnamə tələb edir...

- Qanunvericilikdə Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı müddəa yoxdur. Belə bir müddəanın olmadığı halda mehmanxanaların şəhadətnamə tələb etməsi düzgün deyil. Beynəlxalq qaydalara və təcrübəyə əsasən mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi zamanı hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini qeyd edir.
Otellərdə nikahsız qeydiyyat - əcnəbilərə "HƏ", azərbaycanlılara "YOX!"

Yeri gəlmişkən, bugünlərdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov APA-ya müsahibəsində bu məsələtə toxunub. Deyib ki, qanunvericilikdə Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı müddəa yoxdur:

“Belə bir müddəanın olmadığı halda mehmanxanaların şəhadətnamə tələb etməsi düzgün deyil. Beynəlxalq qaydalara və təcrübəyə əsasən mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi zamanı hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini qeyd edir.

Bu məlumatlar mehmanxanada gecələmək üçün kifayət edir. Bu baxımdan, istər yerli, istərsə də ölkəmizi ziyarət edən xarici turistlərin istirahət etdiyi zaman öz hüquqlarını tam olaraq bilməsi, eləcə də bu sahədə kifayət qədər məlumatlandırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq ictimaiyyətə müxtəlif maarifləndirici press-relizlər çatdırır. Digər tərəfdən, nazirliyin müvafiq əməkdaşları tərəfindən mütəmadi olaraq mehmanxana rəhbərləri və idarəedici şəxslərlə əlaqə saxlanılır və bu sahə üzrə qanunvericilik barəsində maarifləndirmə işləri aparılır”.

Və sonda... Belə olan halda sual yaranır, nəyə əsasən, polislər tərəfindən qeyd etdiyimiz məkanlara gözlənilmədən reydlər edilib, məkan rəhbərliyi cərimə olunur? Əgər otellərə basqın edib, əxlaqsızlıq yuvası axtarılırsa niyə bu “qayda” bütün beşulduzlu otellərə də tətbiq edilmir? Əgər səmimi şəkildə insan alverinə qarşı mübarizə aparılırsa bu prinsipə niyə əməl olunmur?

Yadınızda saxlayın, digər heç bir halda, heç kim sizin oteldə qaldığınız otağa sizin icazəniz olmadan daxil ola bilməz. Çünki hər hansı bir oteldə pul ödəyib, daxil olduğunuz otağa, sizin öz şəxsi eviniz kimi sahiblik hüququna maliksiniz. (Biq.az)