BolgeXeber.Com » Müsahibə-Reportaj » Baş redaktor: “Çalışmalıyıq ki, erməni yalanları daha uzağa getməsin” - MÜSAHİBƏ

Baş redaktor: “Çalışmalıyıq ki, erməni yalanları daha uzağa getməsin” - MÜSAHİBƏ

17-06-2017, 22:22
Oxunub: 7 698 Baş redaktor: “Çalışmalıyıq ki, erməni yalanları daha uzağa getməsin” - MÜSAHİBƏMən KİV nümayəndələri ilə heç zaman münaqişə yaşamamışam

Fransızdilli "Le Carrefour" qəzetinin baş redaktrou, www.lecarrefour.az saytının rəhbəri və Beynəlxalq Franszıdilli Mətbuat Birliyinin Azərbaycan bölməsinin rəhbəri Zeynab Kazımova Modern.az saytına müsahibə verib.


-Zeynab xanım, hazırda ölkəmizdə yeganə fransızdilli qəzetə rəhbərlik edirsiz? Maraqlıdır, fransız dilində qəzetin azərbaycanlı oxucuları kimlərdir?


-Bəli, 10 ildir ki, fransızdilli “Le Carrefour” (“Yolqovşağı”) qəzetinin baş redaktoruyam. Azərbaycanın yeganə fransızdilli qəzeti olan “Le Carrefour” qəzeti 2007-ci ildə fəaliyyətə başlayıb və bu ilin may ayında qəzetin 10 yaşı tamam olub. Hazırda Azərbaycanda fransızdilli qəzet olaraq, Fransanın Azərbaycandakı səfirliyi və fransızdilli ölkələrin ölkəmizdəki səfirlikləri, fransız şirkətləri, Azərbaycanda Fransız İnstitutu və bir sıra digər dövlət və qeyri-hökumət strukturları ilə əlaqələrimiz var.
Ölkədən kənarda da qəzetin əlaqələri var. Belə ki, Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (BFMB), Fransanın TV5 kanalı ilə əməkdaşlığımız mövcuddur.

Qəzetin haqqında məlumat BFMB-nin rəsmi saytında qoyulub. Əsas hədəfimiz Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq, Azərbaycan-Fransa əlaqələrinin inkişafına dəstək vermək, fransızlara öz dillərində məlumat verməklə ölkəmizi tanıtmaq və təbliğ etməkdir. Belə desək, bizim auditoriyamız qəzetin azərbaycanlı oxucularından daha çox, xaricilərə yönəlib, işimiz fransızlara və fransızdilli əcnəbilərə məlumat vermək, ölkəmizin müsbət imicini artırmaq və təbliğ etməkdir.
Təbii ki, bizim oxucular sırasında fransız dilini öyrənən, bu dil üzrə ixtisaslaşan tələbələr, gənclər, Fransaya, fransız ədəbiyyatına, mədəniyyətinə, musiqisinə maraq göstərən, bu ölkəni sevən və arzusunda olan azərbaycanlılar da var. Fransız dili ixtisası üzrə universitet müəllimləri, orta məktəbdə dərs deyən müəllimlər qəzetin materiallarından tədrisdə bir vasitə kimi bu dilin öyrədilməsində istifadə edirlər. Lakin qeyd etdiyim kimi, “Le Carrefour” qəzetinin əsas missiyası ölkəmizin xaricidilli mediası olaraq, Azərbaycan həqiqətlərini tanıtmaq və ölkəmizi təbliğ etməkdir.

