BolgeXeber.Com » Bölgə » İlham Əliyev Göygöl və Samux rayonlarına səfər edib – YENİLƏNİB

İlham Əliyev Göygöl və Samux rayonlarına səfər edib – YENİLƏNİB

19-08-2017, 18:40
Oxunub: 2 969 İlham Əliyev Göygöl və Samux rayonlarına səfər edib – YENİLƏNİBBu gün Azərbaycan prezidenti İlham Əliyev Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib

Bolgexeber.com-un məlumatına görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Hərəkət hissələrinin eni 7-14 metr arasında dəyişən yol 2 və 4 hərəkət zolaqlıdır. Tikinti işləri həyata keçirilərkən Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək.

Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan “İmamzadə” dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.

17:27

Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gəlib.

Dövlət Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

16:31

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verib. Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib. Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Göygöl Regional Aqrokimya Laboratoriyası tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. Bundan başqa, laboratoriyanın fəaliyyəti nəticəsində torpağın xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatları ilə təmin edilməsinə, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının müəyyənləşdirilməsinə, fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq.

Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək. Laboratoriya tərəfindən tarla nəzarəti həyata keçiriləcək, toxum partiyası və əkin materiallarından nümunə götürüləcək, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılacaq. Bundan başqa, laboratoriyanın fəaliyyətinə müvafiq dövlət standartlarına uyğun keyfiyyətdə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir.

Dövlət başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış olub. Laboratoriyanın yenidən qurulması layihəsi 2017-ci ildə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində laboratoriyada yeni bölmələr yaradılıb, müasir avadanlıqlar quraşdırılıb.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra kənd təsərrüfatı naziri H. Əsədov dövlət başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verib.

15:31

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra bu gün istismara verilib.

Prezident İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib. Bildirilib ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

Diqqətə çatdırılıb ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb.

Qeyd edilib ki, “Çiçəkli” Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 mln. kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15%-ni, Göygöl şəhərinin tələbatının isə 75%-ni ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elektroenergetika sahəsində mühüm uğurlar əldə edilib. “Azərenerji” ASC bu istiqamətdə işləri uğurla davam etdirir. Bu günədək 14 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 15 MVt olan dörd stansiya inşa olunur.

Dövlət başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.

15:24

Bu gün Prezident İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib.

Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

Qeyd edilib ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Azərbaycan dövləti gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi, əsl vətənpərvər və sağlam yetişməsi istiqamətində mühüm layihələr icra edir. Göygöldəki 4 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait bu istiqamətdə görülən işləri əyani surətdə təsdiq edən nümunələrdən biridir.

15:23

Göygöl rayonunda səfərdə olan Prezident İlham Əliyev buradakı Qələbə parkında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

Qeyd olunub ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.

Dövlət başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Diqqətə çatdırılıb ki, ümumi sahəsi iki hektar olan parkda əsaslı şəkildə yenidənqurma işlərinə 2016-cı ildə başlanılıb. Burada fəvvarələr quraşdırılıb, istirahət guşələri yaradılıb. Parkda kafe də fəaliyyət göstərir.

Yeni parkların, istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də turizm bölgəsi kimi böyük şöhrət qazanmış Göygölü daha da müasirləşdirir. “Qələbə” parkının yenidən qurulması rayonda bu istiqamətdə reallaşdırılan layihələrin bir hissəsidir.

15:11

Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfər edib.

Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.