BolgeXeber.Com » Analitika » Banklarda “kəndli-şəhərli” ayrı-seçkiliyi? – KREDİT VERİLMİR

Banklarda “kəndli-şəhərli” ayrı-seçkiliyi? – KREDİT VERİLMİR

9-01-2019, 15:36
Oxunub: 6 470 Banklarda “kəndli-şəhərli” ayrı-seçkiliyi? – KREDİT VERİLMİRAzərbaycanda banklar tərəfindən verilən kreditlərin 81,68 faizi və ya 10 milyard 262 milyon 852 min manatı Bakı şəhərinin payına düşüb.

Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə ümumilikdə kredit portfelinin həcmi 12 milyard 564 milyon 150 min manat təşkil edib. İkinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. 11 ayda bu rayona 572 milyon manat həcmində kredit qoyulub ki, bu da portfeldə 4 faiz pay deməkdir. Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 510 milyon manat təşkil edir və bu rayon üçüncüdür. Gəncə-Qazax iqtisadi rayonuna 475 milyon manat, Lənkəran iqtisadi rayonuna 208 milyon manat kredit verilib.

Kredit qoyuluşunun 1,3 faizi Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin 11 ayında Quba-Xaçmaz iqtisadi rayonuna 163 milyon 871,5 min manatlıq kredit qoyulub. Kredit qoyuluşunun 1,25 faizi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb, 157 milyon manat kredit qoyulub. Naxçıvana verilən kreditin həcmi 103 milyon manat olub ki, bu da portfeldə 0,82 faiz çəkiyə malikdir. Kredit qoyuluşlarının 61 milyon 109 min manatı Dağlıq Şirvan iqtisadi rayonuna, 49 milyon 453,5 min manatı Yuxarı Qarabağ iqtisadi rayonuna, 283 min manatı Kəlbəcər-Laçın iqtisadi rayonuna düşür.

Kreditlərin orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb: 23,9 faiz. Ən aşağı faiz dərəcəsi 9,7 faiz təşkil edib və bu faizlə kredit Naxçıvana verilib.

Azərbaycanin regionlar üzrə kredit qoyuluşunda disbalans var. Halbuki kredit bazarı dövlətin qeyri-neft sektorunun inkişafında prioritet sahə kimi seçilməlidir. Bu sektorun düzgün tədqiqi və təhlili regional və beynəlxalq kredit bazarında Azərbaycanın xüsusi mərkəzlərdən birinə çevrilməsinə kömək edə bilər. Nəzərə almaq lazımdır ki, regionlar üzrə kredit faizləri daha yüksəkdir. İşsizlik səviyyəsi yüksək olan rayonlarda əhalinin gəlir əldə etmək imkanları da məhduddur. Bütün bunlar bankları regionlarda kredit verməkdə maraqsız edir.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Bakı ilə müqayisədə regionların kredit qoyuluşundakı əlçatmazlığı “Cümhuriyət” qəzetinə şərh edib. O, bildirib ki, regionlarda kreditlərin verilməsi problemi daha genişdir: “Azərbaycanda kredit sektorunda kəskin disbalans yaranıb. İqtisadiyyatımız da, yüksək gəlir götürən insanlar da əsasən, Bakı şəhərində cəmləşib. Regionların inkişafı çox ləng gedir. Təəssüf ki, bəzi yerlərdə inkişaf demək olar ki, yoxdur. Gənclərimiz rayonlarda və kəndlərdə qalıb işləmək əvəzinə, Bakıda fəhləliyə, dönər satmağa üstünlük verir. Bu da o deməkdir ki, gənclər öz regionlarında perspektiv görmür. Yaxud da həmin gənclər öz kəndlərində daha az qazanır. Nəzərə alaq ki, kənddə həmin şəxslərin öz evləri var, yəni işləsə də kirayə haqqı ödəmir. Amma o gəncin öz kəndində aldığı maaş heç bir təminatını qarşılamır. Kirayə pulu ödəsə belə, Bakıda aldığı əməkhaqqı onu qane edir. Vəziyyətin necə acınacaqlı olduğunu təsəvvür etmək heç də çətin deyil. Hesab edirəm ki, burada bankları qınamaq olmaz. Həmin regionlarda iqtisadi aktivlik də, insanların gəlirləri də aşağıdır. Buradakı əksər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı (kupça) yoxdur ki, bankda girov qoyula bilsin. Heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri aşağı olan əmlaka görə bank necə kredit versin? Hətta təminatı götürsə belə, kredit qayıtmayanda həmin daşınmaz əmlakı regionda satmaq çətindir. Daşınmaz əmlakın qiyməti çox aşağıdır. Ümumiyyətlə, bu, tək bank sektorunun yox, bütövlükdə ölkənin iqtisadi problemidir. Bakı ilə regionlar arasında çox kəskin bir disbalans var. Görünən odur ki, bu disbalansı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ilə tənzimləmək mümkün olmadı”.

“Bəzi dövlət qurumları, nazirliklər regionlara köçürülməlidir”

Ekspert hesab edir ki, mövcud vəziyyətdən çıxmaq üçün bəzi nazirliklər regionlara köçürülməlidir: “Kənd Təsərrüfatı Nazirliyini Muğana, Konstitusiya Məhkəməsini Gəncəyə, Ali Məhkəməni Lənkərana və.s. köçürmək olar. Təəssüf ki, biz inkişafı məmurların çox olduğu yerlərdə görürük. Sual olunur, Bakıda niyə iqtisadi aktivlik çoxdur. Azərbaycanda hamı bilir ki, ən çox pul qazanan məmurlardır. Bu pulu düz və ya əyri yolla qazanmaları başqa mövzunun söhbətdir. Onlar da ətrafda infrastruktur düzəldirlər. Yəni, özlərinə xidmət olunması üçün ətrafda restoranlar, istirahət mərkəzləri və.s obyektlər işləyir. İnsanların da həmin iaşə obyektlərində məşğulluğu təmin olunur. Hesab edirəm ki, bir neçə şəhərlər qlobal mərkəz elan olunmalı və bir sıra mühüm dövlət orqanları həmin yerlərə köçürülməlidir. Bundan sonra istər-istəməz həmin regionlarda aktivlik yaranacaq. Bu zaman insanlar orada pul qazanmağa başlayacaq ki, bundan sonra da onlara kredit vermək mümkün olacaq.

Etiraf edək ki, Azərbaycan xalqında şöhrətə meyillilik var. Xoşlayırıq ki, Bakıda, özü də şəhərin mərkəzində yaşayaq. Bu, prestijli sayılır. Sabah hamı görsə ki, nazirlər, məhkəmə hakimləri regionlarda yaşayır, “deməli, orda da yaşamaq olar, gedək biz də yaşayaq” təfəkkürü start götürəcək. Bir sıra ölkələrdə bu praktika var. İnformasiya texnologiyaları şəraitində dövlət idarəçiliyi üçün heç bir problem yaranmayacaq. Yəni, həmin dövlət orqanlarının işində problem çıxmayacaq. Hazırda dövlətimiz də “Elektron hökumət” və ya “Elektron məhkəmə” informasiya sisteminin yaradılması istiqamətində işləri davam etdirir. Azərbaycanda 10 ildən çoxdur ki, dövlət başçısı regionların inkişafı ilə bağlı fərman verib. Təəssüf ki, məmurlarımız dövlət başçısının bu göstərişlərinə əməl etmirlər. Son nəticədə regionlar inkişafdan qalır. Ona görə də çıxış yolu strateji əhəmiyyətli dövlət orqanlarını regionlara köçürməkdir”.