BolgeXeber.Com » Dünya » Dünyanın ən təhlükəli dini sektaları barədə bilmədiklərimiz

Dünyanın ən təhlükəli dini sektaları barədə bilmədiklərimiz

23-08-2017, 11:19
Oxunub: 6 088 Dünyanın ən təhlükəli dini sektaları barədə bilmədiklərimizBu sektalara üzv olanlar qatilə, terrorçuya və manyaka çevrilir


Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Nazilə Qulubəyova ifadə verməkdən imtina edib. O, özünü pis hiss etdiyini söyləyib. Daha sonra N.Qulibəyovanın qardaşı ifadə verib.

O, Nazilə Qulubəyovanın əvvəllər xəstəliyinin olmadığını deyib: “Mən evə gələndə artıq hadisə baş vermişdi. Orada FHN əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də var idi. Polis də gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyəcanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanıqlı vəziyyətdə idi”.


O, bacısının həmişə özünə qapandığını qeyd edib: “Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib”. Nazilə Qulubəyovanın qardaşı ifadə verən zaman o, əyləşdiyi yerdən qeyri-adi hərəkətlər edib.


Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda dini təriqətlərdən birinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub. Uşağı xristian yönümlü təriqətin üzvü olan anasının öldürdüyü məlum olub. Nazilə Qulubəyova “bəd ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.


İnsanları xərçəng olduğuna inandırıb soyan dini sekta


“Yeni Müsavat” isə xatırladır ki, buna bənzər bir qətl ötən ilin oktyabrında da baş verib. Həmin vaxt da bir ana 5 yaşlı oğlunu boğaraq öldürmüşdü. Daha sonra mətbuatda hadisəni törətmiş şəxsin “Yahova şahidləri” sektasının üzvü olduğu, sosial şəbəklərdə isə onun satanistlərə xidmət etdiyi barədə iddialar irəli sürüldü.


Zaman-zaman yerli və beynəlxalq mediada dini sektalara qoşulandan sonra psixologiyası korlanan, qatilliyə qədər gedən insanların hərəkətləri barədə məlumatlar yer alır. Xatırlayırsızsa, iki il öncə Bakıda yaşayan şəkili bacılardan birinin digərini qətlə yetirməsi və bunu “mənə yuxarıdan vəhy gəldi ki, onu incitmə, birbaşa öldür” kimi izah etməsi də mediada ciddi müzakirə mövzusu olmuşdu. Bəli, təhlükəli dini sektalar və onların yaratdığı fəsadları çox adam bilmir və görmür. Biz isə xarici mediaya istinadən dünyanın ən təhlükəli dini sektaları barədə arayış hazırladıq.


Öncə başlayaq “No-po-Nana” sektasından. Yapon neobuddist sekta tərcümədə “işığın öyrənilməsi” anlamına gəlir. 1987-ci ildə əsası qoyulub. Sektann yaradıcıları tərəfindən belə bir şayiə yaradılmışdı ki, guya onların müəllimi Xogen Fukunaqa magik xüsusiyyətlərə malikdir və insanın eyni zamanda keçmişini, gələcəyini onun ayaqlarından oxuya bilir.

dini sektab.jpg (76 KB)


Sektanın ən uğurlu dönəmlərində onun üzvlərinin sayı 30 min nəfərə çatmışdı. Amma sektanın rəhbərliyi dələduzluqla məşğul idi. Belə ki, onlar bəzi insanlara xərçəng kimi ölümcül xəstəliklər diaqnozu qoyur və onları təşkil etdikləri xüsusi “təmizləmə tədbirlərinə” dəvət edirdilər. Belə tədbirlərin hər seansı isə 900 dollar idi.


Bu məsələ böyüyəndən və sektanın rəhbərliyi dələduzluq maddəsi ilə məhkəmə qarşısına çıxandan sonra ona 1 milyon dollara yaxın cərimə cəzası müəyyənləşdirildi.


Yadplanetlilərin adı ilə manipulyasiya edənlər dəstəsi


Raelçilər. Bu sekta ötən əsrin 70-ci illərində Klod Varilov tərəfindən yaradılıb. Onun yaradıcısını, keçmiş idman şərhçisi olan Rael kimi daha çox tanıyırdılar. Bu şəxs 1973-cü ilin 13 dekabrında bəyan etdi ki, Fransanın mərkəzindəki sönmüş bir vulkanda yadplanetlilərlə qarşılaşıb və onlardan biri özünü Allah adlandırıb.


Elohim adlı yadplanetli ona deyib ki, Yer üzərindəki həyat gen mühəndisləri tərəfindən yaradılıb. Bundan başqa, klonlaşdırmada da onların xidməti var. Sektanın rəhbəri eyni zamanda seksual azadlığı təbliğ edirdi ki, bu da özü ilə ciddi əxlaqsızlıqları da gətirirdi.


