BolgeXeber.Com » Media » Ozon adam-Elçin Şıxlının 60 yaşına

Ozon adam-Elçin Şıxlının 60 yaşına

4-10-2017, 17:38
Oxunub: 4 685 Ozon adam-Elçin Şıxlının 60 yaşınaFeysbuk Elçin Şıxlının doğum günündən xəbər verir

Şıxlinski Elçin İsmayıl oğlu 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, məşhur yazıçı İsmayıl Şıxlının ailəsində anadan olub. 1974-cü ildə orta məktəbi bitirən E.Şıxlinski Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin ali təhsil ocağını ingilis və alman dilləri müəllimi ixtisası üzrə bitirib.

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləyib.

1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi olub. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti , 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi vəzifəsində işləyib.

1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək “Azərbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışıb.

1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək “Ayna” – “Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışıb. 2001-ci ilin yanvarından indiyədək “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktorudur.

Elçin Şıxlinski 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Azərbaycanın “Əməkdar jurnalisti” adına layiq görülüb. Evlidir, 2 övladı var.

Elçin Şıxlinski media sferasında böyük nüfuza malik jurnalistlərdəndir. O, daima təmkinli davranışı, prinsipial mövqeyi, hadisələrə soyuqqanlı yanaşması ilə fərqlənir.

Publisist Vahid Qazi DƏ Elçin Şıxlı haqda yazı yazıb.Həmin yazını da təqdim edirik:

O, feysbukun dostum elədiyi adamlardandı! Bakıda olanda elə bir dostluğum olmayıb onunla, uzaqdan xətrini istəmişəm sadəcə. Qəribədi, Bakıda dostum olmuş nə qədər adam mən bura gələndən sonra daha dostum olmadılar. Onlar başqa, onlardan danışmıram. Sonradan dostlaşdıqlarımdan danışıram. İndi düşünürəm, onları mənə yaxın edən nədi belə?

Deyim!

Total mənəvi aşınma, maddi yoxsulluq dövrünü yaşayan cəmiyyətlərdə tək-tək adam təsəlli yeri olur. Təsəlli ümidin ölməmək üçün sığındığı ”yer”di, şaxtada adama daldalanacaq verən koma kimi, deyək.

Yolayrıcında çaşbaş qalan, döyüküb baxan, azmaq istəməyənlərə bələdçidi təsəlli adamlar.

Bəlkə də belələri bu gün cəmiyyətdə tutduqları, sərgilədikləri mövqeləriylə hansı rolu oynadıqlarını sonacan bilmirlər. Yəqin onların da duruxub qalan, yorulub duran, tərəddüd yaşayan anları olur. Bax, belə vaxtlarda onlara dəyərlərini xatırlatmaq bizim kimilərin borcudu.

Elçin atasının Azərbaycan ədəbiyyatına bəxş elədiyi Cahandar ağa yaşındadı bu gün. 60 yaşacan ləyaqətini qoruyub saxlamaq Cahandar ağaların zamanında da çətin idi. Bu gün ondan 60 qat çətindi.
Ozon adam-Elçin Şıxlının 60 yaşına

Bir gün ona yazıb rusca ”Озоновые люди” (”Ozon adamlar”) kitabımın redaktoru olmasını xahiş elədim. Redaktə də elədi, hələ üstəlik ”Ön söz” də yazdı. ”Öz söz”də kitabdan bu cümlələri sitat gətirdi: ”İctimai vicdanlı adamlardan formalaşmış ziyalı təbəqə cəmiyyətin ozon qatıdı. Bu qat nə qədər qalındısa, xalqın, cəmiyyətin ictimai azarlara immuniteti bir o qədər güclü olur. Bizimsə “ozon qatımız” süzülüb, dəlmə-deşikdi. Elə “xəstəliklərimizin” səbəbi də budu”.

Elçin Şıxlını bax o ”ozon adamlar”dan hesab edirəm. Belə adamlar həm də Vaqif Bayatlı Odər demiş ”sınıq pəncərələrə tutulmuş qəzet” kimidilər bir növ.

60 yaşın mübarək olsun, ”ozon adam”!

Vahid Qazi
4 oktyabr 2017
Trossö, İsveç