Biz müharibə şəraitində yaşayırıq və müharibəni cəbhə ilə yanaşı, informasiya sahəsində də aparmalıyıq. Çalışmalıyıq ki, erməni yalanları daha da uzağa getməsin. Ermənilər uzun illərdir, bu istiqamətdə piar işi apararaq,təəssüf ki, Avropada, məhz Fransanın özündə müsbət ictimai rəyi öz tərəfinə çəkməyə nail olub. Heç də təsadüfi deyil ki, hər zaman Fransa məhz ermənipərəst ölkə kimi xarakterizə olunub. Bu da Fransa mediasının elə münaqişənin lap əvvəllərindən daha çox birtərəfli olaraq ermənilərin mövqeyini dəstəkləməsi ilə də bağlıdır. Ermənilər uzun illər mediada müəyyən təsir imkanlarından istifadə edərək buna nail olublar.

Təsadüfi deyil ki, 1993-cü ildə məhz prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya edən ümummilli lider Heydər Əliyev Fransa Beynəlxalq əlaqələr İnstitutunda çıxış edərək, belə yalanların Fransada ilk dəfə mediada geniş şəkildə müzakirə olunduğundan və ictimaiyyətə birtərəfli çatdırırlmasından təəssüfləndiyini bildirmişdi. Lakin ermənilər bu işləri uzun illərdən bəri məqsədyönlü və sistematik olaraq apardıqları üçün çox hallarda dünyanı yalanlarına inandıra biliblər. Onlar bu gün yenə də piar aparırlar. Bu baxımdan, fransızdilli media orqanı olaraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizi təbliğ etmək üçün və qəzetin auditoriyasını genişləndirmək məqsədilə bütün mümkün vasitələdən istifadə etməyə çalışırıq.

Artıq qəzetin 10 yaşı var. 10 il ərzində Azərbaycanın Fransada, fransızdilli oxucular arasında təbliğatı, Azərbaycanın media orqanı olaraq Fransa ilə KİV sahəsində əməkdaşlığın qurulması sahəsində işlər görülüb. Düzdür, qəzetin maddi dəstəyi olmadığı üçün bu bizə təşəbbüs və layihələrimizi həyata keçirməkdə bir sıra çətinliklər yaradır. Tamamilə haqlı olaraq qeyd olunmalıdır ki, biz informasiya dövründə yaşayırıq və bu gün informasiyanın əhəmiyyəti getdikcə daha da artır. Ona görə də, bu işlər məqsədyönlü şəkildə aparılmalı və səmərəli şəkildə qurulmalıdır. Mən ölkəmizdəki xaricidilli medianın fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda Modern.az saytında məqalələrlə çıxış etmişəm. Azərbaycan haqqında müsbət informasiyaların verilməsi və ölkəmizin təbliğatı üçün bu profilli mediaya dövlət dəstəyinin vacibliyini qeyd edərək, bu sahədə əməli işlərin görülməsini zəruri hesab edirəm. Fikrimcə, xaricidilli mediaya dövlət dəstəyinin verilməsi çox mühüm məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, xaricə daha çox çıxış imkanının yaradılması üçün ölkəmizdə xaricidilli medianın fəaliyyətinə maddi-texniki baza və dəstək verilməlidir. Ümidvaram ki, cənab Prezidentin hər zaman bu sahə ilə bağlı vurğuladığı, xüsusi önəm verilməli olan bu məsələlərə diqqət ayrılacaq.


-Hazırda işləriniz necə gedir. Qarşıda hansı yeniliklər olacaq?