Rusiyada populyarlaşmış “Xristosun Kilsəsi” sektasının əsas prinsipi isə o idi ki, həqiqi xristian mütləq hər şeyi çatdırmalı, yer üzündə hər gün daha çox çiçəklənməli və dünyanın xilası üçün çalışmalıdır. Sekta üzvləri informasiya vakuumunda olurlar. Belə ki, onlar televiziya, radio və mətbuatdan tamamən özlərini təcrid edirlər. Onların böyük əksəriyyəti valideynlərini də atır. Belə ki, sekta daxilində belə bir sistem formalaşıb ki, onların düşüncəsini qəbul etməyən insanlar şeytanın əlində bir silahdır. Bu sektanın toplantıları daha çox stadionlarda keçirilir və formatına görə ekstrasenslərin yığıncağını xatırladır. Sektaya üzv olanın daha sonra ənənəvi üsullarla müalicəsi mümkün deyil. Çünki bir çox hallarda ondan qopmaq istəyən insanları öldürürlər.


Bu sektanın 1000 üzvü isə eyni gündə intihar edib


“Xalqlar Məbədi” - Havay adalarında yerləşən bu sekta dünyanın ən təhlükəli dini sektası sayılır. 1978-ci ildə burada baş verən hadisə bütün dünyanı şoka saldı. Şahidlər deyir ki, sektanın rəhbəri Cim Consun çıxışlarına toplaşan adamlar mitinq iştirakçılarını xatırladırdılar. Onun bir sözünü iki etməyə kimsə cəsarət etmirdi.


1978-ci il noyabrın 18-də Cons çıxış edərkən Amerika bayrağına işarə edərək demişdi: “Fanatik, irqçi, imperialist millətin nümayəndələri, vaxt gələcək hesablaşacağıq”. Həmin gün 1000-dən çox ABŞ vətəndaşı (sekta üzvü) kütləvi intihar etmişdi.


Ümumilikdə dünya üzrə 3200-dən çox saentologiya kilsəsi, missiyaları, qrupları və sosial hərəkatı fəaliyyət göstərir. 154-dən çox ölkədə bu hərəkatın tərəfdarları var. Bu nəzəriyyənin yaradıcısı amerikalı fantastik əsərlər yazıçısı Lafayet Ronald Habbarddır. Gəncliyində dənizçi və polis olmuş Habbard sonradan universitetə daxil olub, fizika və astronomiyanı öyrənib. Daha sonra jurnalist və romançı kimi tanınıb, 130-dan çox əsər yazıb. 1970-80-ci illərdə saentologiya elmi üzrə məruzələrə başlayıb. Saentologiya tərəfdarları 1954-cü ildə dini icma - kilsə yaradıblar, yəni Ron Habbardın taleyi bir qədər də azərbaycanlı filosof Asif Əfəndiyevinkinə bənzəyib.


Bu kilsənin tərəfdarları Tanrını sonsuzluq kimi qəbul edir, Onun Yüksək Varlıq və Yaradan kimi də adlandırıldığını bildirirlər. Onların fikrincə, insan əbədidir və tarix boyunca forma dəyişdirərək mövcud olur. MDB məkanında saentologiya hərəkatı ilk dəfə 1984-cü ildə peyda olub, onda sovet rejiminin qadağalarına baxmayaraq, Leninqrada, yəni indiki Sankt-Peterburqda bir qrup adam saentologiya təlimini öyrənməyə başlayıb. 1980-ci illərin sonlarında oxşar qrup Moskvada da yaranıb. 1990-cı illərin əvvəllərində bu qruplar birləşərək, Rusiyada saentologiya kilsəsi təsis ediblər. Kilsə bütün MDB məkanında rus dilində saentologiya ədəbiyyatı yaymaqla məşğuldur. Lakin milli dillərdə də kitablar nəşr olunur. Habbardın əsərlərinin tərcümə olunduğu 50-dən çox dil arasında Azərbaycan dili də var. Bakının çeşidli yerlərində - kitab pasajında, keçmiş Kitab evinin yanında bukinistlərdən saentologiya barədə yetərincə kitab tapmaq olar.


Saentologiya həvəskarları əsasən tələbə-gəncliyi təmsil edirlər. Saentologiyanın geniş yayılmasına baxmayaraq tərəfdarı azdır, dünya üzrə toplam sayları 8 milyondan çox deyil. Lakin buna baxmayaraq, zaman-zaman dünyanın bir çox ölkələrində artıq saentoloqlara qarşı radikal addımlar atılır və kilsələri bağlanılır.