-Qəzet ölkə daxilində bir sıra media və ictimai qurumlarla daim əməkdaşlıq edir. Qeyd edim ki, “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008-ci ildən başlayaraq “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə bir neçə dəyirmi masa təşkil edilib. Yeri gəlmişkən deyim ki, Mətbuat Şurası hər zaman bizim qəzetə öz dəstəyini verir və tərəfimizdən irəli sürülən təşəbbüslərə müsbət yanaşır. Bunun göstəricisidir ki, məhz “Le Carrefour” qəzeti və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə birgə tədbirlərimiz olub. Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov həmişə bu tədbirlərə qatılır, çıxış edir. Ölkənin yeganə fransızdilli qəzeti olaraq qəzet Mətbuat Şurasına üzv qəbul olunub.
Bu illər ərzində qəzetin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində Yunanıstan və Fransa səfirlikləri ilə əməkdaşlıqda da tədbirlər keçirmişik. Eyni zamanda, “Le Carrefour” qəzetinin təşəbbüsü ilə 2016-cı ilin yanvar ayında Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın anım günü ilə əlaqədar tədbir təşkil etdik. 2016-cı ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində sözügedən ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr departamenti ilə birgə“Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib. Bu aspektdə başqa bir layihə-təklifimiz də Mətbuat Şurasının sədri ilə müzakirə olunub və yəqin ki, müvafiq vaxtda təşkil edəcəyik. Yeni ideya və təşəbbüslərimiz həmişə var, lakin maliyyə ilə bağlı çətinliklərimiz bunları reallaşdırmaqda çox zaman bizə mane olur. Bununla belə, “Le Carrefour” qəzeti həftəlik nəşr olsa da, ayda iki, ya bir dəfə olmaqla nəşr olunur. Yeni təşəbbüs və ideyalarımız var, həmçinin qəzetə maraq böyük olduğu üçün bir çox layihələrdə iştirakla bağlı təkliflər alırıq. Əgər müvafiq maliyyə yardımı göstərilsə, Azərbaycanda fransızdilli jurnalistlərin şəbəkəsini qurmaq və bu istiqamətdə Fransa ilə media sahəsində qarşılıqlı əlaqələri genişləndirməklə bağlı layihələri reallaşdıra bilərik.


-Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin saytı da fəaliyyət göstərir. Bir az da sayt və qəzetin əməkdaşları barədə danışın.


-Qəzetin elektron saytı www.lecarrefour.az 2009-cu ildən fəaliyyətə başlayıb, arada bir müddət texniki və maliyyə problemləri ilə bağlı müvəqqəti olaraq dayansa da, yenidən bərpa etdik. Bərpa edən zaman isə artıq təkcə qəzetin elektron versiyası deyil, xəbər portalı kimi nəzərdə tutuldu və hazırda saytda gündəlik yenilənmələr olur, gündəlik xəbərlər, müsahibələr veririk. Eksklüziv materiallar və müsahibələrimiz olur. Məsələn, bu yaxınlarda Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Mangən Bakıya səfəri ilə bağlı “Le Carrefour” qəzetinə geniş müsahibə verdi. Həmin müsahibə əməkdaşlığımız çərçivəsində azvision.az saytında da yayımlandı. Fransada yaşayan dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Diqqati ilə müsahibə verdik. Aprel ayında qəzetin iki sayı nəşr olundu. Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəyli haqqında verdiyimiz məqalə böyük maraqla qarşılandı. Azərbaycanın mədəni irsinin təbliği istiqamətində bu tipli məqalələr hər zaman fransızların diqqətini çəkir. Bu istiqamətdə işlərimiz davam edir.
Düzdür, qəzetin kollektivi cəmi 4 nəfərdən ibarətdir, könüllü çalışmaq istəyən tələbələr də bizimlə əməkdaşlıq edirlər. Qəzet Azərbaycandakı bütün səfirliklərə, şirkət və dövlət orqanlarına paylanır. Hazırda qəzetin yayım siyahısında 80-dək idarə, müəssisə və şirkət var. Bununla yanaşı, qəzetin hər bir sayından poçt vasitəsilə BFMB-nə, Azərbaycanın Fransada, Belçikada və İsveçrədəki səfirliklərinə, Avropa Birliyinin Brüsseldəki baş ofisinə, Avropa Şurasının Strasburqdakı baş ofisinə, YUNESKO-nun Parisdəki ofisinə, Fransa Xarici İşlər Nazirliyinə və digər yerlərə göndərilir.
Eyni zamanda, sosial şəbəkələrdə rəsmi Facebook, Twitter, Linkedin, İnstagram səhifələri var.


-Siz uzun illər mətbuat katibi kimi də fəaliyyət göstərmisiz. Çox vaxt jurnalistlərlə mətbuat katibləri arasında narazılıq baş verir. Siz bu cür hal yaşamısınızmı?


-Mən KİV nümayəndələri ilə heç zaman münaqişə yaşamamışam. Xırda anlaşılmazlıq bəlkə də olub, lakin dərindən ciddi bir hal olmadığı üçün xatırlamıram. 2008-ci ildə ADU-da İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin qurulması bu sahədə fəaliyyəti, ali təhsil ocağının KİV-lə əlaqələrinin qurulmasında həm nəzəri, həm də praktik işi ortaya qoydu. O zaman bir sıra ali məktəblərdə analoji şöbələr olsa da, ictimaiyyət arasında tanınmırdı, KİV-lə əlaqələr, media ilə iş aparmırdılar. Yadımdadır, ilk vaxtlar harasa zəng edib özümü təqdim edəndə təəccüblə soruşurdular ki, bəyəm universitetlərdə də mətbuat xidməti olur? Hazırda demək olar ki, bütün universitetlərdə belə strukturlar var və inanıram ki, daha heç kim bundan təəccüblənmir və həmin sualı vermir.
2008-2014-cü illərdə ADU-nun, 2014-2017-ci illərdə BANM-in İctimaiyyətlə əlaqələr üzrə struktur rəhbəri olaraq KİV nümayəndələri arasında keçirilən sorğularda “İlin mətbuat katibi”, “İlin ən yaxşı mətbuat xidməti”, “İlin ən fəal mətbuat xidməti rəhbəri” olmuşam. 2009-cu ildə təhsil nazirinin imzası ilə ali məktəblər arasında ilk olaraq mətbuat katibi kimi təşəkkür məktubu almışam. Növbəti illərdə də rəhbərlik etdiyim strukturlar mətbuat xidmətlərinin KİV-lə əməkdaşlığı sahəsində həmişə ilk sıralarda olub. Hər zaman bir mütəxəssis olaraq yüksək qiymətləndirilmişəm və məhz peşəkar göstəricilərimə görə vəzifə almışam. KİV nümayəndələri hər zaman fəaliyyətimi yüksək qiymətləndiriblər. Mən özüm ixtisasca beynəlxalq jurnalistəm, 1995-ci ildən mediadayam, KİV-in bütün sahələrində - radio, TV, qəzet, jurnal - işləmişəm. Buna görə də mətbuat katibi olaraq da, hər zaman hər bir jurnalistə öz həmkarım kimi baxmışam, onların hər birinə hörmətlə yanaşmışam. Bu da bizim aramızda səmimiyyət və dostluğun yaranmasına səbəb olub.


-Son 2 il mətbuat katibi kimi BANM-da çalışdız. İşinizin öhdəsindən heç də pis gəlmirdiniz. Sirr deyilsə, niyə qəfildən işinizdən ayrılmaq qərarı verdiniz? Səbəb nə idi?



-Bu ilin mart ayında öz şəxsi təşəbbüsümlə işdən çıxdım. Əslində bu, qəfildən olmadı, çünki ordakı fəaliyyətimin ilk ayından bu qərara gəlmişdim, sadəcə həyatımda baş verən faciə - anamı itirməyim bunu bir qədər gecikdirdi. Bu müddət ərzində oradakı fəaliyyətim sözügedən ali məktəbin Azərbaycan cəmiyyətində tanınmasında çox böyük rol oynadı. Bu fakt həm KİV nümayəndələri, həm də müvafiq şəxslər tərəfindən dəfələrlə obyektiv olaraq səsləndirilib. Mən sevinirəm ki, ölkədə bu kiçik və hazırda az yaşı olan bir ali məktəbin ilk quruculuq illərində məhz İctimaiyyətlə əlaqələr sahəsində görülən işlərdə mənim əməyim və zəhmətim var.