Almaniya elitasını saentologiyanın məhz “ruh təmizləmə” prosedurları və cəlbedici vədləri qorxudur. Bu ölkənin “Koubrqer taqeblat” qəzeti saentologiyanın iradəcə zəif, təsir altına tez düşən insanları tora saldığını bildirir: “Təəccüblü deyil ki, xüsusilə gənc insanlar təşkilatın qurbanına çevrilirlər. Psixoloji təsir üsulları ilə insanları asılı, manipulyasiyalara uyan hala salırlar. Şübhəli üsullar istifadə edən bu yalançı din bizim demokratik cəmiyyətin əsaslarından çox uzaqdır”.


Almaniyanın ailə, gənclik, qadınlar və yaşlılar üzrə naziri Ursula fon Lyayen ehtimal edir ki, saentologiya “çox vaxt insanları psixoloji və maliyyə asılılığına salır”.


Ağdərililərlə qaradərililər arasında müharibə elan edən sekta


“Menson” sektası: Menson Yer üzünün bu günə qədər görmüş olduğu ən böyük manyak, ağılsızdır və özünü peyğəmbər elan edib. O, ağ və qara dərili insanlar arasında müharibə elan edib. Bəyanatlarında isə bildirib ki, ancaq bu iki qütbdəki insanlar arasında müharibə bitsə, dünya tamamən təmiz olacaq və bu, ona dünya üzərindəki hökmranlığa gedən yolu açacaq.
Çarlz Menson 1969-cu ildə, bir neçə qətldə ittiham olunub. Bu qətllərin sırasında polyak aktrisa Şeron Teytin həyat yoldaşı, rejissor Roman Polanski də olub. Məhkəmənin hökmünə görə, o, qaz kamerasına salınmalı idi. 1977-ci ildə Kaliforniya məhkəməsi ona ölüm hökmü elan edib. Ölüm hökmünü daha sonra ömürlük həbs cəzası ilə əvəz ediblər.


“Ailəni unut, başına torba keçirib intihar et...”


“Heaven’s Gate” sektası isə 1975-ci ildə ABŞ-da, Marşal Eppluayt və Bonni Nettlz tərəfindən yaradılıb. 1977-ci ildə Marşal öz sektasının 39 üzvünü intihara sövq edib. Buna səbəb kimi isə Yer kürəsinin Heyla Bolp kometası ilə toqquşması ehtimalı olub. O, təriqət üzvlərini inandırıb ki, onlar Yer kürəsini tərk edərək, kosmik gəmidə səyahətə gedəcəklər. Sekta üzvləri əllərinə əlcək, başlarına papaq taxıb gəzirdilər ki, hətta təsadüfən də olsa bir-birilərinə toxunmasınlar, toxunanda şəhvani hissləri oyanmasın. Bundan başqa, onlar bir-birilə məktub vasitəsilə ünsiyyət qururdular. Ailəni isə birdəfəlik unutmaq lazım idi.


Hər kəs sekta daxilində “izləyici partnyor”a sahib idi və öz növbəsində də kimisə izləyirdi. İnternet dünyanı ağuşuna alan illərdə isə bu sektanın xüsusi saytı yaradıldı. Dini ayinlərdən öncə onlar limon şirəsi içirdilər. Bununla da bədənlərini “təmizləyirdilər”. Onlar eyni zamanda düşünürdülər ki, genişmiqyaslı intiharları da internetin populyarlığı ilə bağlıdır. Sektanın bir çox üzvləri veb dizayner olaraq çalışırdılar.


26 mart 1997-ci ildə Kaliforniya yaxınlığında sektanın 39 üzvünün cəsədi tapıldı. Onların bədəni pudinq və meyvəli jele ilə örtülmüşdü. Onlar intihardan öncə çoxlu araq içib, daha sonra isə başlarına torba keçirərək, yuxuda ölməyi qət etmişdilər. Bu 39 nəfərin hər biri eyni cür geyinmişdi - qara köynək, qara şalvar və qara idman ayaqqabısı.


“Aum Sinrike” dini sektası - bu sektanı da Yaponiyada yaradıblar. Bu sektanın fəlsəfəsi buddizm əsasında yaranıb. “Aum Sinrike” Yaponiyada bir neçə terror aktı hazırlayıb və həyata keçirib. Bundan başqa, Tokio metrosunda partlayış törədib. Sonuncunun nəticəsində 12 nəfər dünyasını dəyişib. Məhkəmə onunla bağlı 17-yə qədər cinayət işi açıb və 2004-cü ildə onun haqında ölüm hökmü verilib.


Sevinc TELMANQIZI